UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Əzələ- sümük zədələnmələrində ilk yardım

Əzələ-sümük zədələnmələri ağrı ilə müşayiət olunmasına baxmayaraq, həyat üçün təhlükə törətmirlər.

İlk yardımın düzgün göstərilməsi ağrı hissiyyatının azalmasına və zədələnmənin sonrakı gedişində müsbət təsir göstərir. Bu zaman ilk yardım göstərilməsinin şərtləri həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilməsidir.

DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.

Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.

Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.

Təhlükəsizliyinizi təmin edin. Əşyalardan istifadə etdikdə ehtiyatlı olun. Bioloji substansiyalardan (möhtəviyyatlardan) qorunun. Zərərçəkənlə təmasda olduqda xələt, maska, gözlük, əlcək və s. istifadə edin. Reanimasiyanın əsas prinsipi odur ki, birincili baxışın bir hissəsi kimi qiymətləndirmə və ilk yardım eyni zamanda həyata keçirilsin. Tənəffüs və qan dövranının bərpası əzələ-sümük zədələnməsində göstəriləcək yardımdan öncə aparılmalıdır. Burada tibbi yardım diaqnozu qabaqlamalıdır. Həyatı vacib orqanların funksiyası bərpa olduqda, zərərçəkənə “bərpa vəziyyəti” verin.

Əzələ-sümük zədələnmələrində zərərçəkəni kömək gələnə qədər sakitləşdirin, ruhlandırın.

Sümüyün dəridən çıxmasında və ümumiyyətlə, açıq sınıqlarda yaralanmalarda olduğu kimi ilk növbədə qanaxmanı dayandırın, ağrını аzаldın, yaranı təmizləyib infeksiyanın qarşısını alın, yaraya və yaranın ətraflarına steril (təmiz) sarğı qoyub, onu təsbit edin ki, sürüşməsin (yerindən qaçmasın).

Açıq sınıqlar zamanı sınmış sümükləri yerinə salmağa və yara yerindən sümük qırıntılarını çıxarmağa cəhd göstərməyin.

Yaraya batmış yad cisim olduqda (bıçaq, şüşə və s.), onu çıxarmayın. Yad cisimin tərpədilməsi (çıxarılması) toxumaları daha da zədələyib, qanaxmaya səbəb ola bilər. İri bükmə qoymaqla yad cismin vəziyyətini stabilləşdirin. Cismin ətrafına sarğı qoymaqla qanaxmanı dayandırın.

Təcili tibbi yardım briqadası gələnə qədər sınmış və ağrılı nahiyələri tərpətməyin, sabit qalmasına çalışın, deformasiyaya uğramış hissələri düzəltməyə çalışmayın.

Zərərçəkənin təxliyə edilməsini özünüz icra edəcəksinizsə, ağrını azaltmaq və fəsadların qarşısını almaq məqsədi ilə əl altında olan vasitələrlə sınmış nahiyəni olduğu vəziyyətdə hərəkətsizləşdirin. Sınmış nahiyəni düzəltməyə çalışmayın. Təxliyə zamanı sınmış nahiyənin hərəkətinə imkan verməmək üçün onu əllə tutub saxlayın.

Ağır zədələnmələrdə zədələnmiş nahiyənin hərəkətsizliyini (immobilizasiyasını) təmin edin. İmmobilizasiya təmin olunmayana qədər zərərçəkəni tərpətməyin. Ağır deformasiyaya uğramış ətrafı təcili tibbi yardım briqadası gələnə qədər həmin vəziyyətdə saxlayın.

Bütün əzələ-sümük zədələnmələrində – bağ gərilməsində, burxulmada (bağ cırılmasında), dərin qançırlarda (hematomalarda) ilk yardım ingilis dilli ölkələrdə RİCE abreviaturasına uyğun aparılır (qarşılığı DSSD abbreviaturasıdır). Yaralanma ciddi deyilsə və sınıq olmasına  şübhəniz yoxdursa əksər hallarda bu cür ilk yardım kifayət edir. Rentgen olmadan sümüyün sınıb-sınmadığını demək olmur. Sınığa şübhə olduqda yardımı sınıqlarda olduğu kimi aparın.

  1. Dinclik (zədələnmiş nahiyəyə rahat vəziyyət verin)

Dinclik (rahatlıq, istirahət) hərəkətsizləşdirmək və sarğı qoymağla həyata keçirilir.

Sınığın növündən asılı olmayaraq ciddi əzələ-sümük zədələnməsində soyuq tətbiq etmək və dikəltmək kimi yardım göstərməzdən əvvəl zədələnmiş nahiyəni (sınmış sümükləri) hərəkətsizləşdirin (immobilizasiya edin). İmmobilizasiya ancaq yaranın işlənməsi və təmiz sarğının qoyulmasından sonra həyata keçirilir.

Ağır zədələri hərəkətsizləşdirmək üçün lövhələrdən və şinlərdən istifadə edin. İmmobilizasiyadan sonra, zərərçəkənin rahat vəziyyət almasına kömək edin, zədələnmiş nahiyəyə soyuq kompres qoyun, onu isti və ya soyuğun təsirindən qoruyun və toxtaqlıq verin.

Məqsəd: ağrını azaltmaq, sınmış sümüklərin yer dəyişməsinə və iti ucları ilə yumşaq toxumaları, əzələləri, qan damarlarını, sinirləri kəsməsinə yol verməmək, qapalı sınıqları açıq sınıqlara çevirməmək, zədələnmiş hissədə qan dövranının pozulma ehtimalını azaltmaq və zərərçəkənin təxliyəsi üçün optimal şərait yaratmaq.

- Əgər baş və ya bel zədələnməsi şübhəsi varsa, zərərçəkəni uzanmış vəziyyətə gətirin.

- Zərərçəkən xəstəxanaya çatdırılan zaman zərərçəkənin tam rahatlığını və hərəkətsizliyini təmin edin.

- Zərərçəkənə köməklik edin ki, o, ən rahat vəziyyəti ala bilsin.

-      Sınıq və sınığa şübhə olduqda ətrafı immobilizasiya olunana qədər zədə nahiyəsindən yuxarı və aşağı hissələrdən iki əllə sabit saxlayıb, onun hərəkətsizliyini təmin edin.

- Zədələnmiş nahiyənin altına yumşaq bir şey qoyub, ona sakitlik yaradın.

- Əyilmiş və ya deformasiyaya uğramış bədən üzvünü düzəltməyin.

- Dəridən çıxmış sınıq sümüyü tərpətməyin.

- Sınmış sümükləri bərpa etməyə çalışmayın.

- Sınmış sümüklərin qırıntılarını və yad cisimləri yaradan xaric etməyin.

-      Ağrıya səbəb ola biləcək hər hansı hərəkətdən və ya fəaliyyətdən çəkinin. Əgər zədələnmiş hissə ağrı verirsə, zərərçəkən tibb işçisi tərəfindən müayinə olunana qədər həmin hissə hərəkət etdirilməməlidir.

- Oynaq sümükləri sındıqda onu tərpətməyin və olduğu vəziyyətdə immobilizasiya edin.

- Böyük oynaqların (diz və bud) çıxıqları müəyyən edildikdə mümkün qədər tez yardım göstərin.

- Həyatı vacib orqanların funksiyası bərpa olunduqda zərərçəkənə “bərpa vəziyyəti” verin.

  1. Soyuq (buz və ya soyuq yaş sarğı kompres tətbiq edin)

Travmanın növündən asılı olmayaraq təzə əmələ gəlmiş zədə (yara) nahiyəsini soyuq kompres etməklə yaxud buz qoymaqla soyudun. Məqsəd: soyuq, qan damarlarını sıxıb (daraldıb), şişkinliyin və qançırın əmələ gəlməsinin qarşısını alır, ağrının və narahatlığın azalmasına səbəb olur.

Buzu və ya soyuq kompresi birinci sutka ərzində tətbiq edin. Əzilmiş nahiyədə buz və ya soyuq kompres 20, ən çoxu 30 dəqiqə saxlanılır və hər 10–15 dəqiqə fasilədən sonra soyudulma təkrarlanır. Sınıqlarda buzu və ya soyuq kompresi tətbiq edəndə ehtiyatlı olun, güclü təzyiq zərərçəkənin narahatlığına səbəb ola bilər. İkinci sutkadan əzilmiş nahiyəni isti saxlamaq lazımdır (ultra yüksək tezlikli terapiya – UYT “UVÇ”), isti proseduralar, ağrıkəsicilərlə elektrod və fonoforez, müalicəvi gimnastika və s.).

Yüngül zədələnmələrdə əzilmiş yerə 20 dəqiqəlik soyuq qoymaq kifayət edir. Adətən 2–3 saata şişkinlik və ağrı azalır.

Buzu və ya soyuq kompresi yaradan bir qədər aralı saxlayın.

Buzdan istifadə

  1. a) Polietilen qovluğu yarısına və ya 2/3 hissəsinə qədər xırda buz parçaları ilə doldurun. Buz qovuğunun ağzını bağlayıb, sarğı materialına (ləçəyə) və ya əl altında olan dəsmala və s. parçaya bükün. Ümumiyyətlə, soyuducuda olan bütün donmuş əşyalardan (dondurulmuş tərəvəzlərdən, xüsusilə noxudlardan və s.) istifadə etmək olar.
  2. b) Parçaya bükülmüş buz qovuğunu əzilmiş nahiyənin üstünə qoyub bintlə, dəsmalla və s. təsbit edin.
  3. c) Əzilmiş nahiyəni 20 dəqiqə ərzində soyudun və zərurət olduqda polietilen qovluqdakı buzu dəyişin. Buz tətbiq etdikdə donmanın baş verməsindən ehtiyat edin. Buz qovuğu ilə dəri arasına dəsmal qoyun. Buz qovuğunu bir bərabərdə, müntəzəm təsbit edin.

 Soyuq kompresdən istifadə

Soyuq kompresdən də istifadə etmək olar, ancaq bu, buz qədər yararlı olmayacaq. Əzilmiş nahiyə ətraf olduqda onu axar soyuq suyun altına qoyub və ya su rezervuarına (çəninə) salıb, soyudun. Baş, gövdə zədələndikdə zədə nahiyəsinə soyuq kompres qoyun.

  1. a) Tənzifi (flanel, dəsmal və s.) həddindən artıq soyuq suyun içində, suyu özünə çəkənə qədər, isladandan sonra çıxardıb sıxın. Tənzif soyuq və nəm olmalıdır. Ondan su damcıları axmamalıdır. Soyuq və nəm tənzifi əzilmiş nahiyəyə və onun ətraflarına qoyun. Lazımdırsa tənzifi təsbit edin.
  2. b) Hər 5 dəqiqədən bir tənzifi soyuq suyun içində isladıb, sıxıb təkrarən əzilmiş nahiyəyə qoymaq lazımdır. Əzilmiş nahiyəni azı 20 dəqiqə ərzində bu cür soyudun.
  3. Sıxma (zədələnmiş nahiyəni sıxın)

Zədə almış nahiyəni sıxın. Zədə nahiyəsini qalın qat pambıq, yumşaq əşya ilə (paltar, parça) bürüyüb, ehtiyatla təzyiq göstərərək sarğı qoyun. Yara olduqda əvvəl steril tənzif, sonra pambıq qoyun. Sarğı yaranın üstünü və ətrafını əhatə etməlidir. Sarğı yaradan sürüşərsə, onun üstündən əlavə sarğı qoyun. Məqsəd: qan damarlarını sıxıb şişkinliyi azaltmaq və zədələnmiş nahiyəyə rahat vəziyyət verməkdir.

  1. Dikəltmə (zədələnmiş ətrafı qaldırın)

Zədələnmiş ətrafı dikəldin, yuxarı qaldırılmış vəziyyətdə saxlayın. Məqsəd: zədələnmiş ətrafın dikəldilməsi bu nahiyənin qanla təchizatını və burada qanaxmanı zəiflədir. Nəticədə qançır və şişkinlik azalır. Mümkünsə, zədələnmiş nahiyəni ürək səviyyəsindən yuxarıya qaldırın. Sınıq və çıxıq olduğu nahiyəni ancaq immobilizasiya etdikdən sonra dikəltmək olar.