Palliativ tibbi yardım və qayğı

Palliativ latın palio (örtürəm, qoruyuram), pallium (örtük, plaş) yardım – ixtisaslaşmış tibbi müalicə məhdud nəticələr verdiyi zaman sağalmaz xəstəlik diaqnozu qoyulmuş xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə xəstələrə və onların ailə üzvlərinə göstərilən çoxsahəli xidmətlərin əlaqələndirilmiş, uzlaşdırılmış sistemidir. PY-nin bədxassəli şiş xəstəliklərinin simptomatik müalicəsinə yönəldilmış kimi ilkin anlamından fərqli olaraq, hal-hazıra bu anlayış onkoloji xəstələr də daxil olmaqla, müalicəsi mümkün olmayan istənilən xronik xəstəliyin həyat üçün təhlükəli mərhələsində olan pasiyentləri də əhatə edir. Buna görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2002-ci ildə PY-nin tərifini genişləndirmişdir: “Palliativ yardım ağrı və digər fiziki, psixo-sosial və mənəvi problemlərin erkən aşkar edilməsi, düzgün qiymətləndirilməsi və müalicəsi vasitəsilə əzab-əziyyətin qarşısının alınması və yüngülləşdirilməsi ilə həyat üçün təhlükəli olan xəstəliklə bağlı problemlərlə üzləşən xəstələrin və onların ailələrinin həyat keyfiyyətini yaxşılaşdıran bir yanaşmadır.” Bu prosesdə xəstələrin istək və arzuları, habelə sosial, psixoloji və mənəvi-ruhi ehtiyacları əsas götürülür.