İlk yardımın göstərilməsi qaydaları

İlk yardım dedikdə, təsadüfi şahid tərəfindən (və ya zərərçəkənlə) minimal tibbi ləvazimatlarla və ya onsuz (əl altında olan vasitələrlə), vəziyyəti qiymətləndirdikdən sonra göstərilən yardımı nəzərdə tutur. Müəyyən kateqoriyaya aid olan şəxslər üçün ilk yardımın göstərilməsi müvafiq qanun və qaydalara əsasən vəzifə borcu hesab olunur. Bunlar Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Daxili İşlər Nazirliyinin,  Dövlət Yol Polisinin və s. qurumların əməkdaşları, hərbiçilər, əməyin mühafizəsi mütəxəssisləri, tibb işçiləri, hadisənin şahidləri, nəqliyyat vasitələrinin sürücüləri və sairə şəxslərdir. Hadisənin şahidi hadisə yerində nə edəcəyini bilmədikdə və ya zərərçəkənə (xəstəyə) lazımi yardım göstərmək iqtidarında olmadıqda, o,  kömək çağırmalı və sonra təcili tibbi yardım xidmətini aktivləşdirməlidir. Bunun üçün təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 103 nömrəli telefon nömrəsinə və ya Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “112 məsləhət və kömək üçün müraciət etməlidir. Belə müraciət ilk yardımın tərkib hissəsidir. İlk yardımın göstərilmə texnikası və qaydaları haqqında bu səhifədə ətraflı biliklər əldə edə bilərsiz.

MƏQALƏLƏR
VİDEOLAR
Bunu hər kəs bilməlidir: İlk yardım

   

TEZ-TEZ VERİLƏN SUALLAR

Parenximatoz qanaxma nə deməkdir?

Parenximatoz qanaxma parenximatoz orqanların (baş beyin, ağciyər, qaraciyər, mədəaltı vəzi, ağciyər, dalaq, böyrəklər, daxili sekresiya endokrin vəziləri) zədələnməsi zamanı müşahidə olunur. Bu orqanlar qan damarları və kapilyarlarla zəngindir. Parenximatoz orqanda zədələnmiş damarlar yığılmır və toxuma vasitəsilə sıxılmır. Bu zaman bütün yara səthindən qan axır. Ona görə qanaxma güclü, həyat üçün təhlükəli olur. Belə qanaxmalar uzunmüddətli və çox miqdarda olur. Bu cür qanaxmaları saxlamaq adi üsullarla çox çətindir. Qan adətən boşluqlara yığılaraq, orada toplanır (daxili qanaxma).

Qanaxmanın əlamətləri hansılardır?

Ağır daxili qanaxmada xarici qanaxmadakı kimi eyni əlamətlər mövcuddur:

- narahatlıq və ya yorğunluq hissi;

- zəif və sürətli nəbz (böyüklərdə dəqiqədə 100 vurğudan artıq);

- dəri avazıyır, soyuq və nəmli olur;

- tənəffüs tezləşir, təngnəfəslik əmələ gəlir;

- zərərçəkəndə ümumi tormozlanma baş verir, huş itir.

Nəbz dəqiq haradan təyin edilir?

Nəbz yuxu və bud arteriyasında yoxlanılır. Körpələrdə (29 gündən 1 yaşadək) və yenidoğulmuşlarda nəbz bazu arteriyasında təyin edilir.

Dil tənəffüs yolunu tutubsa xəstəyə doğru olaraq necə kömək etmək lazımdır? Adətən hansısa əşya vasitəsilə dili qarşıya çəkməyə çalışırlar. Bu doğrudur?

Huş itdikdə tənəffüs yollarının tutulmasının əsas səbəbi dil olur. Huş itirildikdə əzələ tonusu (əzələ gərginliyi) zəifləyir, çənə və boyun əzələləri bоşаlır, arxası üstə uzanmış zərərçəkənin dilinin kökü arxaya və aşağıya, qırtlaq qapağının üzərinə sallanıb tənəffüs yollarının tutulmasına səbəb olur. Dil alt çənəyə birləşdiyi üçün alt çənə qabağa çəkildikdə dil yuxarı qalxır və tənəffüs yolları açılır.  Dillə tutulan tənəffüs yolu iki üsulla açılır: 1. “bаş аrхаyа, alt çənə irəli” – bаşı аrхаyа əyibalt çənəni irəli çəkmək (əsas üsul); 2. “alt çənə irəli” – başı arxaya əyməyib, alt çənəni irəli çəkmək. Ağız boşluğuna yad cisim salaraq dili qabağa çəkməyə çalışmaz olmaz.