UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
İlk yardım dedikdə, təsadüfi şahid tərəfindən (və ya zərərçəkənlə) minimal tibbi ləvazimatlarla və ya onsuz (əl altında olan vasitələrlə), vəziyyəti qiymətləndirdikdən sonra göstərilən yardımı nəzərdə tutur.
Müəyyən kateqoriyaya aid olan şəxslər üçün ilk yardımın göstərilməsi müvafiq qanun və qaydalara əsasən vəzifə borcu hesab olunur. Bunlar Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Yol Polisinin və s. qurumların əməkdaşları, hərbiçilər, əməyin mühafizəsi mütəxəssisləri, tibb işçiləri, hadisənin şahidləri, nəqliyyat vasitələrinin sürücüləri və sairə şəxslərdir.
Hadisənin şahidi hadisə yerində nə edəcəyini bilmədikdə və ya zərərçəkənə (xəstəyə) lazımi yardım göstərmək iqtidarında olmadıqda, o, kömək çağırmalı və sonra təcili tibbi yardım xidmətini aktivləşdirməlidir. Bunun üçün təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 103 nömrəli telefon nömrəsinə və ya Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “112 məsləhət və kömək üçün müraciət etməlidir. Belə müraciət ilk yardımın tərkib hissəsidir.
İlk yardımın vacibliyi
Xəstəxanayaqədərki dövrdə hadisə yerində zərərçəkənin həyatı ona göstərilən ilk yardımın keyfiyyətindən asılıdır. Tez bir zamanda – ürəyin və tənəffüsün qəflətən dayanmasının ilk dəqiqələrində, digər hallarda isə –1 saat (yəni “qızıl vaxt”) ərzində və yüksək səviyyəli ilk yardımın ardıcıl göstərilməsi əlillik və ölüm hallarının sayını azaldır.
İlk yardım, zərərçəkənə göstərilən yardımın ən vacib mərhələsidir. Aydın məsələdir ki, hadisə zamanı heç bir tibbi nəqliyyat vasitəsi tibb işçiləri ilə həmin anda hadisə yerində peyda olub, tibbi yardım göstərə bilməyəcək. Bədbəxt hadisənin ilk anında hadisə yerində ilk yardımı zərərçəkənə özü, sağ qalan hadisə iştirakçısı ilə qarşılıqlı, hadisənin təsadüfi şahidi, daha sonra hadisə yerinə gələn təcili tibbi yardım işçiləri göstərirlər.
İlk yardım – birbaşa zədələnmə ocağında yaralı və xəstələrin halını yüngülləşdirə biləcək tədbirlər kompleksidir. İlk yardım bilavasitə hadisə yerində və ya onun yaxınlığında xüsusi və əlaltında olan vasitələrdən istifadə etməklə göstərilir. Vaxtında, düzgün göstərilən ilk yardım zərərçəkənin həyatını xilas edib, sonradan baş verə biləcək fəsadları azaldır. Hadisə qəfləti baş verdiyi üçün zərərçəkənə ilk yardımı ətrafda olan insanlar göstərməlidirlər. Onlar nəinki ilk yardımın göstərilməsini mükəmməl bilməli, həmçinin kütləvi hadisələr zamanı (zərərçəkənlərin sayı 3 nəfərdən çox olduqda) hadisə yerində çeşidləməni və ilk yardımı təşkil etməyi bacarmalıdırlar.
Zədələnmənin növündən asılı olaraq ilk yardım
Zədələnmənin növündən asılı olaraq ilk yardım tədbirləri müxtəlifdir. Fövqəladə hallarda əsas zədələnmə növləri aşağıdakılardır: travmalar (zədələnmələr), termiki yanıqlar, radiasiya zədələnmələri, kəskin kimyəvi zəhərlənmələr, psixoemosional pozğunluqlar, epidemiyalar, kombinə olunmuş zədələnmələr (mexaniki – termiki, radiasiya – termiki, radiasiya – mexaniki və s.), bədbəxt hadisələr (boğulma, günvurma, istivurma, ilan sancması, məişət zəhərlənmələri).
Təcili Tibbi Yardım Xidməti
Təcili tibbi yardım xidməti (sistemi) – xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqları ilə təchiz olunmuş, əhaliyə xəstəxanayaqədərki mərhələdə (hadisə yerində və təxliyə zamanı) və tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir.
Təcili tibbi yardım xidmətinin əsas məqsədi personala travmaların qarşısını almaq tədbirlərini öyrətmək, hadisənin baş verdiyinə əmin olmaq və sistemi aktivləşdirmək, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə başlamaq, xəstələrə (zərərçəkənlərə) son diaqnozu qoymaq, onları müalicə üçün təhlükəsiz olaraq xəstəxanaya daşımaqdır.
Xilasedici hadisə yerində ilk yardımı, tibbi yardım göstərən personal gələnə qədər göstərməli və zərərçəkəni onlara təhvil verməlidir. Adətən bunlar təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının tibbi personalıdır. Stansiyanın tibbi personalı öz növbəsində zərərçəkənə lazımi tibbi yardım göstərib, onu təhlükəsiz vəziyyətdə (uzanmış, oturaq, böyrüstə və s.) və mümkün qədər tez, müvafiq xəstəxanaya təxliyə edir.
Göründüyü kimi, zərərçəkənə göstərilən yardım bir neçə mərhələdən ibarətdir. Adətən, ilk yardımı təsadüfi insan həyata keçirir. Tibbi yardımın göstərilməsi üçün o, təcili tibbi yardım xidmətini aktivləşdirməlidir. Beləliklə, hadisə yerinə tibbi yardım göstərilməsi üçün tibb personalı cəlb edilir və müvafiq xəstəxana zərərçəkənə ixtisaslaşdırılmış yardımın göstərilməsi üçün şərait yaradır, onu qəbul etməyə hazır olur.
Bütün mərhələlərdə lazımi səviyyədə göstərilən yardım zərərçəkənin ölmə ehtimalını azaldır, həyatını xilas edir. Bu mərhələlər xilasedicinin hadisə yerinə gəlib, ilk yardım göstərməsi ilə başlayır və xəstəxanada göstərilən tibbi yardımla yekunlaşır. Bu ardıcıllıqla yardım göstərilməsi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı çox vacibdir.
Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə dünya praktikasından məlumdur ki, qəzadan sonra lazımi yardım olmadıqda ağır yaralıların 40%-i bir saatdan sonra, 60%-i üç saatdan sonra, 95%-i isə altı saatdan sonra həyatlarını itirirlər.