UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Qanaxmalar

Qanaxma – damar və ya ürək əzələsinin tamlığının pozulması nəticəsində baş verir. Qanaxma təcili yardım təbabətində ən çox rast gəlinən patologiyalardan biridir. Bir çox hallarda qanaxmanın səbəbi asanlıqla aşkar edilir (məsələn: travma nəticəsində xarici qanaxma).

Qanaxma nəticəsində qanın miqdarının kəskin dərəcədə azalması həyat üçün təhlükəlidir. Çünki toxumalar oksigenin azalması səbəbindən məhv ola bilər. Qanaxma başladıqda orqanizmdə kompleks proseslər baş verir. Beyin qan azlığını müəyyən edərək, laxtalanmanı gücləndirir, ətraflarda qan damarlarını sıxıb, oksigenlə zəngin qanı beyin, ürək, ağciyər və həyati vacib orqanlara verilməsinə yönəldir. Bunu təmin etmək üçün ağciyərlər daha intensiv işləyib, qanı oksigenləşdirir, ürək isə daha çox qanı dövr etdirir. Orqanizm toxumalara daha çox oksigen daşımaq üçün əlavə qırmızı qan hüceyrələri yaradır.

1. Qanaxmanın təsnifatı

Qanaxmanın növləri

İstənilən damarın zədələnməsi qanaxma ilə nəticələnir. Əgər qanaxma arteriyada baş verirsə – arterial, venada baş verirsə – venoz, kapilyarlarda baş verirsə – kapilyar, daxili parenximalı orqanlarda baş verirsə – parenximatoz qanaxma adlanır.

- Arterial qanaxma təzyiq altında və çox sürətli olur. Qan arteriyada böyük təzyiq altında olduğundan, yara yerindən fəvvarə (pulsasiya, vurğu) kimi axır və laxtalanmanın yaranmasını çətinləşdirir. Bu cür qanaxmanın dayandırılması çətin olduğuna görə çox təhlükəlidir. Qısa müddət ərzində 1–1,5 litr qanın itirilməsi zərərçəkənin ölümünə səbəb ola bilər. Arterial qan oksigenlə zəngin olduğu üçün al qırmızı rəngdə olur.

- Venadan qanaxmanı dayandırmaq, arteriyadan qanaxmanı dayandırmaqdan asandır.

- Venalar dəri səthinə yaxın olduğu üçün tez-tez zədələnir. Venadakı qan arteriyadakı qana nisbətən aşağı təzyiq altındadır və yara yerindən fasiləsiz şəkildə, yavaş-yavaş, çox vaxt isə damcılarla axır. Yalnız bədənin dərin, məsələn, gövdə və ya baldır venaları zədələndikdə, dayandırılması çətin olan güclü qanaxma baş verir. Bu cür qanaxmanı yaranın üzərinə sıxıcı sarğı qoymaqla saxlamaq mümkündür. Venoz qan karbon qazı ilə zəngin olduğu üçün tünd qırmızı və ya şabalıdı rəngdə olur.

-  Kapilyar qanaxma qanaxmanın ən çox rast gəlinən və geniş yayılmış növüdür. Damarların mənfəzi kiçik olduğundan və qan aşağı təzyiqlə axdığından, bu qanaxma çox vaxt zəif olur. Qanaxma aramla qanayan səthə toplaşan çoxlu sayda xırda qan damcıları şəklində təzahür edir. Kapilyar qanaxma zamanı qan asan laxtalanır (1–3 dəqiqə müddətində). Belə qan arterial qandan rənginin açıqlığına görə fərqlənir.

-  Parenximatoz qanaxma parenximatoz orqanların (baş beyin, ağciyər, qaraciyər, mədəaltı vəzi, ağciyər, dalaq, böyrəklər, daxili sekresiya endokrin vəziləri) zədələnməsi zamanı müşahidə olunur. Bu orqanlar qan damarları və kapilyarlarla zəngindir. Parenximatoz orqanda zədələnmiş damarlar yığılmır və toxuma vasitəsilə sıxılmır. Bu zaman bütün yara səthindən qan axır. Ona görə qanaxma güclü, həyat üçün təhlükəli olur. Belə qanaxmalar uzunmüddətli və çox miqdarda olur. Bu cür qanaxmaları saxlamaq adi üsullarla çox çətindir. Qan adətən boşluqlara yığılaraq, orada toplanır (daxili qanaxma).

- Qarışıq qanaxmalar eyni zamanda arteriya, vena və parenximatoz orqanların zədələnməsi nəticəsində müşahidə olunan qanaxmalara deyilir.

2. Xarici və daxili qanaxmalar

Qanaxmalar iki formada – xarici və daxili olur.

Qanın damarlardan və ya ürəkdən xarici mühitə axması xarici qanaxma adlanır.

Qanın damarlardan və ya ürəkdən orqanizmin xarici mühitlə əlaqəsi olmayan bədən daxilinə və daxili boşluqlara (plevra – ağciyər pərdəsi boşluğu, perikard – ürək kisəsi, qarın boşluğu, oynaq boşluğu, beyin mədəcikləri) axması daxili qanaxma adlanır. Xarici qanaxmanı aşkar etmək çətinlik törətmir. Daxili qanaxmada qanaxmanın fiziki əlamətləri görünmür və ya zərbə nəticəsində ancaq qançır yaranır. Bu qanaxmalar ən təhlükəli qanaxma sayılır.

3. Qanaxmanın əlamətləri

Ağır daxili qanaxmada xarici qanaxmadakı kimi eyni əlamətlər mövcuddur:

- narahatlıq və ya yorğunluq hissi;

- zəif və sürətli nəbz (böyüklərdə dəqiqədə 100 vurğudan artıq);

- dəri avazıyır, soyuq və nəmli olur;

- tənəffüs tezləşir, təngnəfəslik əmələ gəlir;

- zərərçəkəndə ümumi tormozlanma baş verir, huş itir.

Xarici qanaxmanın müvəqqəti dayandırılması üsulları

Qanaxmaların əksəriyyəti yаrаlаnmа nəticəsində baş verir. Yаrаlаnmаlаr zаmаnı əsas məqsəd qаnахmаnın dayandırılması, yaranın infеksiyаlaşmasının qarşısının alınması və аğrının аzаldılmаsıdır.

  • Güclü qanaxmalarda, qanaxma yara təmizlənməmiş dayandırılmalıdır. Yüngül, həyat üçün təhlükə törətməyən qanaxmalarda sarğı qoymazdan əvvəl yara natrium xloridin 0,9%-li (fiziоlоji – izotonik) məhlulu ilə (olmadıqda çoxlu təmiz su ilə) təmizlənib, yuyulmalıdır. Kəskin qanaxmalarda əsas məqsəd tez bir zamanda qanaxmanın tam dayandırılmasıdır, çünki zərərçəkənin həyatı bundan asılıdır.

Xarici qanaxma açıq yaralarda müşahidə olunur. Bu cür qanaxmalar, adətən, aydın görünür. Kiçik qanaxmalar qanın laxtalanması hesabına özü dayanır. Bəzi hallarda zədələnmiş qan damarlarının mənfəzi böyük olur və ya qan böyük təzyiqlə axır, qanın laxtalanması bu zaman çətinləşir. Belə hallarda, qanaxma həyat üçün təhlükəlidir. Xarici qanaxmanı adətən dayandırmaq asandır. Qanaxma daimi və müvəqqəti dayandırılır. İlk yardım mərhələsində (hospitalaqədərki dövrdə) qanaxma müvəqqəti dayandırılır. Qanaxmanın daimi dayandırılması xəstəxana şəraitində həyata keçirilir. Mümkün olduqda birdəfəlik əlcəklərdən istifadə edin, yardımdan əvvəl və sonra əllərinizi sabunla yuyun.

Qanaxmanın dayandırılması üçün aşağıdakı üsullardan istifadə olunur

 1. Birbaşa sıxmaq

Xarici qanaxmanın birbaşa sıxmaqla dayandırılmasında əl və barmaqlardan istifadə edilir. Qan axan yeri bir-başa sıxmaqla qanaxma kəsilir və qan laxtasının əmələ gəlməsinə imkan yaranır. Qan laxtası qan axan damarı tutur. Damarın birbaşa sıxılması 10 dəqiqədən artıq olmamalıdır. Sonra sıxılan yer buraxılır və lazım gələrsə, yenidən 10 dəqiqə ərzində sümüyə sıxılır.

Hal-hazırda yara üzərinə birbaşa təzyiqin müxtəlif şəkildə tətbiqi məsləhət görülür. Qan axan damar steril salfet və ya bərk tənzif tampon vasitəsilə yaranın üstündən və ya ətraflarından sıxılır. Steril material olmadıqda qanaxma birbaşa barmaqla və ya əllə sıxılmalıdır. Açıq sınıqlarda sınmış sümük fraqmentləri olduğu üçün qanaxmanın dayandırılmasında birbaşa təzyiq məsləhət görülmür.

- Əllə sıxmaq. Qanaxmanı tez dayandırmaq üçün damarı və ya yaranı əllə (barmaqla) sıxın. İmkan varsa yara üzərinə steril və ya təmiz tənzif qoyub, barmaqla və ya əllə birbaşa sıxıb, qanaxmanı dayandırın. Əl altında steril və ya təmiz tənzif olmadıqda onu axtarmağa çalışmayın, qanaxmanı əllə dayandırın. Əgər birbaşa təzyiq tətbiq etmək mümkün deyilsə (yarada yad cisimlərin olması və s.), belə hallarda yaradakı yad cisimin hər tərəfindən təzyiq göstərməklə qanaxmanı dayandırın.

Qanaxma dayanmadıqda, qoyulmuş steril tənzifi bir qədər qaldıraraq qanaxma yerini dəqiqləşdirdikdən sonra oraya bükülmüş steril tənzif və ya ona uyğun əşya əlavə edib birbaşa sıxın. Yara üzərinə təzyiqin tətbiq edilməsi yaradan qan axınını məhdudlaşdırır və normal laxtalanmanı təmin edir. Ümumi halda yaraya steril sarğı qoymaqla müəyyən təzyiqin yaradılması vasitəsilə qanaxmanı dayandırmaq olar.

Zədələnmiş ətraf zərərçəkən və ya xilasedici tərəfindən qorunub, sabit vəziyyətdə saxlanılmalıdır.

- Barmaqla sıxmaq. Bu üsuldan istifadə etmək üçün bu və ya digər arteriyanın dərində olmadığı və onun sümüyə sıxmanın mümkün olduğu yeri bilmək lazımdır. Belə yerlərdə həmişə nəbz barmaqla hiss olunur.

Bundan başqa, bədəndə məlum nöqtələr mövcuddur ki, arteriya damarlarını barmaqla və əllə sümüyə sıxıb qan axmanı dayandırmaq olar. Bu nöqtələrin yerini bildikdə, onların axtarışına vaxt itirmədən, qanaxmanı dayandırmaq mümkündür. Arteriyanın yara nahiyəsindən yuxarıda barmaqla sıxılıb saxlanması istənilən şəraitdə qanaxmanı müvəqqəti olaraq dayandırır. Bu, ən sadə və praktik üsuldur. Qanaxmanı zəiflətmək üçün əlavə tədbir kimi bədənin müəyyən nöqtələrində arteriyaları sümüyə sıxmaq üsulundan istifadə etmək olar. Bu nöqtələrə sıxma nöqtələri deyilir.

Arteriyaları sıxma nöqtələri

» Aşağı və yuxarı ətraflarda qanaxmanı dayandırmaq üçün istifadə olunan əsas sıxma nöqtələri bazu və bud arteriyalarının xüsusi sahələrindədir.

» Boyun və başdakı qanaxmalar zamanı çənəaltı və yaxud gicgah arteriyasını sıxmaq lazımdır. Başın tüklü hissəsindən qanaxma olduqda gicgah arteriyasını gicgah sümüyünə sıxmaq kifayətdir.

» Çiyin qurşağı nahiyəsində, çiyində, saitdə qanaxmalar baş verdikdə körpücükaltı nahiyədəki körpücükaltı arteriyanı birinci qabırğaya, yaxud da çiyin arteriyasını çiyinin daxili səthi boyunca (ikibaşlı əzələnin daxili kənarı boyunca) çiyin sümüyünə sıxmaq lazımdır.

»  Aşağı ətrafların qanaxması zamanı qasıq büküşündə bud arteriyasını sıxmaq lazımdır. Bud arteriyası qasıq büküşünün ortasından keçir. Qasıq büküşünə təzyiq etmək üçün zərərçəkənin dizini əyin və baş barmaqla (yumuruq, pəncə) qasıq büküşünün ortasını sıxın. Zədələnmiş arteriyaları göstərilən yerlərdə olduqca bərk şəkildə bir neçə barmaqla (bud arteriyasını ovucla və ya yumruqla) sıxmaq lazımdır.

2. Ətrafların yuxarı qaldırılması üsulu

Ətrafların yuxarıya qaldırılmış vəziyyətdə saxlanması kiçik damarlarda, əsasən kiçik venalarda baş verən zəif qanaxmaları dayandırmaq üçün istifadə olunur. Əgər əzələ və sümük zədələnməsi yoxdursa, qan axan nahiyəni sıxmaqla bərabər yuxarı qaldırın. Zədələnmiş nahiyənin dikəldilməsi də qan axınını zəiflədir və laxtalanmaya kömək edir. Buna görə də birbaşa sıxmadan sonra zədələnmiş qolu və ya ayağı ürək səviyyəsindən yuxarıda saxlamaq (dikəltmək) məsləhətdir.

3. Ətrafları maksimal büküb qanaxmanı saxlamaq üsulu

Ətrafların oynaqlardan maksimal bükülməsi çox zaman zərərçəkən tərəfindən özünə yardım kimi həyata keçirilir. Ətrafların bu vəziyyətdə saxlanılması zamanı bükük yerlərindəki qan damarları sıxılır. Bükülmüş oynaq çuxuruna pambıq topası, hər hansı parçadan hazırlanan tampon, fərdi paket və ya istənilən elastik yumşaq əşya qoyub ətrafın bükülən hissələrini bir-birinə sıxmaqla təsiri gücləndirmək olar. Bazu nahiyəsində qanaxma zamanı dirsək oynağından, baldır nahiyəsində diz oynağından, bud nahiyəsində bud-çanaq oynağından ətrafları maksimal bükməklə qanaxma saxlanılır.

4. Yaraya sıxıcı (təzyiqedici) sarğının qoyulması

Bəzi güclü qanaxmalar zamanı yaranın birbaşa sıxılması və ətrafın yuxarı qaldırılması qanaxmanı dayandırmağa kömək etmirsə, sıxıcı (təzyiqedici) sarğı qoyun. Qanaxmanı dayandırmaq üçün steril, olmadıqda təmiz materiallardan (salfet, tənzif) istifadə edin. Steril (təmiz) tənzif yaranın üstünü və ətraflarını əhatə etməlidir. Yaranın üzərinə steril salfet (tənzif) qoyduqdan sonra üstündən bintlə və ya başqa sarğı materialı ilə sıxıcı sarğı qoyun.

 Sıxıcı (təzyiqedici) sarğılar tamponla və tamponsuz qoyulur

 Tamponsuz qoyulan sıxıcı (təzyiqedici) sarğı

Arteriyalardan fərqli olaraq vena və kapilyarlarda təzyiq nisbətən aşağı olduğundan və dərində yerləşmədiyinə görə venoz və kapilyar qanaxmanın qarşısını almaq məqsədi ilə sıxıcı (təzyiqedici) tarım qoyulan sarğılardan istifadə olunur. Qanaxma olduqda zədələnmiş ətrafı yuxarı qaldırıb, yaranın üstünə sıxıcı sarğı qoymaq lazımdır.

Qanaxma davam edərsə, birinci sarğını açmadan, üstündən ikinci sıxıcı tarım sarğı qoyun. Əvvəlki sarğını yenisi ilə əvəz etməyin, çünki artıq orada laxtalanma prosesi gedir. Əgər siz sarğını dəyişsəniz, qanaxma artacaq. Bu üsulla bütün kiçik vena və kapilyarlardan olan qanaxmanı dayandırmaq olar. Qanaxma dayanmadıqda, ikinci sarğının üzərindən üçüncü sarğı qoyun.

Tamponla qoyulan sıxıcı (təzyiqedici) sarğı

Arteriyalar dərində yerləşdiyindən və qan arteriyalarda böyük təzyiq altında olduğundan bəzi arterial qanaxmaları asanlıqla saxlamaq olmur. Bu cür qanaxmaları dayandırmaq üçün sıxıcı sarğını tamponla qoyurlar.

Yaranın üzərinə steril salfet qoyduqdan sonra salfetin üzərinə yaranın ölçüsünə uyğun möhkəm burulmuş tənzifdən və ya hər hansı parçadan hazırlanan tampon qoyun. Tamponu ətrafa tarım sarıyın. Qanaxmanın dayanması üçün tampon yaraya azı 7–10 dəqiqə ərzində möhkəm təzyiqlə sıxılmalıdır.

Bundan sonra - ətrafı immobilizasiya edin və ya zərərçəkənə rahat vəziyyət verin. Bu cür sarğı digər zədələnməmiş damarların fəaliyyətini pozmur, sinir və əzələləri sıxmır. Sarğı yaranın üstündən sürüşərək yerini dəyişərsə və ya qanaxma dayanmazsa sarğının üstündən əlavə bir sarğı da qoyun və bərk sıxın. Qanaxma dayanana qədər sıxmağı davam edin.

5. Boyunun aşağı hissəsində yuxu arteriyasının qanaxması zamanı ilk yardım

Sıxılmış yerə tampon, bint topası və ya bir neçə dəfə qatlanmış qalın parça qoyub, sarğını təsbit edin.

6. Boyunun yuxarı hissəsində yuxu arteriyasının qanaxması zamanı ilk yardım

 Turnanı qarşı tərəfdəki qaldırılmış qolun üzərindən keçirin.

7. Turnanın qoyulması

Turnanın qoyulmasına çox da aludə olmayın. Turnadan istifadə etmək təhlükəlidir və məsləhət görülmür. Qanaxmaların dayandırılması üçün turnanın qoyulması axırıncı vasitə olmalıdır. Turna yalnız yuxarıda göstərilən üsullar kömək etmədikdə ancaq tək borulu sümüklər olan ətraflara (yuxarı ətraflarda – bazu sümüyünün, aşağı ətraflarda isə – bud sümüyünün üzərinə) qoyulur. Turnanın istifadəsi arzu olunmaz fəsadlarla nəticələnə bilər. Turnanın düzgün qoymaq heç də asan deyil. O, düzgün qoyulmadıqda, qan damarlarını, sinirləri, yumşaq toxumaları zədələyir və onların qidalanmasını pozur.

Buna görə turna hazırlıqlı xilasedici tərəfindən istifadə edilməlidir.

Qanaxmanın müvəqqəti dayandırılması üçün xüsusi, həm də əl altında olan vasitələrdən istifadə etmək olar. Xüsusi vasitələr: uzunluğu 1–1,5 m olan nazik zolaq şəkilli rezin turna. Əl altında olan vasitələr: bel kəməri, tənzif, uzununa kəsilmiş dəsmal, burulmuş dəsmal və ya yaylıq, nazik rezin şlanq, bağ, lent, zolaq, parça və s.

Turnanın istifadə qaydaları

- Turna qanaxmanın müvəqqəti olaraq dayandırılması üçün xüsusi vasitədir. Turna ətrafların iri arteriyalarının zədələnməsi zamanı qoyulur. Turna qoyularkən aşağıdakı qaydalara əməl etmək vacibdir:

- turna yaradan yuxarı və mümkün qədər ona yaxın qoyulmalıdır;

- turna qolda dirsəkdən, aşağı ətrafda dizdən aşağı hissələrə qoyulmur;

- turna qoyularkən ətraflar yuxarı qaldırılmış vəziyyətdə tutulmalıdır;

-  turna paltarın və ya hər hansı bir yumşaq parçanın (yaylığın, ləçəyin, dəsmalın və s.) üstündən qoyulmalıdır (bu, dərinin əzilməsinin qarşısını alır, çünki turna həmin nahiyədə dərinin bükülməsinə, bu isə uzun müddət qaldıqda həmin yerdə qan dövranının pozulmasına səbəb ola bilər);

- turna dolaqları müntəzəm və ardıcılıqla qoyulmalıdır;

- turnanın uzun müddət saxlanılması ətrafların iflicinə və toxumaların ölməsinə gətirib çıxarır;

- turna göstərilən vaxtdan artıq qalarsa onu 5–10 dəqiqə boşaldıb, arteriyanı barmağla sıxırlar;

- turnanı təkrar qoyduqda onu əvvəlki yerindən bir qədər yuxarı bağlamaq lazımdır;

- turna qoyulduqdan sonra onun qoyulma vaxtı (tarix, saat, dəqiqə) yazılıb, turnanın altına qoyulmalıdır (bəzi hallarda vaxtı flamastrla zərərçəkənin alnına yazırlar);

- turna qoyulmuş yaralı dərhal, uzanmış vəziyyətdə tibb müəssisəsinə təxliyə edilməlidir;

- zərərçəkənin barmaqları (dırnaqları) tez-tez yoxlanılmalıdır (barmaqlar, dırnaqlar göyərirsə, turna qısa müddətə bir qədər boşaldılmalı və yaranın ətrafında qan dövranının bərpa olunmasına imkan yaradılmalıdır);

- turna düz qoyulubsa, ətraf avazıyır, ağrılı olur və üşüyür;

- ətraf üşüyərsə və ya hava soyuq olduqda ətrafı isti saxlamaq məqsədi ilə onu ədyalla (yorğanla) örtün.

 Turnanın qoyulduğu vaxt (tarix, saat, dəqiqə) mütləq qeyd olunmalıdır!

 Əl altında olan vasitələrdən turna əvəzi istifadə qaydaları

Turna olmadıqda əl altında olan vasitələrdən turna əvəzi istifadə oluna bilər: bel kəməri, tənzif, uzununa kəsilmiş dəsmal, burulmuş dəsmal, yaylıq, nazik rezin şlanq, bağ, lent, zolaq, parça və s. Yumşaq əşyaları buraraq sıxmaq üçün çubuqdan və ya ona oxşar alətlərdən istifadə etmək mümkündür. Lazımi təzyiq göstərilməsi üçün əl altında olan vasitədən olan sıxıcının (bundan sonra turna) eni 2,5–3 santimetrdən artıq olmamalıdır.

Mümkündürsə turnanı xəsarət almış nahiyədən 5 santimetr yuxarıda yerləşdirin. Əl altında olan sıxıcı vasitə

turna kimi paltarın və ya hər hansı bir yumşaq parçanın üstündən qoyulmalıdır.

-   Turnanı qoyulacaq yerə boş dolayaraq düyünləyin.

-   Çubuğu düyünün altından keçirib, qanaxma dayanana qədər burun.

-   Turnanın boşalmaması üçün çubuğun uclarını tənziflə ətrafa bərkidin.

-   Turnanın qoyulduğu vaxtı qeydə alın.

-   Mümkün qədər tibbi yardımı tezləşdirin.

Turnanın qoyulması qanaxmanın tez bir zamanda müvəqqəti olaraq dayandırılmasının əsas üsuludur. Turnanı sıxıcı sarğının köməyi olmadıqda, həyat üçün təhlükə yarandıqda qoymaq məqsədəuyğundur. Bir tərəfdən düz qoyulan turna tamamilə ətrafların qanla təchizatını dayandırır və toxumaların qidalanmasını pozur, digər tərəfdən düz qoyulmayan turna səthdəki venaları sıxaraq qanın ürəyə qayıtmasına maneçilik törədir və nəticədə qanaxma güclənir.

9. Ətraflara şinlərin qoyulması

  Qanaxmanın dayandırılması üsullarından biri də, ətraflara şinlərin qoyulmasıdır. Yaralanmış ətrafda hər hansı bir hərəkət qanaxmanı gücləndirir və əlavə damarların zədələnməsinə səbəb olur. Ətrafda qan dövranını (sirkulyasiyanı) azaltmaq üçün şinlərdən istifadə olunur. Belə hallarda ən yaxşı şin hava ilə doldurulmuş pnevmatik şinlərdır. Qanaxmanı tez dayandırmaq üçün pnevmatik şindən istifadə etmək olar. Bütün alətlər şəffaf olmalıdır ki, qanaxmanı müşahidə etmək mümkün olsun.