VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Uşaqlarla narkotiklər haqqında necə danışaq?

Riskli və ya təhlükəli vəziyyətə düşməmişdən əvvəl valideynlər yeniyetmələrə narkotiklərə dair konkret faktları təqdim etməli və bu barədə təmkinli söhbət etməlidir. Bu, yeniyetmələri narkotikaya meyil etmekdən və ya istifadədən qorumağa kömək edə bilər. Belə söhbətlər yeniyetmələri narkotiklərlə eksperiment etmək və ya sınaqdan keçirməkdən çəkindirə, həm də bu mövzularda həmyaşıdlarının fikirlərinə arxalanma ehtimalını azalda bilər. 

Valideyn olaraq, siz, övladlarınız üçün nümunəsiniz və alkoqol, tütün və narkotiklər haqqında fikirləriniz onların bu zərərli vərdişlər və maddələr haqqında düşüncələrinə güclü təsir göstərə bilər. Beləliklə, narkotiklər haqqında söhbətlərinizi, ümumi sağlamlıq və təhlükəsizliklə bağlı onlarla apardığınız söhbətlərin bir hissəsi edin.

Kiçik yaşlı uşağıma narkotiklər haqqında necə danışmalıyam?

Daim “əyani nümunə” imkanlarından yararlanın. Məsələn, birlikdə baxdığınız filmdə və ya televiziya verilişində siqaret çəkən bir personaj görsəniz, siqaretdən və onun insan orqanizminə vurduğu zərərdən və fəsadlardan danışın. Bu, digər zərərli maddələr, o cümlədən narkotika və ondan istifadənin sağlamlığa, sosial və fərdi inkişafa, ailə münasibətlərinə vurduğu zərər barəsində söhbətə keçid ola bilər.

Bu mövzularda dair danışdıqda, ümumiyyətlə, səsinizi artırmayın, emosiyalara çox güc verməyin və uşağınızın anlaya biləcəyi sözlərdən və ifadələrdən istifadə edin. Narkotiklərin təhlükəli olduğunu və çoxsaylı problemlər yarada biləcəyini izah edin. Təhlükəli olduğunu bildikləri bir şey təklif edilərsə, ona yox deməyi uşaqlarınıza mütləq öyrədin.

8-12 yaşlı uşağımla narkotiklər haqqında necə danışmalıyam?

Bu yaşda olan uşaqlardan narkotiklər haqqında eşitdiklərini və ya bildiklərini soruşaraq, söhbətə başlaya bilərsiniz. Mühakimə etmədən, açıq şəkildə soruşun ki, dürüst cavab alma ehtimalınız da daha yüksək olsun.

Uşaqlarınıza dediklərinə qulaq asdığınızı, onların narahatlıqlarını qəbul etdiyinizi və suallarına həqiqətən diqqət yetirdiyinizi göstərməyi unutmayın. Övladlarınıza zərərli vərdişlər və ya konkret olaraq narkotiklər barədə faktları təqdim etmək üçün bir az araşdırma aparmalı olacaqsınız. Bu portalda yerləşdirilmiş məqalələrə istinad edə bilərsiniz.

Ümumiyyətlə, bu yaşda olan uşaqlar adətən hələ də valideynləri ilə həssas mövzular haqqında açıq danışmağa hazırdırlar. Bu yaşda həmin mövzulara dair söhbətlərin aparılması, uşaqlarınız böyüdükdə də oxşar söhbət məclislərini davam etdirməyə imkan verəcəkdir. Onlar öz düşüncələrini və hisslərini sizinlə bölüşməyə davam edəcəklər.

Peşəkar idmanda steroidlərin və ya dopinqin istifadəsi kimi xəbərlər söhbətə başlamaq və uşaqlarınıza narkotiklərin riskləri haqqında məlumat vermək üçün bir fürsət ola bilər.

Yeniyetmələrlə narkotiklər haqqında necə danışmalıyam?

Yeniyetmələrin spirtli içkilər və ya narkotiklərdən istifadə edən həmyaşıdları və dostları ola bilər. Yeniyetmənizin düşüncələrini və hisslərini anlamaq üçün narkotika və ya spirtli içkilərin təsiri və təhlükəsi haqqında söhbətlər aparın. Qanunla bağlı məsələlər, o cümlədən narkotiklərin qeyri-qanuni dövriyyəsi, içkili vəziyyətdə avtomobil idarəetmə, maddələrin təsiri altında olarkən insan sağlamlığına zərər yetirmə və s. pozuntulara görə potensial həbs, azadlıqdan məhrum olma, digər cəza və cərimələr barədə təmkinli müzakirə aparın.

Uşaqlarınız sizə narkotiklərlə bağlı daha konkret suallar verə bilərlər. Onları rahat danışa biləcəklərinə inandırın və ürəklərini açıb boşaltmağa sövq edin. Sizə tam etibar edə biləcəklərinə əmin edin. 

Övladlarımı narkotikadan necə qoruya bilərəm?

Narkotikadan istifadə və ya narkotiklərə aludəçilik kimi problemlər istənilən ailələrdə, o cümlədən həm zəngin, həm yoxsul, müəllim ailəsində də, bank işçisinin ailəsində də baş verə bilər. Ancaq övladlarınızla mütəmadi danışmaq, onların cari həyatına maraq və diqqət göstərməklə, səmimi söhbətlər etməklə, qısa və uzun vədədə onların təhlükəsizliyinin təminatına dəstək verə bilərsiniz.

Uşaqlarınızı onları maraqlandıran hobbi, idman və mədəni klublarda və kütləvi tədbirlərdə iştirak etməyə həvəsləndirin. Bu, onlarda müsbət yanaşma və özünə güvəncin və hörmətin inkişafına kömək edə bilər. Uşaqlarınızın dostlarının kim olduğunu və vaxtlarını harada keçirdiklərini bilin. Narkotikadan istifadə edən dostları olan uşaqların özləri də narkotikləri sınamağa daha çox meyllidirlər.

Uşaqlara narkotika təklif olunarsa, ondan necə imtina edə biləcəklərini onlara öyrətməyə çalışın. Bildirin ki, onlar hər hansı bir mürəkkəb və ya problemli vəziyyətdən çıxmaq istəsələr, həmişə sizə mesaj yaza və ya zəng edə bilərlər və siz dərhal onların imdadına çatacaqsınız.

İsti, açıq ailə mühiti qurmaq önəmlidir. Bu cür mühit uşaqların hissləri haqqında danışa biləcəyi, nailiyyətlərinin tərifləndiyi və özünə hörmətin yüksəldildiyi bir mühitdir.  Belə mühitlərdə uşaqlar daha sərbəstdir və suallarını və narahatlıqlarını rahat bildirə bilir.

Uşaqlarınızla müntəzəm olaraq müxtəlif məsələlər ətrafında söhbət etməyə çalışın. Ailə olaraq birlikdə zövq aldığınız şeyləri etmək üçün vaxt tapın ki, bu da hər kəsə açıq ünsiyyət saxlamağa və bir biri barədə məlumatlı olmağa kömək edə bilər. 

Bəzən uşaqlar göz təması olmadan, məsələn, avtomobildə olanda və ya birlikdə yanaşı gəzərkən danışmağa və yansısa həssas məsələləri müzakirə etməyə daha çox meyl göstərir.

Övladlarınızın davranışına diqqət yetirin ki, çətin anlar və ya emosiyalar yaşadıqlarını duya bilə və onlara lazım olan dəstəyi təklif edəsiniz. 

Hər hansı suallarınız olarsa, həkiminizlə və ya psixoloqla məsləhətləşməkdən çəkinməyin. Bu mütəxəssislər sizə əlavə dəstək ola və müvafiq məlumat və məsləhətlərlə sizə dəstək verə bilərlər.