Əziz valideynlər! Şübhəsiz ki, Siz övladınıza ən yaxın və dəyərli insansınız. Siz övladınız üçün yaxşı valideyn olmağa çalışırsınız. Eyni zamanda Siz onun gələcəyi üçün həyəcan və məsuliyyət hisləri keçirirsiniz. Bu normal haldır - həmin hislər Sizə övladınızla bağlı narahatedici vəziyyətlərə vaxtında aydınlıq gətirməyə və qərar qəbul etməyə imkan verir. Etiraf edək ki, müasir dövrdə psixoaktiv maddələr yeniyetmələr üçün daha əlçatan olub. Təəssüf ki, bəzi hallarda uşaqlara müxtəlif psixoaktiv maddələr təhsil müəssisələrində, əyləncə mərkəzlərində, digər ictimai yerlərdə təklif edilə bilər. Məktəblilərin müəyyən bir hissəsi bildirir ki, onlara yaşıdları tərəfindən spirtli içkilər, tütün məmulatları və psixoaktiv maddələrdən istifadə etməyə təzyiq göstərilir. Buna görə də Siz “Mənim övladımda bu hal baş verə bilməz” kimi fikirlərlə özünüzü arxayın salmayın. Məqalələr yeniyetmənin psixoloji xüsusiyyətlərini öyrənməkdə, psixoaktiv maddələrdən asılılığının yaranma
mexanizmlərini bilməkdə və bununla da yeniyetmədə həmin asılılığı vaxtında aşkarlayıb baş verəcək fəlakətin qarşısını almaqda Sizə kömək edəcək. Sənəddə həmçinin psixoaktiv maddələrdən istifadənin əlamət və nəticələri, onların yeniyetmə orqanizminə zərərli təsiri təsvir olunur. Yadda saxlayın! Siz xoşagəlməz halları nə qədər tez aşkarlasanız, fəlakətin öhdəsindən bir o qədər asan gələ bilərsiniz.
Uşağını psixoaktiv maddədən istifadə etdiyindən şübhələnirəmsə, nə etmək lazımdır?
► Təlaşa düşməyin!
► Ona diqqətlə nəzarət edin, şübhələndiyinizi büruzə verməyin!
► Ailəni bir yerə toplayın, uşağınızla öz müşahidələrinizi müzakirə edin, qışqırmağa və ya nədəsə onu ittiham etməyə çalışmayın!
► Nəsihət verməyin, heç bir halda hədələməyin və çalışın onu cəzalandırmayın!
► Anlayış və qayğı göstərib, uşağınızı dəstəkləyin!
► Ona bu yolun bütün təhlükəsini izah edin!
► Onu mütəxəssisə müraciət etməyə inandırmağa çalışın!
► Onun sizi qorxularınızın əsassız olduğuna inandırmasına imkan verməyin!
► Sizin uşağınızın taleyini həftələr belə həll edə bilər!
► Vaxt itirməyin! Mütəxəssisə müraciət edin!
Kiçik yaşlı uşağıma narkotiklər haqqında necə danışmalıyam?
Daim “əyani nümunə” imkanlarından yararlanın. Məsələn, birlikdə baxdığınız filmdə və ya televiziya verilişində siqaret çəkən bir personaj görsəniz, siqaretdən və onun insan orqanizminə vurduğu zərərdən və fəsadlardan danışın. Bu, digər zərərli maddələr, o cümlədən narkotika və ondan istifadənin sağlamlığa, sosial və fərdi inkişafa, ailə münasibətlərinə vurduğu zərər barəsində söhbətə keçid ola bilər.
Bu mövzularda dair danışdıqda, ümumiyyətlə, səsinizi artırmayın, emosiyalara çox güc verməyin və uşağınızın anlaya biləcəyi sözlərdən və ifadələrdən istifadə edin. Narkotiklərin təhlükəli olduğunu və çoxsaylı problemlər yarada biləcəyini izah edin. Təhlükəli olduğunu bildikləri bir şey təklif edilərsə, ona yox deməyi uşaqlarınıza mütləq öyrədin.
Təbii psixoaktiv maddələr hansılardır?
Sakitləşdirici və uyuşdurucu təsiri olan, getdikcə daha çox istifadə etmək istəyi və asılılıq əlamətləri ilə büruzə verən, qanunvericiliklə qadağan olunmuş kimyəvi və ya bitki tərkibli maddələr psixoaktiv maddələr (PAM) adlanır. Təbii psixoaktiv maddələr – psixoaktiv maddə tərkibli bitkilər və onlardan alınmış maddələrdir (kannabis, kokain, xaş-xaş, həşiş, tiryək və s.)
Azərbaycanda daha çox yayılmış psixoaktiv maddələr hansılardır?
Hazırda Azərbaycanda daha çox yayılmış psixoaktiv maddələr aşağıdakılardır:
* kannobinoidlər (çətənə, marixuana, anaşa, həşiş, plan)
* opiatlar (heroin, asetilli tiryək, metadon)
Lakin digər psixoaktiv maddələrdən kokain, efedrin, ekstazi, LSD, relanium, redodorm, fenazepam və məişət kimyası vasitələrindən də (“Moment” yapışqanı, benzin, aseton və başqa uçucu mayelər, qazlar və s.) istifadə hallarına rast gəlinir.