UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Yanıqlar

Yanıq – istilik, elektrik cərəyanı və ya kimyəvi maddələrlə təmas nəticəsində meydana gələn xəsarətdir. Yanıqlar yaralanmaların bir növüdür.

 Yanıqların mənbəyinə görə təsnifatı

 Zədələnməni törədən agentin xüsusiyyətindən asılı olaraq yanıqları belə bölmək olar:

» termiki – termiki amilli mayelərin, bərk, qazabənzər faktorların və alovun təsirindən yaranan yanıqlar;

» kimyəvi – turşuların, qələvilərin, ağır metal duzlarının təsirindən yaranan yanıqlar;

» elektrik – müxtəlif gərginlikli elektrik cərəyanı ilə kontakt nəticəsində meydana gələn yanıqlar;

» şüa – atom bombasının partlaması zamanı yaranan yanıqlar;

» günəş – günəş şüalarının birbaşa təsirindən meydana gələn yanıqlar.

Termiki yanıqlar zamanı istinin təsirindən orqanizmin dəri və selikli qişaları zədələnir. İstinin təsirindən yaranan termiki yanıqlara tez-tez rast gəlinir. Yanmalar zamanı isti məhlulun, buxarın və ya alovun geyimlə təmasda olması nəticəsində yanıq daha ciddi nəticələr verir, çünki geyim istiliyi özündə saxlayır və onun dəriyə təsir müddətini artırır. Qaynar yağ çətin soyuyur və onun dəridən kənar edilməsi çətindir. Buxar ciddi yanıqlara səbəb ola bilər. Qaynayan suya nisbətən buxarda daha çox istilik enerjisi vardır.

Məişətdə istifadə olunan elektrik cərəyanı və ya ildırım kimi elektrik mənbələri bədənə daxil olub xarici və daxili yanıqlar yarada bilər. Elektrik cərəyanı həmçinin ürək-damar sisteminə, beyinin tənəffüs və ürək döyüntüsünü tənzimləyən mərkəzinə də təsir göstərir.

Müəyyən kimyəvi maddələr dəri ilə təmasda olduqda yanıq əmələ gətirə bilərlər. Yanıqlar dərinin açılmasına və bununla da infeksiyaya, maye itkisinə və bədən temperaturunu tənzimləyən funksiyanın  pozulmasına gətirib çıxarır.

Yanıqların tənəffüs sistemini və gözləri də zədələməsi mümkündür.

 Yanıqların dərinliyinə görə təsnifatı

 Yanıq baş verən ilk günlərdə zədələnmənin həqiqi dərinliyi barədə fikir söyləmək çətindir. Bunu yalnız qartmaq qopduqdan sonra etmək mümkündür. İlkin yardım göstərilərkən zədələnmənin dərəcəsi təxmini müəyyən olunur və bu zaman onun ağır formasını nəzərdə tutmaq daha yaxşıdır.

Azərbaycanda istifadə olunan təsnifata görə termiki yanıqlar dərinliyinə görə 4 dərəcəyə bölünür.

-  I dərəcəli yanıqlar.

Epidеrmisin ən səthi qatının yanması nəticəsində aydın sərhədli hiperemiya və ağrı olur. Yanmış dəri quru, hiperemiyalı (qırmızı rəngdə) olur və güclü, batıcı (iynəşəkilli) ağrılarla müşayiət olunur.Bir sıra hallarda şişkinlik (ödem) olur, suluqlar müşahidə edilmir. Günəşdən yanmaların əksəriyyəti səthi yanıqlar hesab olunur. Günəşdən yanma çox güclü olduqda da, zərərçəkənlər adətən xəstəxanaya yerləşdirilmir, hiperemiya və ödem isə 2–3 gün ərzində keçir. Belə yanmalar əsasən iz buraxmadan, 6–7 gün ərzində sağalır. I dərəcəli yanıqlar bədən səthinin dəri örtüyünün 50%-dən çox hissəsini əhatə etdikdə həyat üçün təhlükəli hesab olunur.

- II dərəcəli yanıqlar.

Epidermisin bazal hüceyrələrindən yuxarı qatlarının yanması nəticəsində suluqlar formalaşır və dəriyə tохunduqdа ağrı olur. Zədələnmə sahəsində hiperemiya (qızarma), ödem (şişkinlik), epidermisin soyulması baş verir, içərisində şəffaf maye olan nazik divarlı suluqlar əmələ gəlir. Suluqların tamlığı pozulan zaman çəhrayı rəngli yarasəthi görünür. Güclü ağrılar, ödem 3–4 gün ərzində azalır, yaranın kənardan epitelizasiyası (dəri toxumasının epiteli ilə örtülməsi) başlayır. 10–14 gün ərzində tam sağalma baş verir. Dərinin piqmentasiyası 6–8 həftəyə keçir. II dərəcəli yanıq zərər çəkənin dəri örtüyünün 15–20%-ni əhatə edibsə, bu ölümlə nəticələnə bilər.

 - III dərəcəli yanıqlar.

IIIA – epidermis və dermanın səthi qatları cəlb olunur. Bu zaman bazal hüceyrələrin adacıqlar şəklində bir hissəsi, tük, tər və piy follikulları zədələnmir, lakin suluqlar formalaşır. Dəriyə toxunduqda ağrılı olur, 4–21 gün ərzində sağalır. 4–6 həftədən sonra dərinin yanıqdan kənar hissəsindən və zədələnməyən bazal hüceyrələrin adacıqları hesabına dəri bərpa olunmağa başlayır. Yanıq yarası epitelizasiya olunur (dəri toxuması ilə örtülür) və sağalma baş verir. Lakin davamlı piqmentləşmə və hipertrofik çapıqlar qalır.

IIIB – dərinin bütün qatları epidermis, o cümlədən bazal hüceyrələr, derma və dərialtı piy qatı zədələnir. Yara tədricən təmizlənir və 3–4-cü həftələrin sonunda təzə kobud toxumalarla örtülür (qranulyasiya olunur).  Bu cür yaraların yerini bədənin digər sağlam hissəsindən dəri köçürməklə sağaldırlar. III dərəcəli yanıq zərərçəkənin dəri örtüyünün 15–20%-ni əhatə edibsə, bu, ölümlə nəticələnə bilər.

- IV dərəcəli yanıqlar.

I–II–IIIA dərəcəli yanıqlarda dəri epidermisin bazal hüceyrələrinın saxlanılması hesabına bərpa oluna bilir və bu yanıqlar səthi yanıqlar qrupuna aid edilir. IIIB–IV dərəcəli yanıqlar dərin yanıqlardır. Dərin yanıqlar bir neçə aya sağalır. Yaralar kiçik sahədə olduqda öz-özünə sağala bilər. Zədələnmə sahəsi böyük olduqda, xüsusilə yaralar oynaq nahiyələrini əhatə etdikdə dəri tamlığının bərpası yalnız operativ yolla aparılır.

Amerika Birləşmiş Ştatlarında və digər xarici ölkələrdə dəri və toxumaların zədələnmə dərəcəsindən asılı olaraq yanıqlar üç dərəcəyə bölünür.

- I dərəcəli yanıqlar. Epidеrmisin ən səthi qatının yanması nəticəsində hiperemiya və ağrı olur.

- II dərəcəli yanıqlar. Suluqlar formalaşır və dəriyə tохunduqdа ağrı olur. İki forma ayırd edilir: səthi və dərin. Səthi formada bazal hüceyrələr, dermadakı tük follikulları, tər və piy vəziləri zədələnmir, dərin formada isə zədələnir. Səthi formada yаrа 14–21 gün ərzində sağalır, dərin formada isə 3–4 həftə vахt tələb оlunur və yanıq izlərinin qalma ehtimalı var.

- III dərəcəli yanıqlar. Dərinin bütün qatları ilə bərabər dəri altında olan bütün toxumalar (piy qatı, əzələlər, sinirlər, vətərlər və sümüklər) məhv olur.

Yanığın dərəcəsi aşağıdakılardan asılıdır: yanıq törədən mənbənin temperaturu, hərarətin təsirinə məruz qalma müddəti, yanıq nahiyəsi, yanığın sahəsi, zərərçəkənin yaşı və sağlamlıq vəziyyəti. Ümumi halda, yaşı 60-ı ötmüş insanların dərisi kövrək olduğu üçün, kiçik yaşlı uşaqların isə dərisi zərif olduğuna görə bunlarda dərin yanıq ehimalı artmış olur.

Aşağıdakı hallarda dərhal təcili tibbi yardım xidmətini aktivləşdirin:

- yanıq sahəsi zərərçəkənin 5 əl pəncəsi səthindən artıq olduqda;

- yanıq xəsarəti almış uşaq və ya yaşlı insan olduqda;

- III-cü və IV-cü dərəcəli yanıqlar zamanı;

- qasıq nahiyəsi yandıqda;

- ağız, burun, baş, tənəffüs yolları yandıqda;

- iki ətrafdan artıq nahiyə yandıqda.

Yanıqlar zamanı ilk yardım

Yanıqlar zamanı ilk yardımın tez və düzgün göstərilməsi sonrakı müalicənin nəticəsinə birbaşa təsir edir. Yanıq xəsarəti almış zərərçəkənə ilk yardım göstərilməsinin şərtləri həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilməsidir.

DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.

Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.

Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.

Yardım göstərərkən xilasedici DRCABD alqoritmini ardıcıl olaraq mərhələ-mərhələ yerinə yetirməlidir: “Diqqət təhlükə!”;  “Reaksiya

(huşu qiymətləndirmək, huş itibsə köməyə çağırmaq)”, “Canlandırma – qan dövranının bərpası”, “Açıq tənəffüs yolları”, “Birbaşa nəfəs vermək” və “Defibrilyasiya” mərhələsi.

Yanıqlara qulluq zamanı aşağıdakı əsas dörd qaydaya əməl edin: yanmanı dayandırmaq üçün yanıq nahiyəsini soyudun; infeksiyanın qarşısını almaq üçün yanmış nahiyəni steril salfetlə örtün; zərərçəkəni soyuqdan və ya istidən qoruyun; rahatlıq yaratmaqla şok ehtimalını azaldın.

Yanıqlarda nə etmək lazımdır.

1. Yanğın vaxtı yardım göstərərkən ən əsası: özünüzü qurban verməyin!

Hadisə yerinin təhlükəsiz olduğunu yoxlayın. Əsas amilləri qiymətləndirdikdən sonra fikrinizi partlayış, yanğınla müşayiət olunan yol nəqliyyat qəzası, yüksək gərginlikli elektrik cərəyanı zədələrinə yönəldin. Qazı və elektrik cərəyanını şəbəkədən ayırın. Tüstüdən qorunmaq üçün aşağı əyilin.

2. Hadisə yerinə təcili tibbi yardım və müvafiq xidmətləri cəlb edin.

3. Termiki zədələnməni törədən agentlə zərərçəkənin kontaktını kəsin:

- zərərçəkəni alovdan uzaqlaşdırın;

- ilk növbədə alışmış paltarı söndürün;

- alov içində olan zərərçəkənin qaçmasına imkan verməyin, onu dayandırın (alovun küləyin təsiri ilə daha çox alışıb yayılmaması üçün zərərçəkənin aşağı əyilməsini tələb edin);

- alovun sönməsi üçün zərərçəkəni yerdə diyirləndirin və ya elə bir əşyaya (yaş palto, yorğan, ədyal və s.) bükün ki, onun köməyi ilə alov sönsün və sonra həmin əşyanı zərərçəkənin üstündən asanlıqla götürmək mümkün olsun;

- zərərçəkəni su və ya yanğınsöndürənlə söndürün.

4. Alovdan azad olan kimi zərərçəkənin vəziyyətini qiymətləndirin. Yanığa məruz qalmış zərərçəkənə göstərilən yardım hər hansı digər travmada göstərilən yardımla eynidir. Daim tənəffüs yollarını, tənəffüsü və ürək döyüntülərini nəzarətdə saxlayın. Tənəffüs yollarının qiymətləndirilməsinin mərhələləri digər travmalara məruz qalmış zərərçəkənlərdə olduğu kimidir. Əgər ehtiyac vаrsа, bоyun və оnurğаnı immоbilizаsiyа еdib, zərərçəkənin xəstəxanaya çatdırılmasını təmin edin. Çalışın ki, xəsarət alana təmiz hava çatsın. Onu arxası üstə uzadın, başını azacıq arxaya əyin, çənəsini qaldırın. Arxayın olun ki, sərbəst tənəffüsə maneçilik amili yoxdur. Əgər zərərçəkənin tənəffüsü yoxdursa, süni tənəffüsə başlayın. Əgər nəbzi yoxdursa, təcili reanimasiya (diriltmə) tədbirlərinə başlayın. Yanıqla yanaşı, zədələri də müalicə еdin. Fikrinizi yаlnız yanıqda cəmləməyin!

5.Bütün zərərçəkənlərə ilkin olaraq nəmləndirilmiş 100%-li oksigen verin, tənəffüs çətinliyi yoxdursa, uzadın və hərəkətlərini məhdudlaşdırın. Mümkündürsə, yanmış sahəni ürək səviyyəsindən yuxarı qaldırın. Əgər oksigenin verilməsinə baxmayaraq tənəffüs çatışmazlığı baş verərsə, zərərçəkəni intubasiya etmək üçün tez xəstəxanaya çatdırın.

6. Zədələnmiş sahəni soyuq su və ya kriopaketlə (kryos – yunan sözü olub soyuq, buz deməkdir) 60 dəq. və daha çox müddət ərzində soyudun:

-   istiliyin ötürülməsi davam edirsə, paltarları və ya yaranı soyuq su ilə və ya fizioloji məhlulla isladın, yanma prosesini dayandırın;

-   zədələnmiş sahəni azı 20 dəqiqə (ağrı dayanana qədər) soyuq (8–15°C) axar su altında saxlayın (bu, dərinin soyumasına, ağrının azalmasına səbəb olur və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır;

-   insan bədəninin çox hissəsi yandıqda, zərərçəkəni təmiz, ütülənmiş mələfə, döşəkağı ilə bürüyüb, daha sonra üstünü ədyalla örtüb, ona antihistamin (suprastin, klaritin və s.), ağrıkəsici dərmanlar verib, duz qatılmış su içirtmək (1 litr suya 1 çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır.

Bilavasitə suya batırıla bilməyən müxtəlif sahələrə (məsələn, yanmış üzə) nəm dəsmal, mələfə və ya digər örtük qoymaq olar. Belə kompresin soyuq və nəm olmasına əmin olun və vaxtaşırı su əlavə etməklə onun nəmliyini təmin edin, əks halda kompresin nəmliyi dəri tərəfindən tez udularaq yanmış nahiyəyə yapışa bilər. Əgər kimyəvi yanıq baş vermişsə, çохlu miqdаrdа su ilə yumаğı dаvаm еdin.

7. Zərərçəkənin zinət əşyalarını və paltarını çıxarın. Bədənin yanıq yerini paltardan azad edin, bunun üçün yanıq yerinə yapışmış hissəyə toxunmadan onun ətrafından paltarı kəsib çıxarın. Nəzərə alın ki, alt paltarlar dəriyə yapışa bilər. Əgər paltarı dəridən ayırmaq çətindirsə, paltarı qoparmağa çalışmayın. Ümumiyyətlə, yaraya hər hansı bir əşya yapışıbsa, onu çıxartmayın. Yanıq yarasının sahəsini və yaranın dərinliyini qiymətləndirin.

8. Dəri su ilə soyudulduqdan sonra, yanmış hissələrin sonrakı çirklənməsinin qarşısını almaq üçün yanıq sahəsini steril bint və ya quru, yanıq hissələrinə yapışmayan, xovu olmayan steril və ya yumşaq, təzə ütülənmiş parça ilə yüngülcə sarıyın və ya örtün. Sarıq ilə yanmış səthi sıxmayın. Yanıqlar çox zaman həssas sinir uclarını üzə çıxardır. Yanmış sahəni havadan qorumaq və ağrını azaltmaq üçün örtün. Yanığın üstünün örtülməsi eyni zamanda infeksiyanın qarşısını almağa imkan verir.

9. Ağrını kəsmək üçün diklofenak, ketonal, algikey və s. dərman vasitələrindən istifadə edin.

10. Zədələnmiş sahəni yerli olaraq anestezin, novokainlə işləyin.

11. Antiseptik məhlullar hopdurulmuş salfetlərlə aseptik sarğı qoyun.

12. Əgər zərərçəkən elektriklə kontaktdadırsa, onu quru cərəyan keçirməyən materialın (taxta və s.) köməyi ilə istilik və elektrik mənbəyinin təsirindən azad edin. Əgər partlama təhlükəsi varsa, öz təhlükəsizliyinizi unutmamaq şərti ilə, zərərçəkəni təcili olaraq həmin ərazidən uzaqlaşdırın.

13. Yanığa məruz qalmış zərərçəkənlər soyuqdəyməyə qarşı həssas olurlar. Zərərçəkəni hava axınından qorumaqla normal bədən temperaturunu saxlamaq mümkündür. Şok əlamətləri mövcuddursa, zərərçəkəni ədyala və ya paltoya bükün. Unudmayın ki, yanmış zərərçəkənin bədəni həddən artıq soyuyarsa, onda hipotermiya (aşağı bədən temperaturu) yarana bilər. Yanıq yerini örtün.

14. Kiçik sahəli II dərəcəli yanıqları sarımaq və ambulatoriya şəraitində müalicə etmək olar. Sahəsi 20%-dən çox yanıqla olan zərərçəkənlər mütləq hospitalizasiya olunmalıdır. III dərəcəli yanıqlarda barmaqların zədələnməsi zamanı onları ayrı-ayrı sarımaq (“cəngavər əlcəyi”) və yanığı törədən agentdən və zədələnmə sahəsindən asılı olmayaraq hospitalizasiya etmək lazımdır. Mümkünsə, yаnıq mərkəzinə göndərin.

15. Yanığa məruz qаlmış zərərçəkən barədə lazımi məlumat toplayın. Buraya yаnığın növü (аlоv, kimyəvi mаddə, еlеktrik cərəyаnı, pаrtlаyış), hər hаnsı müştərək trаvmа, zədələnmə vахtı və əgər hаdisə qаpаlı mühitdə bаş vеribsə, tüstü ilə kontakt müddəti hаqqındа məlumаt аiddir.

16. Ödemin qarşısını almaq üçün aşağı ətrafları qaldırın.

17. Теtаnus əleyhinə zərdаb vurun.

18. Üz yanıqlarını örtməyin. Zərərçəkəni başı qaldırılmış vəziyyətdə uzadın.

19. Göz yanıqları zamanı 48 saat ərzində vaxtaşırı gözləri çoxlu miqdarda fizioloji (0,9%-li) məhlulla yuyun və gözə quru sarğı qoyun. Zərərçəkənləri mütləq xəstəxanaya çatdırın.

Yanıqlarda nələri etmək olmaz

» Yanıq səthə əllə toxunmaq.

» Dəridəki suluqları zədələmək (deşmək), çünki yarılmamış dəri infeksiyanın qarşısını alır.

» Yaranın üzərinə heç bir yağ, yağlı məlhəm, vazelin, losyon, maz və digər yağlı maddələr qoymayın. Maz və  yağ ağrını yüngülləşdirmir və hətta istilikdən dəriyə yapışdığına görə, sonradan onun yaradan təmizlənməsi çətinliklər törədir, lazımi müalıcəni aparmağa imkan vermir.

» Yaranın üzərinə buz qoymaq, çünki buz yanmış nahiyəni zədələyə bilər.

» Yanıq yerinə yumurta sürtmək.

» Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı (“zelyonka”), kalium permanqanat və digər bu tipli antiseptik-ləri sürtmək.

» Yanıq sahəsini sidiklə “təmizləmək”.

» Yaraya sürtkəcdən keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi vasitələr qoymaq, çünki bu zaman siz yaraya infeksiya sala bilərsiniz.