Zərərçəkənlərin vəziyyətlərini düzgün qiymətləndirmək və onlara ilk yardım göstərilməsinin qayda və üsul-larını öyrənməzdən əvvəl qısa olaraq insan anatomiyası və fiziologiyasının əsasları ilə tanış olmaq lazımdır. İnsan bədəninin anatomiyası və fiziologiyasını bilmədən bədbəxt hadisə zamanı zərərçəkənə ilk yardım göstərmək çətinləşir. Hər bir canlı orqanizmin əsas quruluşunu hüceyrələr təşkil edir. Quruluşuna və funksiyasına görə oxşar olan hüceyrələr ayrı-ayrı toxumaları təşkil edir. İnsan orqanizmində 4 növ toxumalar mövcuddur: epitel (dəri, selikli qi-şalar), birləşdirici (sümüklər, bağlar və s.), əzələ və sinir. Hüceyrələr toxumaları, müxtəlif toxumaların birləşməsi isə orqanları yaradır. Orqanlar funksiyalarına görə sistemlərə daxil olur. İnsan orqanizminin əsas sistemləri aşağıdakılardır: dayaq-hərəkət sistemi, tənəffüs sistemi, ürək-damar siste-mi, həzm sistemi, ifrazat sistemi, müdafiə sistemi, sinir sistemi, hissiyyat sistemi və daxili sekresiya sistemi.