UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Fövqəladə hadisələr baş verdikdə insanların xilas edilməsi çox zaman vaxtında, məqsədyönlü surətdə aparı-lan ilk yardımdan asılı olur. Bəzi hallarda lazımi məlumatın olmaması zərərçəkənin həyatı üçün təhlükəli olan ağırlaşmalarla nəticələnir və dağıntı zamanı ölüm faizinin artmasına səbəb olur.
Dağıntılar zamanı meydana çıxan yaralanmalardan biri də uzunmüddətli sıxılma (Kraş) sindromudur. Uzunmüddətli sıxılma sindromu – uzun müddət böyük mexa-niki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının (əzələ, piy qatı, dəri) zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmasına səbəb müxtə-lif travmalar ola bilər. Uzunmüddətli sıxılma sindromu daha çox zəlzələlər, müasir silahların istifadəsi zamanı, inşaat meydançaları, şaxta və karyerlərdə baş verən uçqunlar və dağıntılar zamanı rast gəlinir. Ağır mexaniki qüvvə tərəfindən sıxılan yumşaq toxumada əzilmə, dağılma baş verir.
Təbii fəlakət zonalarında iş təcrübələri göstərir ki, zərərçəkənin dağıntı altından mümkün qədər cəld xilas edilməsi heç də həmişə onun xilas edilməsi demək deyil. Bir çox hallarda xilasetmə əməliyyatının düzgün aparılmasına və tibbi yardımın tam həcmdə göstərilməsinə baxmayaraq, dağıntılar altından çıxarılmış zərərçəkən dərhal ölür. Bunun səbəbi bütün orqanlar və sistemlərdə gedən dərin və geri dönməyən dəyişiklərdir.
- ƏTRAFLARDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏR
Sıxılma sindromunda baş verən dəyişikliklər iki mərhələlidir: kompressiya və dekompressiya.
- Kompressiya (sıxılma)
Kompressiyanın əvvəlində ağrı çox güclü olsa da, bir neçə saat keçdikdən sonra küt ağrıya çevrilir. Meydana çıxan ağrı zərərçəkənin sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozğunluqlar yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar əmələ gəlir. Sıxılma müddəti uzandıqca sıxılmış toxumaların qan təminatı azaldığı üçün məhv olmağa başlayır. Nəticədə zədə nahiyəsində zəhərli maddələr əmələ gəlir.
Əgər ətraflar sıxılmadan azad edilməyibsə, zərərçəkənin ümumi vəziyyəti qənaətbəxş ola bilər və o dağıntı altında belə bir vəziyyətdə uzun müddət sağ qala bilər. Ətraflar azad edildikdən (turna qoyulmadan) sonra zərərçəkənin vəziyyəti ağırlaşır, huşu itir. Əllər və ayaqlar soyuq tərlə örtülmüş, avazımış olur, nəbz zəifləyir və ya təyin olunmur, orqanizmin bütün funksiyaları məhdudlaşır. Sıxılma nə qədər uzun müddət çəkərsə, toksiki zərbə o qədər də güclü olur və ölüm daha tez baş verir.
Kompressiya zamanı qan dövranı mərkəzləşir, mikrosirkulyasiya pozulur, ətrafların işemiyası artır. Basılıb əzilmiş ətraflarda və sıxılmış damarlarda oksidləşməmiş mübadilədən yaranan və dağılmış toxumaların toksik məhsulları sıxılıb-əzilmiş ətrafda toplanır. Ətraf azad edildikdə, qan dövranı bərpa olunur və sıxılmış nahiyədə əmələ gəlmiş zəhərli aralıq məhsullar orqanizmə sorulur.
Əzələ kütləsi nə qədər çox zədələnibsə, qana bir o qədər çox toksiki maddələr daxil olur və zərərçəkənin vəziyyətini ağırlaşdırır. 4–6 saat müddətində sıxılmış ətrafda və sıxılma yerindən bir qədər yuxarı əzələlərin nekro-zu (ölümü) baş verir. Hüceyrələrdə toksik maddələr artır (mioqlobin – əzələ zülalı, kreatinin, kalium və kalsium ionları, fermentlər və s.). Əzələlər 75% mioqlobin və 65% kalium itirir.
Ətraf azad olduqda toksik maddələr qan dövranına daxil olub distributiv (septik) şokun əmələ gəlməsinə səbəb olur. İlk sutkada sidik açıq-qırmızı rəngdə olur (sidikdə mioqlobin olmasının əlaməti). Sonralar sidik ifrazı azalıb, tamamilə kəsilir, kəskin böyrək çatışmazlığı baş verir. Kəskin böyrək çatışmazlığından zərərçəkənlərin 35–45%-i vəfat edir.
- Dekompressiya (sıxılmanın götürülməsi)
Dekompressiya mərhələsi ətrafı azad edəndən sonra baş verir. İnsanı dağıntılar altından azad etdikdə zədə nahiyəsindən zəhərli maddələr toplu surətdə qana sorulmağa başlayır ki, nəticədə həyati vacib orqanlar (ürək, böy-rəklər, ağciyər, qaraciyər) zədələnir – beyinin ödemi baş verir. Ətraf azad olduqda, zərərçəkənin ətrafından qan dövranına külli miqdarda toksinlər daxil olur və şok halı yaranır. Bütün orqanları və sistemləri əhatə edən (polior-qan) patoloji dəyişiklər müşahidə olunur. Şokun ağırlığı işemiyaya uğramış ətrafın həcmindən, ötmüş vaxtdan və işemiyanın dərəcəsindən asılıdır. Ətraflarda yaranmış qan və limfa dövranı pozğunluğundan ödem (şişkinlik) baş verir.
Ətrafı azad edənə qədər zərərçəkənin vəziyyəti elə də ağır olmur. Tədricən zərərçəkənin halı ağırlaşmağa başlayır. Ağrı təkanları tədricən şiddətlənir, qana sovrulan toksinlər şok əlamətlərini üzə çıxarmağa başlayır, qan təzyiqi düşür. Zərərçəkəni ətraflarda şiddətlənən ağrı narahat edir. Ətrafların hərəkəti məhdudlaşır, rəngi avazıyır, dırnaqlar göyərmiş (sianozlu) olur, nəbz əllənmir. Üzərində qansızmalar və sıxan əşyanın çuxur yeri qalır. Eyni zamanda zədələnmiş ətrafda çoxlu miqdarda maye toplanması də zərərçəkənin vəziyyətinin ağırlaşmasına səbəb olur. Ətraf azad edildikdə 2–3 litrədək plazma toxumaların arasına süzülür. Ətraf kəskin sürətdə böyüyür, şişir, gərginləşir, əzələlərin konturları itir, ödem (şişkinlik) bəzən elə həddə çatır ki, ətraf bərkliyinə görə ağaca bənzəyir. Ödem xəsarət alan yerdən kənara yayılır, çuxurlar düzəlir, suluqların əmələ gəlməsi müşayiət olunur. Çox zaman topuqda nəbz itir. Ağrı getdikcə şiddətlənir. Azacıq hərəkət sınıq olmasa belə, çox güclü ağrıya səbəb olur. Belə insanlar adətən erkən toksemik (septik) şokdan, sonralar isə böyrək çatışmazlığından vəfat edir. Uzunmüddətli sıxılma (Kraş) sindromun müalicəsi çətin və az effektlidir. Belə insanların 40%-dən çoxu ölür.
Ətrafın uzunmüddətli sıxılma sindromu turnanın qoyulmasından 2 saatdan artıq vaxt keçdikdə də müşayiət olunur. Eyni zamanda sıxılmaya və zədələnməyə qan damarları və başqa toxumalarla birlikdə sinirlər də məruz qalır. Gələcəkdə bu özünü ətrafların fəaliyyətdən və inkişafdan qalmasına, həyat qabiliyyətini itirməsinə gətirib çıxarır.
- Sıxılma müddəti və proqnozlar
Uzunmüddətli sıxılma (Kraş) sindromunun ağırlığına və proqnozuna sıxılma müddətinin təsiri:
» yüngül hal – ətrafın bir hissəsinin dağıntı altında 4 saatdan az qalması;
» orta ağır hal – iki yuxarı ətrafın və ya bir aşağı ətrafın və ya iki baldırın dağıntı altında 6 saat qalması;
» ağır hal – həmin nahiyələrin dağıntı altında 7–8 saat qalması (zərərçəkənlərin 25–30%-i ölür);
» çox ağır hal – iki aşağı ətrafının dağıntı altında 6 saatdan artıq qalması (əksəriyyəti 2–3 gün ərzində ölür).
Xəstəliyin ilk 2–3 günü ərzində distributiv (septik) şok əlamətləri olur: arterial təzyiq aşağı düşür, tənəffüs və nəbz tezləşir, zərərçəkəndə oyanıqlıq olur. 3–5-ci gün nisbi yaxşılaşma qeyd edilir. 4–7-ci gündən sonra sinir sistemi və böyrəklər zədələnir. Sonuncu dövrdə böyrək çatışmazlığı, zədələnmiş ətrafda güclü ağrılar, qanqrena baş verir.
- İLK YARDIM
Bədbəxt hadisələr zamanı ilk yardım göstərilməsinin şərtləri həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilməsidir.
Diqqət! DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
Yardım göstərərkən xilasedici DRCABD alqoritmini ardıcıl olaraq mərhələ-mərhələ yerinə yetirməlidir: “Diqqət təhlükə!”; “Reaksiya (huşu qiymətləndirmək, huş itibsə köməyə çağırmaq)”, “Canlandırma – qan dövra-nının bərpası”, “Açıq tənəffüs yolları”, “Birbaşa nəfəs vermək” və “Defibrilyasiya” mərhələsi.
Xilasetmə əməliyyatlarını həyata keçirərkən ən vacibi xilasedicinin ikinci qurbana çevrilməməsidir. Xilas-edici özü də təhlükəyə məruz qala bilər. Təhlükə riski xilasedicini hər an izləyir. Ona görə də yardım göstərməmiş-dən əvvəl, o, özünün, sonra isə zərərçəkənin təhlükəsizliyini təmin etməlidir.
Xilasedicinin təhlükəsizliyi hadisə yerinin və onun ətrafının qiymətləndirilməsi ilə başlayır. Hadisə yerində zərərçəkənə yaxınlaşmağın təhlükəsiz olub-olmadığını müəyyənləşdirin. Bəzi hallarda hadisə yerinə daxil olmaq təhlükəlidir. Əgər təhlükəyə məruz qalmış insana kömək edə bilmirsinizsə, dərhal peşəkar kömək çağırın.
Zərərçəkən huşunu itiribsə, təcili tibbi yardım xidmətini aktivləşdirib (zəng edib), xilasetmə əməliyyatına başlamaq lazımdır. Zərərçəkənin huşu özündədirsə, ilk növbədə onu dağıntılar altından xilas etmək lazımdır. Ehtiyatlı olun. Əmin olun ki, ətraf mühit təhlükəsizdir.
Uzunmüddətli sıxılma sindromu zamanı ilk yardım kompleks aparılır. İlk növbədə zərərçəkənə məqsədyönlü yardım göstərmək üçün soyuqqanlı və diqqətli olmaq lazımdır. Yardım göstərərkən insanın dağıntı altında qalma müddətini bilmək vacibdir.
- Dağıntı altında yardım
Zədələnmiş insan dağıntı altından qısa müddət ərzində azad olunmalıdır.
» İlk növbədə dağıntılar altından zərərçəkənin başını və gövdəsini azad edin. Sonra zərərçəkənin ağız və burnu-nu yad cisimlərdən təmizləyib, ağız boşluğunu təmiz su ilə yuyun. Süni tənəffüs lazım gəldikdə, hər 5–7 sa-niyədən bir “ağızdan-аğızа” və yа “аğızdan-burunа” dəqiqədə 8–12 dəfə nəfəs verin. Yaraların işlənməsin-dən sonra onların üzərinə steril sarğı qoyun.
» Zərərçəkənin ətrafı dağıntı altından ehtiyatla azad edilməmişdən əvvəl və ya etdikdən dərhal sonra zədələn-miş ətraflara turna qoyulur. Turnanın qoyulması zədələnmiş nahiyədən zəhərli maddələrin geri sorulma-sının qarşısını alır. Düzgün qoyulan turna zədələnmiş ətrafda ödemin (şişkinlik) azalmasına səbəb olur. Eyni zamanda qoyulan turna qanaxma təhlükəsini aradan qaldırır.
- Elastik kompressiya
Zədələnmiş ətrafda şişkinliyin aradan götürülməsi üçün elastik kompressiyadan istifadə edilir. Zərərçəkən dağıntı altından çıxarıldıqdan dərhal sonra elastik bintin köməyi ilə barmaqlarından başlayıb mərkəzə doğru tama- milə sarımaq lazımdır (ayaq – dabandan qasıq büküşünədək, qol – əl barmaqlarından çiyin qurşağınadək)
- Ətrafların immobilizasiyası
İlk yardım göstərən zaman zərərçəkənin immobilizasiyası böyük əhəmiyyətə malikdir. İmmobilizasiya zədələnmiş ətrafın şinlərdən istifadə etməklə tam hərəkətsizləşdiriləsi deməkdir. Düzgün aparılan immobilizasiya zərərçəkənin daşınması zamanı ağrını, şişkinliyin intensivliyini azaldır və zəhərli maddələrin qana sorulmasını ləngidir. Bu isə şokun inkişafının qarşısını alır. İmmobilizasiya üçün standart şinlərdən istifadə olunur. Yumşaq olmaq üçün şinin altına çoxlu pambıq, tənzif, olmadıqda isə paltar qoyulur və bərk sarınır. Şinin uzunluğu iki oynağı tutacaq qədər olmalıdır.
- Zədələnmiş nahiyənin soyudulması
İlk yardım kompleksinə yerli hipotermiya (zədələnmiş nahiyənin soyudulması) ilə başlamaq lazımdır. Zədələnmiş toxumalar soyudulduqda onlarda maddələr mübadiləsinin intensivliyi aşağı düşür, oksigenə tələbat azalır və qan təchizatının müvəqqəti pozulmasına baxmayaraq, dağılmamış yumşaq toxumalar məhv olmur. Bundan başqa hipotermiya ətraflardakı ödemi (şişkinlik) azaldır, ağrını zəiflədir. Yayda yerli hipotermiyanı aparmaq çətindir. Belə halda soyuq suda isladılmış dəsmallardan istifadə edilir. Qışda isə qarla doldurulmuş torbalar (paketlər) zədələnmiş nahiyəyə qoyulur. Bud və baldır nahiyələrinə 4–6 belə torba (paket) tələb olunur. Torbalar (paketlər) ətraf üzərinə və yanlarına düzülür. Belə soyudulma 2–4 gün aparılmalıdır. Uzunmüddətli sıxılma sindromu zamanı soyudulma fasiləsiz aparılmalıdır (azad edildikdən başlayıb, ilk yardım və daşınma zamanı).
- Şok əleyhinə tədbirlər (bax: “Şok anlayışı”)
Vaxtında və düzgün aparılan ilk yardım, o cümlədən zərərçəkənə rahatlıq verilməsi, ətrafların immobiliza- siyası, yerli soyudulma, 100%-li oksigenin verilməsi, ağrının qarşısını almaq üçün tədbirlərin görülməsi xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır. Beyinin qan dövranını yaxşılaşdırmaq məqsədi ilə zərərçə- kənə Trendelenburq vəziyyəti vermək lazımdır (baş aşağı, ayaqlar yuxarı olmalıdır). Tibb işçiləri zərərçəkən şok halından çıxana və arterial təzyiq normal göstəricilərə qalxana qədər vena daxilinə əvvəl saatda 500 ml kristalloid, sonradan kolloid məhlulları, natrium bikarbonat 8,4% 100 ml və digər məhlullar yeritməlidir.
- Zərərçəkənin xəstəxanaya aparılması
Hadisə yerində görülən tədbirlərdən sonra zərərçəkənin huşunun qiymətləndirilməsi AVPU alqoritminin köməyi ilə aparılıb (bax: “Nevroloji status. Qicolma”), sistematik nəzarət altında saxlanılmalıdır. Zərərçəkən ilk yardım göstərildikdən və ağrıkəsici vurulduqdan sonra yaxınlıqda yerləşən xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. Uzunmüddətli sıxılma (Kraş) sindromun müalicəsi xəstəxanada kompleks şəkildə aparılır. Zərərçəkənin həyatı xəstəxanaya tez çatdırılmasından asılıdır.
İlk yardım göstərilmədikdə, düzgün immobilizasiya aparılmadıqda zədələnmiş toxumaların ölümü baş verir ki, bu da xəstənin ətraflarında qanqrenaya (bədənin bir yerində toxumaların çürüməsi) və həyat üçün təhlükəli ağırlaşmalara səbəb olur.