VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Amfetaminlər (küçə adı: amfetamin - “ekstazi”, “həvva”, “adəm”, “marafon”, “portağal”, “amp”, metamfetamin – “met”, “krek met”, “buz”, “kristal”). Kimyəvi tərkibinə görə amfetamindən (benzedrin) fərqlənən bir sıra əvəzedicilər də alındı. Əvəzedicilər sırasından ən geniş
yayılmışı metamfetamindir. Qara bazarda hər həb (üzərində alıcılar üçün aydın olan, konkret məna kəsb edən simvolik şəkillər əks olunmuş müxtəlif rəngli, yumru formalı iri ölçülü), toz (tərkibindəki qarışıqlardan asılı olaraq, ağ, çəhrayı, bənövşəyi və ya açıq qəhvəyi rəngli), sirop və bəzən inyeksion məhlullar şəklində olur. İstifadə yolları: Həb və kapsullar udulmaqla, metamfetamin kristalları çəkilməklə, məhlul və suda həll edilmiş toz isə venadaxili inyeksion yolla qəbul edilir.
Barbituratlar. Hal-hazırda dünyada minlərlə adda dərman preparatlarının tərkibində istehsal olunur. Barbituratlar həblər, kapsullar, inyeksion məhlullar, miksturalar, şamlar şəklində buraxılır. İstifadə yolları: həb və kapsullar udulmaqla, şamlar düz bağırsağa yeridilməklə, məhlul və suda həll edilmiş toz isə venadaxili inyeksion yolla qəbul edilir.
Benzodiazepinlər. Bu maddələr MSS-yə depressiv təsir göstərir. Satışda olanlara yalnız zavod üsulu ilə qablaşdırılmış həblər, kapsullar, toz və içərisində maye olan ampulalar
şəklində rast gəlinir. Yayılmış formaları: diazepam (sibazon, seduksen,
relanium, apaurin, valium və s.), xlordiazepoksid (elenium, librium və s.), oksazepam (nozepam, tazepam və s.). İstifadə yolları: həb və kapsulları udmaqla,
ampulalardakı məhlulları isə inyeksion yolla qəbul
edirlər.
Heroin (diasetilmorfin, diamorfin; küçə adı: “qera”, “poroşok”, “qerasim” və s.) morfin, tiryəkdən kimyəvi üsullarla alınır. Heroinə müxtəlif rənglərdə təsadüf edilir: ağ, boz, sarımtıl, açıq və tünd qəhvəyi, hətta qara rəngdə. Bu xammaldan, hazırlanma üsullarından və heroinə qatılan
maddələrin xüsusiyyətlərindən asılıdır.
Kannabis (kənaf, çətənə bitkisi). Yarpaqları uzunsov, kənarları dişli formada və üzəri xırda tükcüklərlə örtülü olan kolşəkilli bitkidir. Bitki məhsulları: marixuana (küçə adı: “neşə”, “plan”, “kayf” və s.), kannabis qətranı (həşiş), kannabis yağı (küçə adı: “şirin yağ” və ya “qırmızı yağ”). Marixuana, tütünəbənzər, qurudulmuş çətənə bitkisinin güllərindən və yarpaqlarından ibarətdir. Əsasən yaşıl və qəhvəyi rəngdə olur. Kannabis qətranı çətənə bitkisinin güllərindən və yarpaqlarından alınır və rəngi əsasən qəhvəyi, yaxud qara olur. Forması toz və yaxud preslənmiş (sıxılmış) bərk yumaq halında olur. İstifadə yolları: Kannabisin sadə istifadəsi çəkmə yolu ilə olur. Həmçinin qətranı, kannabis yağını daxilə qəbul etmə və qaynadaraq əmələ gələn buxar ilə nəfəs
almaqla istifadə edirlər.
Kokain (küçə adı: “koko”, “koks”, “cin”, “qar”, “marafet” və s.). Koka bitkisi və onun törəmələri. Bu qrupa koka bitkisinin özü (kokain kolu və yarpaqları) və onun emal məhsulları (kokain, krek, kokain pastası) daxildir. Koka bitkisi (Erythroxylum coca) kolşəkilli bitkidir. Kokain koko bitkisinin yarpaqlarında toplanan alkoloiddir, qar dənəciklərinə bənzər ağ rəngli kristallik tozdur. Onu dilə qoyduqda güclü keyləşdirici təsiri olur.
Krek xüsusən çəkilmək məqsədi ilə istifadə olunan kokainin kimyəvi törəməsidir. Amiakla və yaxud natriumbikarbonat ilə (çay sodası) həll olunmuş və adətən xırda kristal və yarpaq formasında əldə olunmuş kokainin formasıdır. Adətən ağ rəngli dənələr şəklində olub, flakonlarda satılır. Bu dənələr yanarkən çıxardıqları çırtıltı səsinə görə elə “krek” adlandırılmışdır. İstifadə yolları: Adətən kokain buruna çəkmək və damardaxili, “krek” ilə, kannabis kimi, çəkmə yolu ilə bədənə daxil olunur.
LSD (küçə adı: “qənd”, “kislota”, “asid” və s.). LSD - dünyada mövcud olan ən güclü toksik və hallüsinogen maddələrdən biri hesab olunur. Təbabətdə istifadəsi qəti qadağandır. İysiz, dadsız, rəngsiz kristallik maddə və ya maye şəkilində olur. Yayılmış qeyri-qanuni satış formaları: LSD
hopdurulmuş poçt markalarına bənzər kağız vərəqləri, həblər, kapsullar, ağ rəngli toz və ya ampulalarda mayeşəklində. İstifadə yolları: LSD hopdurulmuş poçtmarkalarına bənzər kağız vərəqlərini dillərinin üzərinə qoyub yalamaqla, həb və kapsulları udmaqla, maye şəklində olduqda isə əsasən venadaxili inyeksiya yolu ilə qəbul edirlər.
Meskalin (küçə adı: “mesk”, “şeh” və s.). Peyot kaktusunun tərkibində toplanan hallüsinogen maddədir. Qara bazarda qurudulmuş, xırda ölçüdə doğranmış kaktus hissələri,
kapsul və həblərdə toz şəklində rast gəlinir. İstifadə yolları: Kaktus hissələri yeyilməklə,
kapsullar və həblər isə udulmaqla qəbul edilir. Metamfetamin. Metamfetamin stimulyatorlara aid olan psixoaktiv maddədir. Adətən, gizli laboratoriyalarda istehsal olunan sintetik psixoaktiv maddə olub, toz, həb və kristal formasında olur. İstifadə yolları: Daxilə, yaxud nəfəs, həmçinin
çəkmə və damardaxili inyeksiya yolu ilə bədənə yeridilir.
Psilosibin (küçə adı: “müqəddəs göbələk” və s.). Tibdə psilosibin bir sıra ağır nevrozların müalicəsində istifadə olunur. Qara bazarda qurudulmuş qəhvəyi rəngli göbələk parçaları və içərisində onlardan hazırlanmış tozlar olan kapsullar şəklində satılır. İstifadə yolları: Göbələk hissələrini yeməklə, kapsulları isə udmaqla qəbul edilər.