UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Palliativ yardımın əsasları

PY-nin aşağıdakı əsasları mövcuddur:

  • PY göstərən personal və pasiyent arasında qarşılıqlı münasibət. PY göstərən personal pasiyentlə və onun qohumları ilə əhəmiyyətli partnyor münasibətlərində olduğu üçün əməkdaşlıq münasibətlərini saxlamalıdır. Yaxşı olardı ki, yardımın planlaşdırılması və göstərilməsi prosesində pasiyentin imkanlarından və təcrübəsindən istifadə olunsun. Buna görə yardım göstərənlər pasiyentdə sarsılmazlıq, möhkəmlik kimi xüsusiyyətlərin inkişaf etməsinə çalışmalıdırlar.
  • Sarsılmazlıq, möhkəmlik – pasiyentin sağalmaz xəstəliklə yaşamaq və bu xəstəliklə bağlı problemləri həll etmək, həyatdan getdiyi üçün gələcək planlarını dəyişmək zərurətini psixoloji olaraq qəbul etmək qabiliyyətidir.

Sarsılmazlıq, möhkəmlik konsepsiyası insanın məqsəd və istiqamətinin acılıq/itki hissindən (fikrin ağır simptomlarda, problemlərdə, həyatın tükənməsində cəmlənməsi) mövcud resurslarla arxalanaraq davamlılıq hissinə yönəlməsidir.

  • Həyat keyfiyyəti. PY-nin əsas vəzifələri pasiyentin həyat keyfiyyətini mümkün olduğu qədər himayə etmə və qorunmasına yönəldilib. Lakin “həyat keyfiyyəti”nin nə olduğunu yalnız PY-yə ehtiyacı olan pasiyentin özü təyin edə bilər. Xəstəlik inkişaf etdikcə “həyat keyfiyyəti”nin göstəriciləri və tərkib hissələri də dəyişə bilər. Həyat keyfiyyəti orqanizmin funksiyalarının pozulması dərəcəsindən daha çox faktiki vəziyyətlə ümidlərin uyğunsuzluğunun dərk edilməsindən asılıdır.

ÜST-nin tərifinə görə həyat keyfiyyəti – fərdin yaşadığı mədəniyyət və maddi sərvətlər (dəyərlər) sistemində həyatda tutduğu yerin məqsədlərə, normalara, gözləntilərə, qayğılara uyğunluğunun dərk edilməsidir. Həyat keyfiyyəti insan üçün vacib olan və onun həyatına təsir edən fiziki, sosial və emosional faktorlarla müəyyən olunur. Həyat keyfiyyəti insanın həm öz daxilində, həm də onu əhatə edən cəmiyyət çərçivəsində komfortluq, rahatlıq dərəcəsidir. Həyat keyfiyyətinin əsas meyarlarını 6 qrupa bölmək olar (The World Health Organization Quality of Life (WHOQOL)):

  1. fiziki
  2. psixoloji
  3. müstəqillik səviyyəsi
  4. ictimai həyat
  5. ətraf mühit
  6. mənəviyyat

 

  • Həyata və ölümə yanaşma. PY həyatı təsdiq edir və ölümü təbii proses hesab edir. Ölüm həyat kimi vacib hadisə sayılır, həyatın bir hissəsi hesab edilir. Evtanaziya* və ya həkim vasitəsilə intihar PY vəzifələrinə aid olmamalıdır (Əlavə 1).
  • Ünsiyyət. Keyfiyyətli PY göstərmək üçün personal səmərəli ünsiyyət bacarıqlarına malik olmalıdır. Ünsiyyət dedikdə, pasiyent və tibb işçiləri, pasiyent və onun qohumları, həmçinin müxtəlif tibbi mütəxəssisləri arasında qarşılıqlı əlaqə nəzərdə tutulur. Məmnuniyyətsizlik və şikayətlər əsasən xidmətlərin keyfiyyətindən yox, qeyri-səmərəli ünsiyyətlə şərtlənir. Sübut olunub ki, səmərəli ünsiyyət göstərməklə PY keyfiyyətini artırmaq olar. PY zamanı ünsiyyət yalnız informasiya mübadiləsi deyil. Ünsiyyət zamanı çətin, bəzən ağrılı məsələləri müzakirə etmək məcburiyyətində olunur, bu da vaxt, səmimilik və şəfqət tələb edir. PY şöbələrinin əməkdaşlarının qarşısında çətin vəzifə durur: bir tərəfdən pasiyentə tam və dürüst məlumat verilməsinə, digər tərəfdən ölümün yaxınlaşmasına baxmayaraq, onun pozitiv proqnoz/yaşama ilə bağlı ümidlərinə hörmətlə yanaşmaq.
  • İtki və dərd içində olma müddəti. PY-nin ən əsas elementlərindən biri ailənin xəstəni itirdikdən sonra dərd içində olduğu vaxtdır. PY göstərilməsi xəstənin ölüm anında sona yetmir. Bu zaman yardımın digər mərhələsi başlayır, burada xəstənin ölümündən sonra onun qohumları və yaxın adamlarına psixoloji dəstəyin təminatı nəzərdə tutulur.

Dərd, iztirab içində olan qohumlara xidmətlər PY komandasının kompetent, peşəkar personalı tərəfindən koordinasiya edilir və həyata keçirilir. Belə şəxslərə xüsusi hazırlanmış könüllülər tərəfindən dəstək təmin edilir. Könüllülərə, öz növbəsində, PY üzrə peşəkar komanda nəzarət edir.

Ailəyə göstərilən PY xəstənin ölümündən sonra
dayandırılmamalıdır.

Tövsiyə olunur ki, çoxsahəli PY komandasında işləyən psixoloq xəstənin ölümündən sonra 12 ay müddətindən az olmayaraq, onun dərd içində olan qohumlarına yardım və məsləhətləri onların ehtiyacları əsasında təmin etsin.

Ağır itki zamanı kədər içində olan insanda patoloji vəziyyətin inkişaf etməsi riski qiymətləndirilir. Qiymətləndirmə pasiyentin xəstəlik müddətində başlanır və dəfələrlə təkrarən aparılır. Məlumdur ki, dərd və itki ilə bağlı psixoloji problemlər tədricən ağır xəstəliklə birgə inkişaf edir.

Psixoloji dəstək zamanı aşağıdakılar əhatə oluna bilər:

  • fərdi və ailəvi məsləhətləşmələr
  • xəstənin istənilən yaşda olan qohumlarına dəstək
  • xəstənin ailəsinə başçəkmələr
  • telefonla dəstək verilməsi imkanı
  • planlaşdırılmış yazışmalar
  • anma və dəfn xidmətləri
  • mənəvi-ruhi dəstək
  • maarifləndirici kurslar

 

*“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 38-ci maddəsinə əsasən Azərbaycanda evtanaziya qadağandır.