UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

İlk yardımın əsasları

Zərərçəkənə ürəyin və tənəffüsün qəfləti dayanmasının (klinik ölümün) ilk dəqiqələrində hadisə yerində ilk yardımı ancaq bədbəxt hadisənin bilavasitə şahidi göstərə bilər. Çox vaxt hadisə baş verərkən yaxınlıqda heç kim olmur və ya zərərçəkən gec aşkar olunur.

Döş qəfəsinin kompressiyası, tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi və ağciyərlərin süni ventilyasiyasının birgə aparılması ürək-ağciyər reanimasiyası (ÜAR) adlanır. Reanimasiya – yenidən həyata qaytarma, diriltmə, canlandırma deməkdir. Ürəyin qəfləti dayanmasının ilk 4–6 dəqiqəsində (klinik ölüm vaxtı) aparılan ÜAR zərərçəkənin həyat fəaliyyətini bir müddət təmin edir və bəzi hallarda qəflətən öləni yenidən həyata qaytarır (dirildir). Ürəyin defibrilyasiyası diriltmə şansını artırır. Qəfləti ölənin ürək fəaliyyəti, tənəffüsü və huşu bərpa olunarsa o, yenidən həyata qaytarılmış hesab olunur.

Ürək-ağciyər reanimasiyasının defibrilyasiya ilə birgə aparılması ilk yardımın əsasını təşkil edir və DRCABD alqoritmində öz əksini tapmışdır.

 DRCABD həyat fəaliyyətini təmin edən əsas tədbirlər alqoritmidir.

D Danger - Diqqət təhlükə! (Təhlükəsizliyi qiymətləndirmək)

R Responsiveness - Reaksiya (qıcıqlara cavab reaksiyasını, huşun olub - olmadığını yoxlamaq)

C Circulation - Canlandırma (döş qəfəsinin kompressiyası – ürəyin qapalı masajını aparmaq və qanaxmanı dayandırmaq);

A Airway - Açıq tənəffüs yolları (tənəffüs yollarının keçiriciliyini bərpa etmək)

B Breathing - Birbaşa nəfəs vermək (ağciyərlərin süni ventilyasiyasını aparmaq)

D Defibrillation - Defibrilyasiya (defibrilyatorla elektrik cərəyanı (elektroşok) verib, ürəyin fəaliyyətini bərpa etmək).

Bu alqoritmdə hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq. Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin. Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.

Ürək-ağciyər reanimasiyası (ÜAR) vərdişlərinin cаnlı insаn üzərində öyrənilməsi təhlükəlidir. Тəcrübə üçün mаnеkеn və fantomlardan istifаdə еdin.

İlk yardım göstərərkən təşvişə düşməyin və tibbi yardımın göstərilməsini DRCABD alqoritminin ardıcıllığını pozmayaraq həyata keçirin. Əvvəlcədən hadisə yerinin təhlükəsizliyini qiymətləndirin (Danger – diqqət təhlükə!), qıcıqlara cavab reaksiyasını (Responsiveness – reaksiya) yoxlayın və normal/qeyri-normal tənəffüsə görə dəyərləndirib, növbəti addımı atın.

Ürəyin qəfləti dayanmasında hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi, qıcıqlara cavab reaksiyasının yoxlanılması, tənəffüsün və nəbzin təyin edilməsi 10 saniyəyə tamamlanmalıdır.

Təhlükəsizliyin Qiymətləndirilməsi

Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında birinci “D” mərhələsi – Diqqət təhlükə (Danger!) – Təhlükəsizliyin qiymətləndirilməsidir.

DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.

Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.

Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.

1. Xilasedicinin təhlükəsizliyi

Xilasetmə əməliyyatlarını həyata keçirərkən ən vacibi xilasedicinin ikinci qurbana çevrilməməsidir. Xəstələrə və zərərçəkənlərə ilk yardım göstərən insan (bundan sonra – xilasedici) özü də təhlükəyə məruz qala bilər. Buna görə də yardım göstərməzdən əvvəl hadisənin şahidi olub-olmamağınızdan asılı olmayaraq, öz təhlükəsizliyinizi, sonra isə zərərçəkənin təhlükəsizliyini təmin edin. Hadisənin şahidi olduqda belə, tələsmədən öz təhlükəsizliyinizə (elektrik xətti, zəhərləyici maddə, ilan, əqrəb və s. ola bilər) əmin olduqdan sonra yardım göstərin.

Hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi

Xilasedicinin təhlükəsizliyi hadisə yerinin və onun ətrafının (hadisə yeri, yol hərəkəti, hava, elektrik xətləri, ildırım) qiymətləndirilməsi ilə başlayır. Xilasedici hadisə yerinə daxil olmamış hadisə yeri haqqında məlumat toplamalıdır.

Xilasedici üçün ən vacibi özünün sağlamlığı və təhlükəsizliyidir. Hadisə yerində zərərçəkənə yaxınlaşmağın təhlükəsiz olub-olmadığını əvvəlcədən bilmək lazımdır.

Hadisə yerində iki və daha çox huşsuz vəziyyətdə zərərçəkən olduqda (zəhərləyici qaz, toksiki maddə və s.), həmin əraziyə xüsusi geyimlə daxil olmağınız məsləhətdir.

Yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazinin təhlükəsizliyi

Yol-nəqliyyat hadisələri xilasedicilərin həyatı üçün bir çox təhlükələr yarada bilər: yanğın, təhlükəli materialların və yanacaq çəninin partlaması, elektrik cərəyanı təhlükəsi, nəqliyyat vasitələrinin intensiv hərəkəti və s.

CAB (Canlandırma, Açıq tənəffüs yolları, Birbaşa nəfəs vermək) reanimasiyası zamanı xilasedicinin infeksiyalara yoluxma ehtimalı mümkündür, lakin bu risk çox azdır. Hadisələrin 80%-i ev şəraitində, yaxın qohum və ailə üzvləri arasında, ən çox da kiçik yaşlı uşaqlarda rast gəlinir. Ailə üzvləri öz yaxınlarına ağızdan-ağıza süni tənəffüs verib, həyata qaytarmağı xəstəliyə yoluxmaqdan üstün tuturlar. 

Xilasedicinin zərərçəkənlə kontaktı (təması) qısa müddətli olduğu üçün, “ağızdan-ağıza” süni tənəffüs zamanı infeksiyanın ötürülmə riski olduqca azdır. Buna baxmayaraq ağciyərlərin süni ventilyasiyasını (ASV) apararkən qoruyucu vasitələrdən və ya xüsusi maskalardan istifadə etmək məqsədəuyğundur. Digər tərəfdən, süni tənəffüsün ləngidilməsi yolverilməzdir. Belə hallarda xilasedicinin necə hərəkət edəcəyi onun özündən asılıdır.

DRCABD-ı həyata keçirərkən qoruyucu sədd vasitələrdən və ya birtərəfli qapaqlı (klapan) olan maskadan istifadə edilməsi tövsiyə edilir. İki qoruyucu vasitə qrupu mövcuddur: maskalar və üz üçün qoruyucu örtüklər. Zərərçəkənin nəfəsi ilə təmasda olmamaq üçün maskaların böyük əksəriyyəti birtərəfli qapaqla (klapanla) təchiz edilmişdir.

Xilasedici ilk yardım göstərərkən xalat, əlcək, gözlük (eynək) və maskadan istifadə etməlidir. Əllərinizdə sıyrıntı, çat və ya kəsik olarsa mütləq  əlcək geyinin. Əlcək olmadıqda sukeçirməyən material (polietilen paket) geydikdən sonra  zərərçəkənə yardım göstərin. Qoruyucu vasitə olmadıqda yaranı sarıdıqdan sonra əllərinizi təmiz yuyun. Doğuş zamanı və ya çoxlu ifrazat olduqda (qan, nəcis, qusuntu və s.) xalatdən istifadə etmək məsləhətdir. Üz maskası isə həmişə lazım olan qoruyucu vasitədir.

Aseptika və antiseptika

Antiseptika – yaraya düşmüş mikrobların müxtəlif  üsullarla məhv edilməsidir.

Aseptika – yaraya mikrobların düşməsinin qarşısını almaq üçün görülən profilaktik tədbirlər sistemidir.

Yaraların mikrobla çirklənməsinin qarşısının alınmasında antiseptika və aseptikanın əhəmiyyəti böyükdür.

İlk yardım mərhələsində yaraya mikrobların düşməsinin qarşısını almaq üçün yara ilə təmasda olan bütün vasitələrin təmiz olması vacibdir. Sarğı materialının yara ilə təmasda olan hissəsinə əl və digər vasitələrlə toxunmayın. İmkan olduqda steril əlcəkdən istifadə edin və əllərinizi təmiz yuyun. Maska olmadıqda yardım göstərərkən, ağızdan yaraya mikrobların düşməməsi üçün yaranın üzərinə danışmayın, öskürüb-asqırmayın.

Zərərçəkənə yardım göstərdikdən sonra istifadə olunmuş ləvazimatlar - əlcəklər də daxil olmaqla, polietilen paketlərə və ya tullantılar üçün nəzərdə tutulmuş xüsusi konteynerlərə atılmalıdır. Hadisə yerində tapılan odlu silah, kəsici-deşici alət və vasitələri hüquq-mühafizə orqanının nümayəndəsi gələnə qədər olduğu kimi saxlayın.

2. Zərərçəkənin təhlükəsizliyi

Zərərçəkəni yerindən yalnız ehtiyac olduqda tərpədin. Zərərçəkənin vəziyyətinin ilkin qiymətləndirilməsi hadisə yerinin qiymətləndirməsindən və xilasedicinin hadisə yerinə yaxınlaşma anından başlayır. Xilasedici hadisə yerinə baxış keçirib, öz təhlükəsizliyinə əmin olduqdan sonra, zərərçəkənin və ətrafdakı müşahidəçilərin həyatına əlavə təhlükə olmadığını müəyyən edir.

Vaxt itirmədən zərərçəkənə hadisə yerində ilk yardımın göstərilməsi daha səmərəlidir. Baş və boyun nahiyəsindən travma almış zərərçəkəni tərpətmək və silkələmək olmaz, çünki belə hərəkətlər onurğa beyninin zədələnməsinin ağırlaşmasına səbəb ola bilər.

Travma almış zərərçəkəni təhlükəsiz ərazidən başqa yerə köçürmək olmaz. Ümumiyyətlə, zərərçəkən nəfəs alırsa, qanaxması dayandırılıbsa və başqa təcili ilk yardıma ehtiyacı yoxdursa o, təcili tibbi yardım briqadası gələnədək yerindən tərpədilməməlidir.

Xilasedici ilk növbədə hadisə yerinə ümumi baxış keçirməli və hadisə yerini qiymətləndirməlidir. Hadisə yerinin təhlükəsizliyini müəyyən etdikdən sonra təhlükə olarsa, təhlükəni aradan qaldırmaq və ya zərərçəkəni təhlükəsiz yerə keçirmək lazımdır. Məsələn, yanma təhlükəsi olan nəqliyyat vasitəsində xilasetmə işləri yalnız xilasedicilər üçün təhlükə olmadıqda həyata keçirilməlidir. Yanma təhlükəsi olan avtomobilin akkumulyatorunun mənfi (–) naqili dərhal ayrılmalı və qəzaya uğramış nəqliyyat vasitəsinin stabil (sabit və tərpənməz) vəziyyətdə saxlanması üçün müvafiq tədbirlər görülməlidir. Daha sonra zərərçəkən təcili olaraq (ilk yardım göstərilmədən) nəqliyyat vasitəsindən çıxarılmalıdır. Zərərçəkən nəqliyyat vasitəsindən uzaqlaşdırıldıqdan sonra təhlükəsiz yerə aparılmalı və orada ona ilk yardım göstərilməlidir. İlk yardım göstərilərkən meteoroloji amillər (soyuq hava, külək, yağış və s.) nəzərə alınmalıdır, çünki bunlar zərərçəkənin səhhəti üçün ciddi problemlər yarada bilər.