Haqqımızda
Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə edir. Bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən – səhiyyədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ölkəmizdə səhiyyə siyasətinin inkişafına dəstək verərərək, səhiyyə sahəsində həyata keçirilən strategiya və tədbirlər barədə, həmçinin xəstəliklərlə mübarizə, profilaktika ilə bağlı informasiyanın yayılması və toplanması ilə məşğuldur.
İctimai səhiyyə dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin xidmətlərinə nəzarətlə yanaşı, milli səhiyyə sisteminin fəaliyyətinə aid olan – sağlamlığa birbaşa və ya dolayı yollarla təsir edən amillərə nəzarət, sağlam həyat tərzinin təbliği və dəstəklənməsi, sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün strategiyaların, səhiyyə proqramlarının hazırlanması, əhalinin tibbi xidmətlərlə təminatında sosial bərabərliyin təmin edilməsi, səhiyyə siyasəti, iqtisadiyyatı və s. kimi daha geniş aspektləri əhatə edən mütəşəkkil fəaliyyətlər nəzərdə tutulur.
Eyni zamanda, İSİM Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təklifləri hazırlayır.
Əhalinin sağlamlığının qorunması sahəsində İSİM tərəfindən müntəzəm olaraq profilaktik tədbirlər həyata keçirilir, müxtəlif maarifləndirici çap materialları (plakat, buklet, vərəqə və s.) hazırlanaraq çap edilir, bu istiqamətdə sosial çarxlar çəkilir, mobil əlavələr hazırlanır, sosial şəbəkələrtdə daim təbliğat aparılır.
Tibbi maarifləndirilmənin və əhali arasında məlumatlılığın artırılması məqsədi ilə İSİM tərəfindən bir neçə sayt yaradılaraq istifadəyə verilıib:
Siz www.isim.az saytının Resurslar bölümünə daxil olaraq müxtəlif maarifləndirmə materialları ilə tanış ola bilərsiniz.
İSİM tərəfindən hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” internet portalında məktəblilərin sağlam böyüməsi və inkişafı üçün faydalı maarifləndirici materiallar toplanıb.
Portal Uşaq, Valideyn və Müəllim bölmələrindən ibarətdir. Ümumi olaraq portala 580-dən artıq məqalə, 200-dən çox maarifləndirici çap materialı, 131 videoçarx, 30-dan çox infoqrafika və uşaqlar üçün maarifləndirici oyunlar yerləşdirilib. Portal Azərbaycan və rus dillərində təqdim olunur.
Portalın materialları əsasında hazırlanan “Sağlam uşaq” mobil əlavəsi də istifadəyə verilib. Mobil əlavəni AppStore və PlayMarket vasitəsilə mobil cihaza yükləyərək faydalana bilərsiniz.