MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Fövqəladə hal – qəzalar, təbii fəlakətlər, təhlükəli vəziyyətlər, qəfləti və digər bədbəxt hadisələr zamanı insanların tələfatı və ya tələfatına səbəb ola biləcək, o cümlədən onların sağlamlığına və ətraf mühitə xələl gətirəcək, əhəmiyyətli dərəcədə maddi itkilərə, insanların həyat fəaliyyətinə mənfi təsir göstərən və müəyyən ərazidə yaranmış vəziyyətdir. Fövqəladə halların nəticələrinin aradan qaldırılması dedikdə fövqəladə hallar baş verdiyi zaman insanların həyatının xilas edilməsi, onların sağlamlığının qorunması, ətraf mühitə dəymiş zərərin və maddi itkilərin minimuma endirilməsi, fəlakət zonasının lokallaşdırılması və onlara xas olan amillərin aradan qaldırılması məqsədi ilə həyata keçirilən axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər nəzərdə tutulur.
- FÖVQƏLADƏ HALLARIN TƏSNİFATI
Fövqəladə halların təsnifatında (1) zərərçəkənlərin sayı, (2) həyat fəaliyyəti pozulmuş insanların sayı,
(3) maddi ziyanın miqdarı və (4) fəlakət zonasının miqyası nəzərə alınmışdır.
Fövqəladə hallar miqyas və nəticə etibarı ilə lokal, yerli, regional, dövlət əhəmiyyətli və transsərhəd olur.
Lokal fövqəladə hallar zamanı zərərçəkənlərin sayı 10 nəfəri keçmir və ya 100 nəfərdən artıq insanın həyat fəaliyyəti pozulmur və ya fövqəladə halların vurduğu maddi ziyanın miqdarı minimum əmək haqqının 1 min misli həcmindən artıq olmamaqla və fəlakət zonası obyektin istehsalat və ya sosial əhəmiyyətli ərazisindən kənara çıxmır.
Yerli fövqəladə hallar zamanı zərərçəkənlərin sayı 10 nəfəri keçir, lakin 50 nəfərdən çox olmur və ya 100 nəfərdən 300 nəfərə qədər insanın həyat fəaliyyəti pozulur və ya fövqəladə halların vurduğu maddi ziyanın miqdarı minimum əmək haqqının 1 min misli həcmindən artıq olmaqla, lakin 5 min misli həcmindən artıq olmur və fəlakət zonası yaşayış məntəqəsi, şəhər və rayon ərazisindən kənara çıxmır.
Regional fövqəladə hallar zamanı zərərçəkənlərin sayı 50 nəfəri keçir, lakin 500 nəfərdən çox olmur və ya 300 nəfərdən 500 nəfərə qədər insanın həyat fəaliyyəti pozulur və ya fövqəladə halların vurduğu maddi ziyanın miqdarı minimum əmək haqqının 5 min misli həcmindən artıq olmaqla, lakin 0,5 milyon misli həcmindən artıq olmur və fəlakət zonası respublikanın iki rayonunun ərazisini əhatə edir.
Dövlət əhəmiyyətli fövqəladə hallar zamanı zərərçəkənlərin sayı 500 nəfəri keçir və ya 1000 nəfərdən artıq insanın həyat fəaliyyəti pozulur və ya fövqəladə halların vurduğu maddi ziyanın miqdarı minimum əmək haqqının 0,5 milyon misli həcmindən artıq olmaqla və fəlakət zonası respublikanın iki rayonunun ərazisindən kənara çıxır.
Transsərhəd fövqəladə hallar zamanı fəlakət respublika ərazisindən kənara çıxır və ya fövqəladə hal xarici dövlətin ərazisində baş verməsinə baxmayaraq, Azərbaycan Respublikasının da ərazisinə təsir göstərir.
Fövqəladə hallar zamanı aşağıda göstərilən üç vəziyyətdən biri yarana bilər:
- birinci halda fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yerli resurslar kifayət qədərdir;
- ikinci halda yerli resurslar kifayət qədər olmur və fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün qonşu regionların köməyinə ehtiyac olur.
- üçüncü halda fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün respublikanın resursları (lazım gəldikdə xarici dövlətlərin köməyi) cəlb olunur.
- TƏBİİ FƏLAKƏTLƏR
Yaranma mənbəyindən və xüsusiyyətlərindən asılı olaraq fövqəladə hallar aşağıdakı qaydada təsnifatlandı-rılır: təbii, texnogen, ekoloji və sosial xarakterli.
Cəmiyyətin normal fəaliyyətini pozan, insanların həyatını, maddi nemətlərin saxlanılmasını təhlükədə qoyan, qəfləti baş verən istənilən hadisə fəlakət adlanır.
1. İki fəlakət növü mövcuddur: təbii və texnogen
- Təbii fəlakətlərə aiddir: zəlzələ, tufan, qasırğa, su daşqınları, meşə yanğınları, qar uçqunları və s.
- Texnogen fəlakətlər insanlar tərəfindən törədilir. Buraya aiddir: yanğın, partlayış, ətraf mühitin kimyəvi və radioaktiv çirklənməsi, yol-nəqliyyat hadisələri, ictimai münaqişələr, silahlı qarşıdurmalar və s.
- Fəlakətin nəticələri bir neçə göstəricilərlə müəyyən olunur:
» fəlakətin tipi – bu zaman dağıdıcı təsirin intensivliyi, davametmə müddəti, nəticəni aradan qaldırmaq üçün cəlb olunmuş güc və vasitələrin sayı nəzərdə tutulur;
» fəlakət rayonlarında zərərçəkənlərin sayı – təkcə ölənlər deyil, eyni zamanda tibbi yardıma real ehtiyacı olanlar, yurdsuz-yuvasız qalanlar da nəzərdə tutulur;
» fəlakətin baş verdiyi ərazi – yerin relyefi, yolun, körpülərin olması, yaşayış yerinin tipi nəzərdə tutulur;
» günün vaxtı;
» resurslar – nə qədər resurs səfərbər etmək və onları fəaliyyətə gətirmək imkanları nəzərdə tutulur;
» sosial, iqtisadi, siyasi faktorlar.
- Fəlakətin tipindən asılı olan tibbi problemlər:
- zəlzələ zamanı əsasən sınıqlara, travmatik amputasiyalara, yumşaq toxumanın zədələnmələrinə, baş beyin travmasına, uzun müddətli sıxılma sindromuna rast gəlinir;
- vulkan püskürməsi zamanı toksiki və tez alışan qazların, tüstünün inhalyasiyasına, yanıqlara rast gəlinir;
- qar uçqunları, tufanlar zamanı soyuma, donma, boğucu qazlarla zəhərlənmələrə (uçqun altında qalıb qapalı şəraitdə isinmək üçün nə isə yandırmaq nəticəsində) rast gəlinir;
- yanğın və partlayış zamanı yanıqlara, tüstünün inhalyasiyasına, travmalara rast gəlinir;
- xeyli insan kütləsi toplanmış yerlərdə əzilmələrə, dəlib keçən yaralanmalara daha çox rast gəlinir.
- AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDAN ÇIXARIŞ
Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi.
Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Beləliklə, fövqəladə vəziyyət ancaq Azərbaycan Respublikasının Prezidenti tərəfindən tətbiq edilir.
- ƏHALİNIN SAĞLAMLIĞININ QORUNMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN ÇIXARIŞ
Maddə 22. Fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətən-daşların sağlamlığının qorunması sahəsində hüquqları.
Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunobioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədi ilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları vardır.
Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüquqları vardır.
İstifadə edilən ədəbiyyat:
- Azərbaycan Respublikasının Konstitusiyası.
- “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu.