MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Zərərçəkənlərin vəziyyətlərini düzgün qiymətləndirmək və onlara ilk yardım göstərilməsinin qayda və üsul-larını öyrənməzdən əvvəl qısa olaraq insan anatomiyası və fiziologiyasının əsasları ilə tanış olmaq lazımdır.
İnsan bədəninin anatomiyası və fiziologiyasını bilmədən bədbəxt hadisə zamanı zərərçəkənə ilk yardım göstərmək çətinləşir. Hər bir canlı orqanizmin əsas quruluşunu hüceyrələr təşkil edir. Quruluşuna və funksiyasına görə oxşar olan hüceyrələr ayrı-ayrı toxumaları təşkil edir. İnsan orqanizmində 4 növ toxumalar mövcuddur: epitel (dəri, selikli qi-şalar), birləşdirici (sümüklər, bağlar və s.), əzələ və sinir. Hüceyrələr toxumaları, müxtəlif toxumaların birləşməsi isə orqanları yaradır. Orqanlar funksiyalarına görə sistemlərə daxil olur.
İnsan orqanizminin əsas sistemləri aşağıdakılardır: dayaq-hərəkət sistemi, tənəffüs sistemi, ürək-damar siste-mi, həzm sistemi, ifrazat sistemi, müdafiə sistemi, sinir sistemi, hissiyyat sistemi və daxili sekresiya sistemi.
Bütün bu sistemlər mürəkkəb şəkildə bir-biri ilə əlaqədar olub, vahid bir orqanizmi təşkil edir. Əgər hər han-sı bir orqanda dəyişiklik baş verirsə, bu, orqanizmin ümumi fəaliyyətinə təsir göstərir. Orqanizmin tamlığı sinir-hu-moral tənzimlə təmin olunur.
- DAYAQ-HƏRƏKƏT SİSTEMİ
Dayaq-hərəkət sistemi sümüklərdən, əzələlərdən və bağlardan ibarətdir. Sümüklərin birləşməsi skeleti əmə-lə gətirir ki, bu da insan bədəninə forma verir, dayanıqlı olmasına və həyati vacib daxili orqanların mühafizəsinə xidmət edir. Xilasedici bu sistemlərin əlaqəsini, anatomik oriyentirini (səmtini) bilməlidir.
- İnsanın skeleti
Sümük sistemi bədənə forma vermək və həyati vacib daxili orqanları müdafiə etməyə xidmət edir. Bu sistem müxtəlif ölçülü və formalı sümüklərdən ibarətdir. Sümüklər oynaqlar vasitəsilə bir-birinə bağlanır. Əzələlər, və-tərlər və bağlar oynaqları saxlayır.
Skelet (yunanca skeletos – qurumuş) bədəndə olan sümüklərin cəmini təşkil edir. Yaşlıların skeleti 200-dən çox sümükdən ibarətdir, çəkisi 5–6 kq olub 34-ü tək, qalanı cütdür. İnsan skeleti 4 hissədən ibarətdir: kəllə, gövdə, yuxarı və aşağı ətraf sümükləri.
Kəllə – beyin və üz hissələrinə bölünür. Kəllə sümükləri daxildə yerləşən beyini qoruyur. Üz bir neçə sümükdən təşkil olunub. Onlardan ən böyüyü yuxarı və alt çənə sümükləridir. Kəllə onurğa ilə birləşir.
Gövdə skeleti onurğadan, 12 cüt qabırğadan və döş sümüyündən ibarətdir.
Onurğa 33 fəqərədən təşkil olunub: 7 boyun, 12 döş, 5 bel, 5 oma, 1 büzdüm sümüyü (4 fəqərənin birləşmə-si). Onurğanın içərisində kanal var, orada onurğa beyni yerləşir. Bu 33 fəqərə onurğa beynini qoruyur və bədənimi-zi şaquli vəziyyətdə saxlayır. Onurğa sütunu oma ilə qurtarır və çanağa birləşir.
Döş qəfəsi 12 cüt qabırğadan, döş sümüyündən və onurğanın 12 döş fəqərəsindən təşkil olunub. 12 cüt qabır-ğa döş qəfəsinin yan divarlarını təşkil edir, ucları ilə öndə döş sümüyü və arxada 12 döş fəqərəsi ilə birləşir. Axırın-cı iki cüt qabırğa döş sümüyü ilə birləşmir (sərbəst qabırğa). Qabırğalar və döş sümüyü ürək və ağciyər daxil ol-maqla həyati vacib orqanları müdafiə edir. Onlar həmçinin qarın boşluğunda qaraciyəri və dalağı da müdafiə edirlər.
Döş sümüyü döş qəfəsində orta ön xətt üzrə yerləşir. Döş sümüyünün aşağı hissəsi xəncərəbənzər çıxıntı adlanır və ürək-ağciyər reanimasiya tədbirlərinin aparılmasında oriyentir kimi mühüm əhəmiyyət kəsb edir.
Aşağı ətraf sümükləri çanaq və bir cüt azad aşağı ətraf sümüklərindən təşkil olunub. Aşağı ətraf sümükləri bədənin şaquli (vertikal) vəziyyətdə durmasını və hərəkətlərini tənzimləyir.
Çanaq piyalə formasında olub bədənin bütün yuxarı hissəsini üzərində saxlayır. Çanaq arxadan onurğa və büzdüm sümüyü ilə, yanlardan isə bir cüt azad aşağı ətraflarla birləşir. Çanaq sidik kisəsini, bağırsağın aşağı şöbə-sini, uşaqlıq və yumurtalığı müdafiə edir.
Aşağı ətraf sümükləri bud sümüyü, diz qapağı, baldır sümükləri (qamış və incik) və ayaq sümüklərindən (ayaq daraqarxası, ayaq darağı və ayaq barmaqları) ibarətdir.
Aşağı ətraf oynaqları:
» bud-çanaq oynağı bud sümüyünü çanaqla birləşdirir;
» diz oynağı bud sümüyünü diz qapağı, qamış və incik sümükləri ilə birləşdirir;
» aşıq-daban oynağı qamış, incik sümüklərini ayaq sümükləri ilə birləşdirir.
Yuxarı ətraf sümükləri yuxarı ətraf qurşağı və bir cüt azad yuxarı ətraf sümüklərindən təşkil olunub.
Yuxarı ətraf (çiyin) qurşağı kürək və körpücük sü-müklərindən ibarətdir. İki körpücük sümüyü döş sümüyü və kürəklər arasında dayaq yaradıb yuxarı ətrafları saxlayır. Yuxarı ətraf sümüklərinə bazu sümüyü (qolun yu-xarı hissəsi), bazu önündə said sümüklər (mil və dir-sək) və əl sümükləri (bilək, əl darağı və barmaqlar) aiddir.
Yuxarı ətraf oynaqları:
» çiyin oynağı bazu sümüyünü kürək və körpücük
sümükləri ilə birləşdirir;
» dirsək oynağı bazu sümüyünü mil və dirsək
sümükləri ilə birləşdirir;
» mil-bilək oynağı mil və dirsək sümüklərini əl daraqarxası sümükləri ilə birləşdirir.
2. Əzələ sistemi
Bu sistem bədənə forma verir, hərəkəti tənzimləyir və daxili orqanları qoruyur.
Üç növ əzələ mövcuddur:
» Hərəkəti tənzimləyən iradi skelet əzələləri insanın öz iradəsi ilə yığılıb açılır, bədənin formasını və hərəkətini tənzimləyir. Bu əzələlərin işi bilavasitə beyin və sinir sisteminə tabedir. İnsan öz istəyi ilə bu əzələləri yığır və açır.
» Qeyri-iradi əzələlər (saya əzələ toxuması) insanın iradəsindən asılı olmayaraq avtonom (vegetativ) sinir sistemi ilə tənzimlənir (yığılıb açılır).
Bu əzələ toxuması damarların divarında, bronxlarda (tənəffüs yollarında), sidik-cinsiyyət sistemində, mədə və bağırsaqlarda olur.
» Ürək əzələsi yalnız ürəyə xas olan xüsusi əzələdir. Bu əzələ unikal funksiya yerinə yetirir: ürəyin avtomatizminə səbəb olur, yəni ürək orqanizmdən kənarda olduqda da bir müddət öz fəaliyyətini fizioloji məhlulun təsiri ilə da-vam etdirir. Bundan əlavə ürək əzələsi sinir impulslarını və qanın qovulmasını tənzimləyir.
- TƏNƏFFÜS SİSTEMİ
Bu sistemin həyati vacib funksiyası – oksigeni (O2) toxumalara çatdırıb, karbon qazını (CO2) orqanizmdən xaric etməkdən ibarətdir.
Oksigen bütün toxumalar və hüceyrələr üçün həyati vacib qazdır. Oksigensiz həyat yoxdur. Beyin hüceyrələri 5–6 dəqiqə ərzində oksigenlə təmin edilməzsə, beyin toxu-malarında gedən çürümə proseslərinin qarşısını almaq mümkün olmur. Maddələr mü-badiləsi zamanı hüceyrələr oksigeni mənimsəyir və əlavə məhsul kimi karbon qazını xaric edir. Karbon qazı əlavə məhsul kimi ağciyərlər vasitəsilə bədəndən çıxarılır. Bu funksiyaların hər hansı birinin pozulması hüceyrələrə məhvedici təsir göstərir, dağılmasına səbəb olur və bu da nəticədə ölümə gətirib çıxarır.
- Tənəffüs sisteminin anatomiyası
Tənəffüs sisteminin anatomiyası – ağız və burun boşluğundan başlayır. Bu boşluqlar arxada burun-udlaq və ağız-udlaqla birləşir. Yuxarı tənəffüs yollarında hava tozdan təmizlənir, nəmlənir və isinir.
Udlaq – hava və qida (su) keçirməyə xidmət edir. Buna görə burada tənəffüs yollarının tutulması ehtimalı çoxdur. Dil ağız boşluğunda yerləşdiyinə baxmayaraq, tənəffüs sisteminə aid deyil, lakin o, tənəffüs yolunun tutul-masına səbəb ola bilər.
Udlağın aşağı hissəsində qırtlaq yerləşir. Qırtlaq üzüyəbənzər, qalxanabənzər, qırtlaq qapağı və s. qığırdaqlardan təşkil olunub. Qırtlaq qapağı udlaqdan aşağıda yerləşir. Onun forması yarpaq şəklindədir və udqunma zamanı qidanın və suyun traxeyaya düşməsinə imkan vermir. Qırtlaq qapağın altında traxeyaya keçid var. Qırtlağın bu yerində səs telləri yerləşir. Bu, tənəffüs yollarının ən dar yeridir. Traxeya (nəfəs yolu) – döş qəfəsində yerləşir və sonradan iki bronxa ayrılır.
Hava sol və sağ ağciyərlərə və sonra daha xırda bronxlara və bronxiollara – qan kapilyarları ilə əhatə olun-muş alveollara daxil olur. Alveolların divarından venoz qandan karbon qazı ayrılır, oksigen isə alveol havasından qana daxil olur.
Ağciyərlər (sol və sağ) – döş qəfəsində plevra kisələrinin daxilində yerləşir. Plevra kisəsi havasızdır, onlarda təzyiq mənfidir. Döş qəfəsinin və ağciyərlərin zədələnməsində hava plevra kisəsinə daxil olduğu üçün tənəffüsdə problem yaranır. Ağciyərlərdə qaz mübadiləsi gedir: oksigen alınır və karbon qazı xaric olunur. Döş qəfəsinin genişlənməsi nəticəsində ağciyərlərin elastik toxuması dartılır və hava nəfəs yollarına daxil olur. Sakitlikdə tənəffüsün sayı dəqiqədə 12–18 dəfədir, bu zaman ağciyərlərdən dəqiqədə 5–8 litr hava keçir. Fiziki gərginlik ağciyər ventilyasiyasını artırır.
Diafraqma – döş qəfəsini qarın boşluğundan ayıran möhkəm əzələ qatıdır. Onun əsas funksiyası qabırğaarası əzələlərlə birlikdə tənəffüs prosesində iştirakıdır. Ventilyasiya bu havanın ağciyərlərə daxil və xaric olmasıdır. Ha-va ağciyərlərə döş qəfəsində yaranan mənfi və müsbət təzyiq hesabına daxil və xaric olur.
- Tənəffüs sisteminin fiziologiyası
Ağciyərlərin əsas məqsədi oksigenlə zəngin olan havanı kapilyarlara sormaq, sonra ağciyərlərdə oksigeni karbon qazı ilə əvəz etmək və karbon qazı ilə zəngin olan havanı ağciyərlərdən xaric etməkdir. Diafraqma aşağı düşür, döş qəfəsi genişlənir və nəticədə hava ağciyərlərə daxil olur və qaz mübadiləsi gedir (nəfəsalma). Havada olan oksigen ağciyərlərin damarlarına keçir, karbon qazı isə qan damarlarından alveollara çıxır. Bundan sonra diafraqma yuxarı qalxır – döş qəfəsinin divarı sıxılır, hava ağciyərlərdən çıxır (nəfəsvermə).
- Uşaqların tənəffüs sisteminin xüsusiyyətləri
Uşaqlar qrupuna – yenidoğulmuşlar (bir neçə saat öncə doğulmuş uşaq), körpələr (yenidoğulmuşla bir yaş arasında olan uşaq) və bir yaşdan cinsi yetkinlik yaşına çatmamış uşaqlar daxildir.
Yenidoğulmuş və körpə uşaqların tənəffüs sistemi xüsusi diqqət tələb edir, çünki onlarda tənəffüs yollarının tutulması (obturasiyası) çox asanlıqla baş verir. Böyüklərdən fərqli olaraq, onlarda tənəffüs sisteminin bütün hissə-ləri kiçikdir, dil isə nisbətən böyükdür. Traxeya kiçik diametrli və elastik olduğuna görə tez əyilib qatlana bilir. Yenidoğulmuş və körpə uşaqların ölümü çox vaxt tənəffüs sisteminin fəaliyyətinin pozulması nəticəsində baş verir.
- ÜRƏK-DAMAR SİSTEMİ
Ürək-damar sisteminin əsas funksiyası oksigeni və qida maddələrini toxumalara çatdırmaq və maddələr mübadiləsi məhsullarını toxumalardan çıxarmaqdır. Ürək-damar sistemi ürəkdən və qan damarlarından (arteriyalar, venalar, kapilyarlar) ibarətdir.
- Ürək
Ürək döş sümüyü ilə onurğa arasında, 2/3 hissəsi döş qəfəsinin sol tərəfində, 1/3-i isə sağ tərəfində yerləşir. Ürəyin əsas funksiyası qanı bütün orqanizmə qovmaqdır.
Ürək 4 kameradan ibarətdir: yuxarı hissəsi iki (sağ və sol) qulaqcıqdan, aşağı hissəsi iki (sağ və sol) mədə-cikdən ibarətdir. Sağ qulaqcıq karbon qazı ilə zəngin olan qanı bütün bədəndən qəbul edir və sağ mədəciyə ötürür. Sağ mədəcik karbon qazı ilə zəngin olan qanı damarlarla ağciyərlərə çatdırır və orada karbon qazı oksigenlə əvəz olunur. Oksigenlə zənginləşən qan ağciyər damarları ilə sol qulaqcığa, oradan isə sol mədəciyə daxil olur. Sol mədəcikdən qan bədənin orqan və toxumalarına ötürülür.
Qulaqcıqlarla mədəciklər arasında, mədəciklərlə damarlar arasında qapaqlar var. Qapaqların vəzifəsi qanın geri qayıtmasının qarşısını almaqdır. Normada ürək yığılmalarının sayı dəqiqədə 60–80 dəfə təşkil edir. Ürəyin yığılması zamanı arteriyalarda təzyiq 120 mm c.sut. ( c.sut. – civə sütunu) yaxın olur, ürək boşalan zaman isə təzyiq 60–70 mm c.sut. təşkil edir.
- Qan damarları
Qan damarları arteriyalardan, venalardan və kapilyarlardan təşkil olunmuşdur. Bu damarlar vasitəsilə qan bütün orqanizmə çatdırılır. Ürəkdən başlayan damarlar arteriya adlanır, ürəyə qayıdan damarlar isə vena adlanır.
Damarlar böyük və kiçik qan dövranını əmələ gətirir.
- Böyük qan dövranı ürəyin sol mədəciyindən başlayır və ürəyin sağ qulaqcığında qurtarır.
Ürək yığıldıqda oksigenlə zəngin olan qanı ürəyin sol mədəciyindən aortaya vurur. Bir dəqiqə ərzində ürək aortaya 3,5 litrdən 5,5 litrədək qan vurur. Qan, aortadan diametri tədricən azalan arteriyalara, oradan isə arterial qanın toxumalar və orqanlar üzrə sonuncu yolu olan kapilyarlara daxil olur. Beləliklə ürək oksigenlə zəngin olan qanı bütün bədən hüceyrələrinə arteriya və kapilyar damarlar vasitəsilə çatdırır. Buradan isə karbon qazı ilə zəngin olan qanı venalar vasitəsilə ürəyin sağ qulaqcığına çatdırır.
- Kiçik qan dövranı ürəyin sağ mədəciyindən başlayır və ürəyin sol qulaqcığında qurtarır.
Ürək yığıldıqda karbon qazı ilə zəngin olan qanı ürəyin sağ mədəciyindən arteriyalar vasitəsilə ağciyərlərə çatdırır. Qan ciyərlərdən keçərək karbon qazını verib oksigenlə zənginləşərək, ürəyin sol qulaqcığına ağciyər venaları vasitəsilə qayıdır.
Daha sonra qan sol qulaqcıqdan sol mədəciyə daxil olur, buradan isə yenidən qanın böyük dövranı başlanır
* Arteriyalar – nisbətən qalın divarlı olub, əzələvi boru şəklindədirlər. Onlar oksigen və qida maddələri ilə zən-
gin qanı ürəkdən orqanizmin toxuma və hüceyrələrinə çatdırır. Ürək özü də öz arteriyaları ilə qidalanır, bu damarlar
tac (koronar) damarlar adlanır. Arterial qan oksigenlə zəngin olduğu üçün al qırmızı rəngdədir. Bəzi arteriyaların pulsasiyasını (nəbz) dəri səthində barmaqla hiss etmək (əlləmək) mümkündür. Onlar çox böyük əhəmiyyət kəsb edir.
Qan dövranını qiymətləndirmək məqsədi ilə əsas 5 arteriyanın yerini bilmək vacibdir.
» Yuxu arteriyası – beyini qanla təchiz edir. Onu boyun nahiyəsində, traxeyadan sağ və sol tərəfdə barmaqlarla hiss etmək (əlləmək) mümkündür: başı arxaya əyib şəhadət, orta və adsız barmaqları udlağın (hülqumun) üzərinə qoyaraq özünüzə (döş-körpücük-məməyəbənzər əzələyə) tərəf çəkin.
» Bud arteriyası – aşağı ətrafları qanla təchiz edir. Onu qasıq nahiyəsində, hər iki tərəfdə budla qarının bükü-mündə əlləmək olar.
» Mil arteriyası – yuxarı ətrafın aşağı hissəsini qanla təchiz edir. Onu baş barmaqdan bir az yuxarı, biləyin ön
nahiyəsində, saidin aşağı 1/3 hissəsində əlləmək olar.
» Bazu arteriyası – yuxarı ətrafın yuxarı hissəsini qanla təchiz edir. Onu bazunun içəri səthində, dirsəklə çiyin oynağının arasında əlləmək olar. Bu, ən çox uşaqlarda böyük əhəmiyyət kəsb edir.
» Ayaqarxası arteriya – ayaqüstü nahiyənin orta hissəsində əllənir.
Böyüklərdə normada sistolik təzyiq 120, diastolik təzyiq 80 mm c.sut. olur. Qan təzyiqini ölçmək mümkün olmadıqda, böyüklərdə nəbzin təyin edilməsi ilə minimal sistolik təzyiqi müəyyən etmək olar. Mil arteriyasında nəbz olduqda minimal sistolik təzyiq – 80, bazu – 70, bud – 60, yuxu – 50 mm c.sut. hesab olunur.
* Venalar – divarı nisbətən nazik olub, karbon qazı və maddələr mübadiləsi məhsulları ilə zəngin olan qanı
periferiyadan ürəyə daşıyır. Bu məhsullar sonradan ağciyərlərdən xaric olur. Karbon qazı ilə zəngin olduğu üçün venoz qan tünd qırmızı və ya şabalıdı rəngdə olur.
* Kapilyarlar – arteriyalarla venaları birləşdirən ən kiçik damarlardır. Bu kiçik damarlar oksigenlə karbon qazının mübadiləsini tənzimləyir.
- SİNİR SİSTEMİ
Sinir sistemi bütün orqan və sistemlərin fəaliyyətini tənzimləyir, orqanizmlə ətraf mühit arasında əlaqə yaradır. Sinir sistemi baş beyin, onurğa beyni və periferik sinirlərdən ibarətdir. Beyin ali psixi funksiyanı, təfək-kürü, emosiyanı və eyni zamanda əzələlərin iradi olaraq yığılmasını tənzim edir. Baş beyin həm də qeyri-iradi əzələlərin (mədə-bağırsaq traktında) yığılmasını tənzim edir.
Sinir sistemi əsas mərkəzi və periferik olmaqla iki yerə ayrılır.
- Mərkəzi sinir sistemi baş beyindən (kəllə daxilində yerləşir) və onurğa beynindən (onurğa sütununda yerlə-şir) ibarətdir.
- Periferik sinir sistemi hissiyyat və hərəki olmaqla, iki yerə ayrılır. Hissiyyat sinir sistemi informasiyasını bədənin müxtəlif yerlərindən onurğa və baş beyinə çatdırır. Hissiyyat sinirlərinin sonu dəridə, əzələlərdə və ya hər hansı bir orqanda yerləşir, qıcıqları qəbul edir. Hərəki sinir sistemi informasiyanı onurğa beyni və baş beyindən bütün sistem və orqanlara çatdırır. Məsələn: yanıq zamanı ağrı qıcığı hissiyyat sinirləri ilə onurğa beyninə, oradan da qıcıq hərəki sinirlərlə müvafiq əzələlərə ötürülür, nəticədə əzələlər yığılır və bədənin yanan hissəsi istilik mənbəyindən aralanır. Orqanizmin qıcığa qarşı belə reaksiyası refleks adlanır.
- DİGƏR SİSTEMLƏR
- Həzm sistemi orqanizm üçün lazım olan qidalı maddələri mənimsəyir. O, ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik, yoğun və düz bağırsaqlar, qarın boşluğunun ən böyük vəziləri olan qaraciyər və mədəaltı vəzi-dən ibarətdir. Həzm prosesi mədə-bağırsaq traktının müxtəlif şöbələrində ağız suyu, mədə və bağırsaq şirələ-rinin hesabına baş verir. Nazik bağırsaqdan qana qidalı maddələr sorulur, sorulmayan hissə isə yoğun bağır-saqlar vasitəsilə orqanizmdən xaric olur.
- Sidik sistemi. Sidik orqanları bədəndən suyun və duzun artığını, habelə maddələr mübadiləsindən sonra əmə-lə gələn zərərli maddələri sidiklə orqanizmdən xaric edir. Sidik orqanlarına böyrəklər, sidik axarları, sidiklik (sidik kisəsi) və sidik kanalı aiddir.
- Cinsiyyət sistemi cinsi orqanlardan ibarətdir. Kişi və qadın cinsiyyət sistemi mövcuddur.
- Duyğu orqanları (görmə, müvazinət-eşitmə, qoxu, dad, dəri) vasitəsilə orqanizm daxili və xarici qıcıqları
qəbul edir və sinir impulslarına çevirir, öz növbəsində görməni, eşitməni, hissiyyatı, qoxunu və dadı təmin edir. Dəri, bədənin səthini örtərək onu xarici təsirlərdən (isti, soyuq) qoruyur, bakteriyalar və mikroorqa-nizmlərə qarşı sədd yaradır. Dəri vasitəsilə orqanizmdən müxtəlif duzlar, azot qalıqları və s. xaric olunur. Dəri ilə sutka ərzində 500 ml tər ifraz olunur. Dəri bədən temperaturunu tənzimləyir (orqanizmdən istilik itkisinin 82%-i dəri vasitəsilə baş verir). Dəri sinir ucları ilə zəngindir və ətraf mühitin qıcıqlarına (toxunma, hərarət, təzyiq, ağrı və s.) reaksiya verir və bütün ətraf mühitdən alınan informasiyanı baş və onurğa beyninə ötürür.
- Daxili sekresiya vəziləri (qalxanabənzər, mədəaltı, böyrəküstü, hipofiz, cinsiyyət və başqaları) müxtəlif
orqanların funksiyasını tənzim etmək üçün qana xüsusi maddələr (hormonlar) ifraz edir. Həmçinin orqanizmi daxili və xarici mühit dəyişikliklərinə uyğunlaşdırır.
İstifadə olunan ədəbiyyat:
- Курс по неотложной медицине для Учебных центров в Евразии. Руководство для преподавателей. Американский Международный Союз Здравоохранения. 2005.
- İnsanın normal anatomiyası. K.A.Balakişiyev. Maarif. Bakı, 1971.
- İnsanın anatomiyası və fiziologiyası. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.C.Məmmədova. Çaşıoğlu. Bakı, 2001.
- Yaş anatomiyası, fiziologiyası və gigiyenası. A.Q.Məmmədov, N.M.Novruzov, T.A.Məmmədova. Təknur MMC. Bakı, 2008