MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
HİPERREAKTİVLİYİN İNKİŞAF MEXANİZMİ
Bədən üçün yad olan hər hansı bir allergik maddə (antigen) orqanizmlə birinci dəfə təmasda olduqda onun bu maddəyə qarşı həssaslığı artır və orqanizm antigeni məhv etmək üçün anticisimlər yaradır. İlk kontaktda antigen nəzərəçarpan reaksiya vermir, amma orqanizmin buna qarşı həssaslığı artır. Belə ki, orqanizm eyni antigenlə təkra-rən təmasda olduqda anticisimlər antigenlə mübarizəyə başlayır. Anticisimlər məğlubiyyətə düçar olduqda allergik reaksiya (hiperhəssaslıq reaksiyası) baş verir və qana külli miqdarda vazoaktiv mediatorlar atılır. Vazoaktiv media-torlar (histamin, serotonin və s.) sinir impulslarının keçiriciləri olub, damarların sıxılmasına (spazma) və ya boşal-masına (iflicinə), bronxlarda spazmaya, kəskin tənəffüs və kəskin damar çatışmazlığına (şoka) səbəb olur.
Təcili tibbi yardım allergiyanın (hiperreaktivliyin) ildırım sürətli tipi zamanı xüsusilə zəruridir. Bu tipə ana-filaktik reaksiya da (anafilaksiya) aiddir. Anafilaksiya qida məhsulları və digər allergik maddə qəbulu nəticəsində yarana bilər.
* Allergik maddələr: yad zülallar (zərdab, peyvənd və s.), dərman preparatları (rentgen-kontrast maddələr, antibiotiklər (penisillin), aspirin və s.), bitki tozları, quş tükü, arı sancması, həşəratın toxunması və ya dişləməsi, qida məhsulları (xərçəng, yumurta, süd, şokolad, araxis (yerfındığı), qoz, fındıq, buğda, soya paxlası, kif göbələk-ləri, balıq, çiyələk və s.) hesab olunur.
- Allergik reaksiyanın ilkin təzahürləri (fəlakət xəbərçiləri)
Başlanğıc əlamətlər allergik maddənin (antigenin) orqanizmə daxil olduğu andan bir saata qədər davam edir. İlkin əlamətlər elədə cəlbedici olmaya bilər, məsələn, yüngül səpkidən, zökəm, dərinin arabir sancması və qaşınma-sı, dodaq və dilin keyləşməsi, təngnəfəslik, ağız suyunun artması, ürəkbulanma, narahatçılıq, döş qəfəsində və qarın boşluğunda ağrı, sidiyi saxlamama, görmənin pozulması və s. Bu xırda əlamətlərdən sonra həyat üçün təhlükə törədən fəsadlar təzahür edə bilər.
Allergik reaksiyanın ilkin təzahürləri (fəlakət xəbərçiləri) aşağıda göstərildiyi kimi geniş şəkildə dəyişə bilər:
» ümumi əlamətlər – baş, üz, əl, ovuc və ayaqaltı dərinin arabir sancması və qaşınması, dodaq və dilin keyləş-məsi, ölüm hissi, yayılmış qızartı (eritrodermiya), qaşınma;
» dəridə görünən əlamətlər – 90% hallarda övrə (urtikar səpkilər), dərinin köpəşik olması, dəri örtüklərinin solğunluqla əvəz edilən hiperemiyası, şiddətli tərləmə, əsnəyin və göz qapaqlarının ödemi, qanlı maye ilə dolu suluqların əmələ gəlməsi, angioödem (Kvinke ödemi, sifətin, boyunun, dilin şişməsi və s.);
» tənəffüs yolları – kəskin tənəffüs çatışmazlığı, müxtəlif dərəcəli təngnəfəslik (dispnoe), öskürək, xırıltı, döş qəfəsində və boğazda sıxılma hissi; stridor (nəfəs aldıqda xırıltılı səsin olması), bronxospazma, qırtlaq ödemi, ağciyər ödemi;
» mədə-bağırsaq – boğaz acışması və boğazda tikə qalma (yumaq) hissi, disfagiya (udmanın pozulması, çətinləşməsi), disartriya – artikulyasiyanın pozulması nəticəsində nitqdə qusur (artikulyasiya latın sözü olub müəyyən səsi tələffüz etmək üçün dodaqların, dilin, damağın, səs tellərinin gördüyü işə deyilir), ağız suyunun artması, ürəkbulanma, qusma, ishal (diareya), qarın boşluğunda ağrı. Qarın boşluğu (abdominal) əlamətləri “kəskin qarın”ı (kəskin apendisit, mədə və onikibar-maq bağırsaq xorasının deşilməsi, bağırsaq keçməməzliyi və s.) xatırladır və diaqnozun səhv qoyulmasına səbəb olur;
» nevroloji dəyişikliklər az hallarda ön planda olur (həyəcan, narahatçılıq, psixomotor oyanıqlıq, qorxu hissi ölüm qorxusu, kəskin baş ağrısı, başgicəllənmə, zəiflik, yuxululuq, psixi statusda pozğunluqlar, huşun itməsi qıcolmalar və ağızdan köpük ifrazı, qeyri-iradi sidik və nəcis ifrazı epilepsiyanı xatırladır), beyin ödemi simptomları (baş ağrıları, qusma, epileptiform tutmalar, hemiplegiya – bədənin bir tərəfinin (sağ və ya sol) iflici, afaziya – səsin olmaması və s.);
» ürək-damar əlamətləri kəskin ürək-damar çatışmazlığı simptomlarının üstünlüyü ilə keçir: tezləşmiş zəif nəbz, ürək nahiyəsində ağrı, döş qəfəsində ağırlıq və sıxılma, taxikardiya (ürək təqəllüsünün tezləşməsi – ürəyin çox tez-tez vurması), bəzən bradikardiya (ürək təqəllüsünün normadan az vurması), qan təzyiqinin aşağı düşməsi, hipotenziya, şok, aritmiyalar (ürək təqəllüsləri ritminin pozulması), miokard infarktı;
» sidiyi saxlamama, görmənin pozulması, hərarətin yüksəlməsi, oynaqlarda ağrı.
- İdiosinkraziya
İdiosinkraziya (anaflaksiyanın xüsusi formasıdır) çox hallarda irsi olur, məlum antigenlərlə təbii şəkildə tə-mas zamanı baş verir (bitki və adi toz, qida maddələri və s.). Nümunə olaraq bronxial astmanı, qida allergiyasını və ot tozundan yaranan allergiyanı göstərmək olar. Anafilaksiyadan fərqli olaraq idiosinkraziya allergik maddə ilə (antigenlə) ilk təmasdan sonra başlayır, orqanizmdə maddəyə qarşı həssaslığın artması və anticisimlərin yaranması baş vermir.
İdiosinkraziyanın klinikası anafilaksiya ilə eynidir (səpki, dərinin ödemi, halsızlıq). Anafilaktik şok çox hal-larda idiosinkraziyadan əziyyət çəkən insanlarda əmələ gəlir ki, bu da tibbi müayinə zamanı, habelə dəri təsirləri zamanı ola bilər. Təbii şəraitdə allergenin təsirindən adi reaksiya əmələ gəlir.
B ANAFİLAKSİYANIN ƏN AĞIR FƏSADLARI
Anafilaksiyanın ən ağır fəsadı kəskin tənəffüs və damar çatışmazlığıdır.
- Kəskin tənəffüs çatışmazlığı
Anafilaksiya zamanı ölümə səbəb kəskin tənəffüs çatışmazlığı ola bilər. Kəskin tənəffüs çatışmazlığı sindro-munun üstünlüyü ilə gedən anafilaksiya aşağıdakı əlamətlərlə özünü büruzə verir:
» qəflətən əmələ gələn və artan zəiflik;
» pulsasiya edən (döyüntülü) baş ağrıları, qorxu hissi;
» hava çatışmazlığı, döş qəfəsində sıxıntı, üzücü öskürək, ekspirator təngnəfəslik – nəfəsvermənin çətinləşmə-si, kəskin təngnəfəslik, ağciyər çatışmazlığı;
» stridor – nəfəs aldıqda nəfəsalmanın çətinləşməsi və eyni zamanda xırıltılı, fışıltılı, fitvari səsin mövcudluğu (təngnəfəsliyin inspirator tipi);
» astmatik tənəffüs, nəfəsvermə zamanı quru xırıltılar;
» ürək nahiyəsində ağrı;
» dəri örtüklərinin kəskin avazıması və sianozu, ağız nahiyəsində köpük;
» üzün və bədənin digər hissələrinin angionevrotik ödemi.
Kəskin tənəffüs çatışmazlığı proqressiv inkişaf edib ölümlə nəticələnə bilər.
Yuxarı tənəffüs yollarının obstruksiyası (qırtlağın ödemi) ölümə ən çox səbəb olan amillərdəndir. Aşağı tənəffüs yollarının obstruksiyası – bronxların spazması və selik ifrazının artması hesabına əmələ gəlir. Bu zaman nəfəs yolları şişir və zərərçəkənin tənəffüsü məhdudlaşır, nəticədə astmatik tənəffüs baş verir. Bronxların spazması, udlağın və qırtlağın ödemi nəticəsində boğulma (asfiksiya) baş verir ki, bu da başlanğıcda özünü təngnəfəslik, öskürək, stridor, döş nahiyəsində sıxıntı ilə büruzə verir. Bəzən xəstələr kəskin damar çatışmazlığı əlamətləri əmələ gələnə qədər tənəffüs çatışmazlığından vəfat edirlər.
- Kəskin damar çatışmazlığı
Anafilaksiya zamanı ölümün digər səbəbi kəskin damar çatışmazlığıdır. Burada distributiv şok əmələ gəlir, azərbaycan və rus ədəbiyyatında buna anafilaktik şokda deyillər (bax: “Şok anlayışı”). Belə ki, bu zaman qan axı-nının paylanması pozulur və distributiv (septik) şok əmələ gəlir. Bu, güclü allergik reaksiya olub anafilaktik şok (AŞ) kimi məlumdur. Hiperreaktivliyin sürətli tipinin ən aydın və təhlükəli təzahürü anafilaktik şokdur. Bir çox hallarda dərman preparatlarından sonra əmələ gəlir və tibb personalının yanında baş vermədikdə diaqnozun dəqiq-ləşdirilməsi çətinlik yaradır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dərmanın səbəb olduğu anafilaktik şok 1:10000 nisbətində əmələ gəlir və onların arasında ölüm halları 10% təşkil edir. İstənilən mənşəli anafilaktik şokun morfoloji təzahürü eynidir.
Anafilaktik şok, əksərən allergik xəstəliklərdən əziyyət çəkən şəxslərdə inkişaf edir. Anafilaktik şok hospita-lizasiya olunmuş 3000 xəstədən 1-də qeydə alınır. Dərman anafilaktik şokun əlamətləri qəflətən başlayıb 5–10 dəqiqədən sonra ölümlə nəticələnə bilər. Dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər çatır. Arı sancmasından ölüm göstəricisi 1000000 əhaliyə 0,4–2 hadisə təşkil edir. Anafilaksiya hər yaş qrupunda rast gəlir. Qida etiologiyalı anafilaksiya əsasən uşaqlarda, dərman mənşəli isə daha çox böyüklərdə müşahidə olunur. Yaşlı insanlarda yanaşı xəstəliklərin olması səbəbindən anafilaktik reaksiyadan ölüm riski daha yüksəkdir.
Anafilaktik şok
Anafilaktik şok sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması nəticəsində əmələ gəlir:
- həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyətdir;
- sürətlə inkişaf edən ağır hemodinamik (qan dövranı) pozğunluqlar törədir;
- orqanizmdə dərin hipoksiya (orqanizmdə oksigenin azalması) yaradır;
- həyati vacib orqanların (ürək, böyrək, qaraciyər, ağciyər, daxili sekresiya vəziləri, beyin) zədələnməsi ilə müşayiət olunur.
* Anafilaksiya zamanı qan axınının paylanması pozulur və distributiv (septik) şok əmələ gəlir.
Bu güclü allergik reaksiya olub anafilaktik şok (AŞ) kimi məlumdur. Hiperreaktivliyin ildırım sürətli tipinin ən aydın və təhlükəli təzahürü anafilaktik şokdur. Bir çox hallarda dərman preparatlarından sonra əmələ gəlir.
Toxumalarda baş verən hipoksiya (orqanizmdə oksigenin azalması) nəticəsində baş beyin, ağciyərlər, qaraciyər, böyrəklər, endokrin vəzilər, mədə bağırsaq traktı və s. fəaliyyəti pozulur, ocaqlı çürümə (nekroz) əmələ gəlir.
* Anafilaktik şokun əlamətləri:
- zəiflik, qulaqlarda küy, göz yaşının axması;
- dəri solğun, sianotik, ləkəli, soyuq və nəm (güclü, profuz tərləmə), bəzən dəri örtüyü “köz kimi qırmızı” olur;
- nəbz sapvari olur və tezləşir;
- arterial təzyiq sürətlə enir, ağır hallarda təyin edilmir;
- ürək tonlarının kəskin zəifləməsi;
- tədricən huş itir, qıcolma müşahidə olunur.
Ölüm ürək-damar çatışmazlığı əlamətlərinin güclənməsi fonunda baş verir. Anafilaktik şokun ağırlıq dərəcə-si antigenin orqanizmə daxil olduğu andan şoka qədər keçən vaxtdan asılıdır. Allergik maddənin (antigenin) miqda-rı əhəmiyyət daşımır.
* İldırım sürətli anafilaktik şok
Bəzən dərman preparatından anafilaktik şok ildırım sürətli olur (aydınlıq dövrü 1–2 dəq.). İldırım sürətli anafilaktik şok kəskin başlanğıc, arterial təzyiqin sürətlə düşməsi, huşun dərin pozulması, tənəffüs çatışmazlığı ilə səciyyələnir. Həyatı vacib orqanların zədələnməsi ilə əlaqədar, adətən, ilk dəqiqə və ya saatlarda ölüm baş verir. Aparıcı klinik əlamət kəskin tənəffüs çatışmazlığı və ya kəskin damar çatışmazlığından asılı olaraq, anafilaksiyanın ildırım sürətli gedişinin variantları ayırd edilir. İldırım sürətli anafilaktik şokun əlamətləri: kəskin solğunluq və ya sianoz, göz bəbəklərinin genişlənməsi, mikrosirkulyasiyanın pozulması, aqonal tənəffüs, bəzi hallarda ağciyərlərə qulaq asdıqda qəbiristan sükutu, klinik ölüm. Ən çox ölüm halları ildırım sürətli anafilaktik şokda allergenin orqanizmə daxil olmasından sonra 3–10 dəqi-qə ərzində baş verən şok zamanı rast gəlir.
- ALLERGİYANIN (hiperreaktivliyin) DİGƏR FORMALARI
» Artyus reaksiyası – iynə vurulmuş nahiyədə (inyeksiya yerində) intensiv iltihabı reaksiya.
» Zərdab xəstəliyi – yerli əlamətlərlə müşayiət olunur. Əlamətlər zərdab vurulduqdan 7–14 gün sonra meydana çıxır: qaşınma, övrə, dərinin qızarması (eritema), səpkilər və s. Üzdə, göz qapaqlarında, əllərdə, ayaqlarda ödemli şişkinlik, sinir sistemində qısa müddətdə keçən əlamətlər (bədənin bir tərəfli iflici, stupor, koma və s.) müşahidə olunur. Zərdab xəstəliyi xoşxassəlidir və nisbətən tez keçir. Ölüm halları əsasən qırtlağın obstruksiyası və ödemindən baş verə bilər.
» Övrə (urtikariya) – sürətli gedən allergik reaksiyanın klassik təzahürü olub qəflətən əmələ gəlir. Övrənin ilkin elementi köpəşiklərin olmasıdır. Övrə əzabverici qaşınma ilə müşayiət olunur və təcili müalicə tədbirləri tələb etmir.
» Nəhəng övrə – övrənin ağır formasıdır, lakin ona kəskin qaşınma xarakterik deyil. Xəstəlik qida məhsulları və dərman qəbulunda, infeksiya zamanı əmələ gələ bilər.
» Angionevrotik ödem (Kvinke ödemi). Ödem dərinin bütün qatlarını, dərialtı toxumanı, hətta əzələni əhatə edir və barmaqla basdıqda çökəklik əmələ gəlmir. Müxtəlif nahiyələrdə müşahidə olunur. Kvinke ödemi hansı orqan nahiyəsində əmələ gəlirsə, həmin orqana aid simptomlar meydana çıxa bilər. Ən təhlükəlisi – qırtlağın kəskin ödemidir. Belə ki, o, kəskin tənəffüs çatışmazlığı və asfiksiya ilə nəticələnə bilər.
» Kəskin epidermal nekroliz (Layell sindromu) – çox ağır anafilaktik reaksiyadır və istənilən dərmanın təsirin-dən əmələ gələ bilər. Dəri sanki qaynar su ilə yanıb. Uşaqlarda bu cür “pörtülmüş dəri” dərinin stafilokok infeksiyasında rast gəlinir. Əsas əlaməti zədələnmiş, eləcə də zədələnməmiş nahiyələrdə ağrıların olmasıdır. Dəriyə azacıq təzyiq etdikdə, epidermisin (dərinin üst qatının) çox hissəsi soyulur, yerində isə eroziya (yara) görünür. Dəri ağır yanıqlardakı kimi görünür.
- PROFİLAKTİKA və MÜALİCƏNİN ÜMUMİ PRİNSİPLƏRİ
- Profilaktika
Anafilaksiya üçün spesifik diaqnostik və ya laboratoriya müayinəsi yoxdur.
Müasir dövrdə apteklər şəbəkəsinə müxtəlif dərman preparatları daxil olur və onların pərakəndə qəbulu allergiyanın (hiperreaktivliyin) əmələ gəlmə riskini artırır.
» Allergiyanın (hiperreaktivliyin) qarşısını almaq üçün allergenin daxil olmasının qarşısını almaq vacibdir. Anamnez topladıqda “SAMPLE” abreviaturasından istifadə edin. İstənilən dərman preparatının istifadəsin-dən əvvəl zərərçəkənin və onun ailə üzvlərinin hər hansı bir maddəyə qarşı allergiyasının olmasını və bu maddələrin adını aydınlaşdırın. Allergik reaksiyaya səbəb olan dərmanları qəbul edən xəstələri 30 dəqiqə müşahidə altında saxlayın.
» İynəni birdəfəlik istifadə edilən şprislərlə vurdurun. Dərmanları ayrı-ayrı şprislərlə yeridin.
» Tanış olmayan dərmanları qarışdırmayın. Bir dərman preparatı ilə müalicəyə üstünlük verin.
» Allergiya (hiperreaktivlik) baş verərsə təcili tibbi yardım göstərməyə hazır olun.
» Arı sancması ehtimalını əhəmiyyətli dərəcədə azaltmaq və ya ondan tamamilə qaçmaq üçün bir sıra sadə təhlükəsizlik qaydalarına riayət edin:
- arı pətəklərindən və həşəratların digər toplanma yerlərindən (bazarlar, zibilxanalar) uzaq olun;
- ot üzərində ayaqyalın gəzməyin (həşəratı basmaq təhlükəsi səbəbindən);
- arıların bal yığma mövsümündə evdə pəncərələri torla pərdələyin;
- açıq yerlərdə qida qəbul etməyin və qida hazırlamayın (qida arıları cəlb edir);
- arıların bal yığma mövsümündə ətirli maddələrdən istifadə etməyin (ətirlər, saç üçün laklar, şampunlar və s.
həşəratları cəlb edir);
- bağ və ya bostanlarda işləyərkən bədənin çox az hissəsini açıq saxlayın, qalın parçadan şalvar və uzun qollu
paltarlar, ayaqlara isə qalın altlıqlı ayaqqabı geyin, baş örtüyündən istifadə edin;
- arı sancması zamanı neştəri barmaqlarla tutaraq çıxarmayın, çünki bu zaman zəhər kisəsi sıxılır və qalmış
zəhər zədələnmiş yerə daxil olur.
» Dərmandan anafilaktik şok keçirmiş xəstələrə müəyyən dərman preparatları və ya həlledicilərin təkrar daxil edilməsindən ölüm təhlükəsinin olması haqqında xəbərdarlıq edin.
» Qida məhsuluna qarşı allergik reaksiya zamanı bu qida məhsulu ömürlük və ya uzun illər müddətinə rasiondan çıxarın.
» Xəstələrə özləri ilə identifikasiya kartları və ya anafilaksiyaya meyllilik və onun səbəb agenti qeyd olunmuş qolbaqlar gəzdirmək tövsiyə edin.
* Allergenə həssas olan xəstələrə tövsiyə
Müəyyən bir allergik maddəyə qarşı həssas olan insanlar onun qarşısını almaq məqsədi ilə özlərində içərisin-də adrenalin olan şpris-tübiklər (epinefrin-adrenalin qələmi) saxlamalıdırlar.
Epinefrin (adrenalin) qələminin istifadə olunması:
- epinefrin qələmindəki təlimata əməl edin;
- qoruyucu örtüyü çıxarın;
- epinefrin qələmini elə tutun ki, əliniz qələmin digər ucundakı iynəyə dəyməsin;
- iynəni zərərçəkənin budunun ortasına (omba ilə dizin ortasına) və ya digər nahiyyəyə düz bucaq altında vurun (bəzi çıxılmaz hallarda iynəni paltarın üstündən də vurmaq olar);
- iynəni vurduğunuz yerdə təxminən 10 saniyə ərzində saxlayıb, düz çəkməklə çıxarın;
- iynə vurulduqdan sonra iynənin yerini 10 saniyə ovxalayın.
- epinefrin qələmini istifadə etdikdən sonra qaydalara uyğun olaraq qablaşdırın;
- inyeksiyanın vaxtını qeydə alın;
- təcili tibbi yardım briqadası gələnə qədər zərərçəkənin yanında olun.
Müəyyən bir allergik maddəyə qarşı həssas olan insanların evlərindəki dərman qutusunda aşağıda adı çəkilən dərmanların olması məsləhət görülür: 0,1%-li adrenalin, prednizolon (deksametazon), tavegil və aminofillin məh-lulları, steril şprislər. Hər preparatdan ən azı 4–5 ampula olmalıdır. Anafilaktik şok baş verdikdə müalicə tədbirləri qaydası haqqında xəstəyə göstərişlər verilir.
- Yardımın ümumi prinsipləri
Görülən tədbirlərə baxmayaraq (və ya onlara əməl etmədikdə) xəstəliyin fəlakət xəbərçiləri meydana çıxarsa, reaksiyanın hansı tipdə gedəcəyi naməlum olduğu üçün lazım olan tədbirləri ləngimədən ardıcıl yerinə yetirin.
İlkin məsələ – DRCABD:
- kəskin damar çatışmazlığına qarşı qabaqlayıcı tədbirlər və tibbi yardım;
- kəskin tənəffüs çatışmazlığına qarşı qabaqlayıcı tədbirlər və tibbi yardım;
- az təhlükəli klinik əlamətlərin aradan qaldırılması.
Allergik şok keçirmiş zərərçəkənlərə müəyyən dərman preparatları təkrar daxil edilməsindən ölüm təhlükə-sinin olması haqqında xəbərdarlıq edilməlidir. Allergiyadan əziyyət çəkən bütün xəstələrə yanlarında içərisində adrenalin olan şpris-tübiklər gəzdirmələri məsləhət görülməlidir. Qida məhsullarına qarşı allergik reaksiya zamanı bu qida məhsulu ömürlük və ya uzun illər rasiondan çıxarılmalıdır. Açıq sahələrdə (bağ, bostan və s.) işləyərkən bədənin çox az hissəsini açıq saxlamaq, qalın parçadan şalvar və uzun qollu paltar, ayaqlara isə qalın altlıqlı ayaqqabı geymək, baş örtüyündən istifadə etmək lazımdır.
- İLK YARDIM
Erkən diaqnoz, sürətli qiymətləndirmə və cəld müdaxilə ölümün qarşısını almaq üçün çox vacibdir.
Venadaxili penisillin yeridilməsi və arı sancması ölüm törədən anafilaksiya üçün iki əsas səbəbdir. Xilasedici zərərçəkənlə təmasda olduqda zərərçəkənin vəziyyətini, allergik reaksiyaların hansı şəraitdə əmələ gəldiyini, poz-ğunluqların dərəcəsini, həyat fəaliyyəti üçün təhlükəli əlamətlərin əmələ gəlmə ehtimalını qiymətləndirməli və təcili tədbirlərin aparılmasına hazır olmalıdır.
Fəlakət xəbərçiləri və ya kəskin tənəffüs və damar çatışmazlığı əlamətləri meydana çıxarsa sorğu aparılma-dan aşağıdakı tədbirləri ləngimədən ardıcıl yerinə yetirin.
» DRCABD alqoritminə istinad edərək hərəkət edin.
Qusma zamanı mədə möhtəviyyatının ağciyərlərə sorulmasının (aspirasiya) qarşısını almaq məqsədi ilə zərərçəkənin başını bir tərəfə çevirib, alt çənəni irəli çəkin.
» Tənəffüsü təmin edin
Allergenin daxil olması nəticəsində bronxların spazması, udlağın və qırtlağın ödemi nəticəsində boğulma (asfiksiya) baş verir. Tənəffüs yollarının keçiriciliyini və ağciyərlərin adekvat ventilyasiyasını təmin etmək üçün allergenin bədənə daxil olmasını dayandırmaq vacibdir. İmkan daxilində vaxt itirmədən təmiz hava və balon vasitəsilə oksigen verin.
» Allergik maddənin (antigenin) orqanizmə daxil olmasının qarşısını alın
- Allergenin sorulmasına əks təsir göstərin. Ətraflarda iynə vurulan (dişlənmə) yerdən gövdə tərəfə 30 dəqiqə-dən çox olmayaraq venoz turna qoyun (arteriyaları sıxmadan). Hər 10 dəqiqədən bir turnanı boşaldın. Tibb işçisi inyeksiya və ya sancma yerinin ətraflarına “üstəgəl” şəklində (baş, boyun, əl və pəncələr istisna olmaq-la) 5,0 ml izotonik natrium-xlorid (0,9%) məhlulu ilə qarışdırılmış 0,1% 0,5 ml epinefrin (adrenalin) inyeksiya etməlidir.
- Arı sancması zamanı neştəri bıçaq, dırnaq yeyəsi, dırnaq və ya başqa münasib əşyanın köməyi ilə dəri səthi
üzərində sürüşən hərəkətlərlə, əzmədən çıxarın.
- Allergik maddə burun və gözə düşərsə axar su ilə yuyun.
- Həzm sisteminə (mədə-bağırsaq traktına) düşmüş antigenin sorulmasını imkan daxilində azaldın (1–2 q/kq, 150 qramdan çox olmayaraq, aktivləşdirilmiş əzilmiş kömür 50–100 qr sorbitolla birlikdə və ya 300 ml maqnezium-sitratla). Qusma əmələ gətirmək və zərərçəkənin mədəsinin yuyulması məsləhət deyil.
» Şok zamanı zərərçəkəni uzadın. Beyinin qan dövranını yaxşılaşdırmaq məqsədi ilə zərərçəkəni arxası üstə uzadın, ayaqları təxminən 30 sm yuxarı qaldırın, soyuqdan və istidən qoruyun.
» Tənəffüs pozulması olan zərərçəkənlərdə tənəffüsün asanlaşması məqsədi ilə oturaq vəziyyətə üstünlük very-lə bilər. Hamilə qadınları (aorta-kaval kompressiyanın qarşısını almaq məqsədi ilə) sol tərəfi üstünə uzadın.
» Hospitalizasiya – xərəkdə uzanmış vəziyyətdə
Ləngimiş təkrari reaksiyanın baş verməsinin mümkünlüyünə görə, ciddi allerqik reaksiyası olan xəstələr 24 saat ərzində xəstəxanada müşahidə edilməlidir. Evə buraxılan xəstələrə antihistaminlərlə (dimedrol və s.) hər 4–6 saatdan bir 5 gün və steroidlərlə (prednizon 40 mq 5 gün) qısa müalicə kursu faydalı ola bilər. Onlara simptomların yenidən baş verə bilməsinə görə ehtiyatlı olmaq və evdə müalicə effektiv olmadıqda təcili olaraq xəstəxanaya qayıtmaq məsləhət görülməlidir. Layell sindromu zamanı isə imkan daxilində aseptik qaydalara riayət etməklə (steril mələfədə) təxliyə edilməlidir. Zəif allergik reaksiyası olan xəstələr (övrə, zəif bronxospazma) ən azı 6 saat ərzində müşahidə altında olmalıdırlar. Ağır reaksiyalar zamanı və ya allergen mədə-bağırsaq traktına düşmüşsə, tibbi yardım göstərdikdən sonra hospitalizasiya vacibdir.