VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Sakitləşdirici və uyuşdurucu təsiri olan, getdikcə daha çox istifadə etmək istəyi və asılılıq əlamətləri ilə büruzə verən, qanunvericiliklə qadağan olunmuş kimyəvi və ya bitki tərkibli maddələr psixoaktiv maddələr (PAM) adlanır. PAM-dan mütəmadi istifadə etdikdə son dərəcə ağır xəstəlik olan psixoaktiv maddələrə aludəçilik inkişaf edir. Psixoaktiv maddələrdən istifadə etmə daha çox gənc və orta yaşlı insanlar arasında yayılmışdır. Son illər bu xəstəlik “cavanlaşmağa” doğru gedir.
PAM-dan asılılıq – psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan xronik xəstəlikdir. Psixoaktiv maddələrdən psixi və fiziki asılılıq mənəvi-etik deqradasiya (şəxsiyyətin pozulması), cəmiyyətə zidd davranış və bununla yanaşı, digər patoloji təzahürlərlə səciyyələnir. Toksik maddələrdən asılılıq – psixoaktiv maddələrə aid olmayan dərman maddələri, həmçinin digər maddələrin qəbulu (məsələn, məişət kimyası məhsulları) nəticəsində yaranan xronik intoksikasiya, psixi və fiziki asılılıq sindromları ilə xarakterizə olunur. PAM sərxoşluğu və ya PAM-ın sərxoşluq sindromu – PAM qəbulundan sonra yaranan vəziyyəti əhatə edib, xüsusi psixi və somatik simptomlarla xarakterizə olunur. PAM sərxoşluğu eyforiya ilə müşayiət olunur. Eyforiya psixi və somatik hislərin emosional təzahürlərindən formalaşır. Hər bir psixoaktiv maddə üçün eyforiyanın
xüsusi strukturu mövcuddur. Qəbul edilən psixoaktiv maddələrin növündən asılı olaraq PAM sərxoşluğu müxtəlif simptomlarla təzahür edə bilər. Məsələn göz bəbəyinin genişlənməsi və ya daralması, hərarətin yüksəlməsi və ya enməsi, dərinin qızarması və ya avazıması, tərləmə, ürək döyüntülərinin və arterial təzyiqin artması və ya azalması, tənəffüsün tezləşməsi və ya ləngiməsi müşahidə oluna bilər. Sərxoşluq vəziyyətindən sonra patoloji susuzluq hissi və onunla bağlı həddən
artıq suyun qəbulu muşahidə olunur. Qəbzlik və ya ishal halları ola bilər. PAM sərxoşluğundan çıxış yuxu ilə müşayiət olunur. Tez-tez depressiv vəziyyət, darıxma, ümidsizlik, qorxu, təşviş hissi inkişaf
edir.
Psixoaktiv maddələrin təsnifatları
Psixoaktiv maddələrin müxtəlif növ təsnifatları mövcuddur. Lakin daha çox istifadə olunan təsnifatlar aşağıdakılardır:
► elmi təsnifat
► beynəlxalq təsnifat
ELMİ TƏSNİFAT psixoaktiv maddələrin aşağıdakı meyarlarına əsasən müəyyənləşdirilir:
təbiətinə görə
təsir effektlərinə görə
intellektə təsirinə görə
Psixoaktiv maddələr təbiətinə görə aşağıdakı qruplara bölünür:
► Təbii psixoaktiv maddələr – psixoaktiv maddə tərkibli bitkilər və onlardan alınmış maddələrdir (kannabis, kokain, xaş-xaş, həşiş, tiryək və s.),
► Yarımsintetik psixoaktiv maddələr – psixoaktiv maddə tərkibli bitkilərdən alınmış maddələrin kimyəvi dəyişiklikləri nəticəsində alınan vasitələrdir (heroin, asetillə edilmiş tiryək, LSD və s.),
► Sintetik psixoaktiv maddələr – yalnız laboratoriya şəraitində aparılan kimyəvi proseslər nəticəsində alınan maddələrdir (amfetaminlər, metakvalon, efedrin və s.).
İnsan orqanizminə təsir effektinə görə psixoaktiv maddələr aşağıdakı qruplara bölünür:
► Trankvilizatorlar (heroin, morfin, kodein, sintetik ağrıkəsicilər, benzodiazepinlər və s.). Bu maddələr mərkəzi sinir sisteminə (MSS) tormozlayıcı təsir göstərir,
► Stimulyatorlar (amfetaminlər, kokain, efedrin və s.). Bu maddələr MSS-yə qıcıqlandırıcı təsir göstərir,
► Hallüsigenlər (həşiş, marixuana, LSD, barbituratlar və s.). Bu maddələrin qəbulu insanda zaman, məkan, rəng, iy hislərinin qəbulunu dəyişərək, qavrama pozuntusu, müxtəlif növ hallüsinasiyalar, illüziyalar yaradır.
İntellektə təsirinə görə sinir sistemi üçün xüsusən toksik təsir göstərən və intellektin daha tez azalmasına səbəb olan uçucu aromatik maddələr daxildir. Bura aiddir: ksilol, tulol, aseton, benzin, qaloqenizə olunmuş hidrogen, yapışqan və s.
BEYNƏLXALQ TƏSNİFAT:
* kannobinoidlər
* opiatlar
* barbituratlar
* psixostimulyatorlar
* hallüsigenlər
* uçucu psixoaktiv maddə təsiri olan maddələr
Hazırda Azərbaycanda daha çox yayılmış psixoaktiv maddələr aşağıdakılardır:
* kannobinoidlər (çətənə, marixuana, anaşa, həşiş, plan)
* opiatlar (heroin, asetilli tiryək, metadon)
Lakin digər psixoaktiv maddələrdən kokain, efedrin, ekstazi, LSD, relanium, redodorm, fenazepam və məişət kimyası vasitələrindən də (“Moment” yapışqanı, benzin, aseton və başqa uçucu mayelər, qazlar və s.) istifadə hallarına rast gəlinir.