VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Ən çox istifadə edilən psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri

Kannobinoidlər (çətənə, marixuana, anaşa, həşiş, plan) – daha çox istifadə edilən qeyri-qanuni psixoaktiv maddələrdir. Marixuana çətənənin qurudulmuş, xırdalanmış gülləri və müəyyən növlərinin yarpaqlarıdır. Həşiş həmin bitkidən alınmış, qəhvəyi, bərk, yağlı kütlə kimi görünən qatrandır. Adətən, tütünlə birgə, çəkmə yolu ilə istifadə olunur. Kannobinoidlərin (çətənə törəmələri) istifadəsi vaxtı müxtəlif effektlər ola bilər və bunlar maddənin tərkibindən, dozasından, fərdi xüsusiyyətlər və hətta əhvali-ruhiyyədən asılı olur.

Yeniyetmələr arasında belə fikir mövcuddur ki, çətənə törəmələri kifayət qədər zərərsiz maddədir, “yüngül” psixoaktiv maddədir, istifadəsi asılılığın yaranmasına səbəb olmur və orqanizm üçün təhlükəsi yoxdur. Ancaq bu, doğru deyil. Heroina nisbətən çətənə törəmələrinin orqanizmə dağıdıcı təsirinin daha gec başlanması bu fikrin formalaşmasına səbəb olub. Çətənə törəmələrindən müntəzəm istifadə nəticəsində ağır bronxitlər, ağciyər xərçəngi, aritmiyalar (ürək ritmində pozuntu),
qadınlarda reproduktiv funksiyanın pozulması – sonsuzluq, kişilərdə cinsi fəaliyyətin zəifləməsi (impotensiya) və sonsuzluq inkişaf edir. İnsanın psixikasına təsiri nəticəsində ağır fəsadlar baş verir: yaddaşın zəifləməsi, mücərrəd düşüncənin pozulması, sayıqlamanın inkişaf
etməsi, psixozlar.

Çətənədən istifadə zamanı tipik əlamətlər:
 İlk gözəçarpan – qavramanın ləngiməsi və ya təhrif olunması
 Fikir dağınıqlığı, yavaşıdılmış reaksiyalar
 Nitq anlaşılmazlığı
 Səbəbsiz gülüş, qəhqəhə
 Güclü aclıq hissi
 Ağızda quruluq
 Ürəkdöyünmənin artması

Opiatlar. Bu qrup psixoaktiv maddələrə təbii törəmələr kimi tiryək laləsindən emal edilmiş (morfin və kodein), həm də yarımsintetik və sintetik birləşmələr (heroin, metadon və başqaları) aiddir. Şəkər tozu, yuyucu toz və s. ilə 80%-dək durulaşdırılmış müxtəlif çalarlı (ağdan qəhvəyiyə) opiat tərkibli qarışıqlar bir neçə yolla istifadə oluna bilər: nəfəs alma, çəkmə, inyeksiya. Asılılıq daha çox bir neçə dadmadan sonra, psixoaktiv maddənin istənilən formada tətbiqi ilə formalaşır. Psixoaktiv maddədən istifadə edən sərxoş vəziyyətdə olan insan zəifləmiş, yuxulu, hərəkətləri yavaşımış, nitqi gərilmiş və
anlaşılmaz, ağrıya həssaslığı azalmış, göz bəbəyi olduqca daralmış olur. Psixoaktiv maddənin, hətta bir dəfə, amma həddən artıq yüksək dozada qəbulu ölümlə nəticələnə bilər və inyeksiya şəklində istifadə isə hepatitlər və İİV-ə yoluxmalara səbəb ola bilər. Xronik istifadə zamanı başqa fəsadlar da yaranır. Bir tərəfdən psixoaktiv maddənin özünün təsirinin nəticəsi kimi: immunitetin
azalması, periferik sinirlərin fəaliyyətinin pozulması, qaraciyərin, reproduktiv orqanların funksiylarının pozulması, böyrəklərin, tənəffüs orqanlarının, dərinin, dişlərin zədələnməsi, digər tərəfdən ağır bakterial infeksiyalar şəklində ağırlaşmalar (məsələn, sepsis, B, C hepatitləri, İİV-infeksiyaları, vərəm) müşahidə oluna bilər. Opiatlarla bağlı olan əsas təhlükələrdən biri ondan ibarətdir ki, xəstələr bütün vaxtlarını psixoaktiv maddələrin axtarışına və istifadəsinə sərf etməyə başlayırlar. Opiat istifadəçisinin normal həyata qayıdışı uzunmüddətli və çətin prosesdir.

Opiatların istifadəsi vaxtı səciyyəvi əlamətlər:
 Qorxu hissinin azalması
 Enerjinin artması, eyforiya
 Solğunluq və ya dərinin torpaq rəngində olması
 Soyuq tər
 Ağızda quruluq
 İstifadə zamanı göz bəbəklərinin daralması; istifadədən
məhrum vaxtı – genişlənməsi
 Oynaqlarda, ayaqlarda, kürəkdə ağrılar
 Bərk nəcislik və qəbzliyə meyillilik
 Cinsi meyilin azalması

Psixostimulyatorlar – sinir sisteminə oyadıcı təsir göstərən psixoaktiv maddələr qrupudur. Bura kokain, krek, efedrinin törəmələri, efedrinin sintetik analoqu – amfetamin aiddir. Efedrinin və fenilpropanolaminin (soyuqdəymə əleyhinə dərman preparatlarının tərkibinə daxil olan, aptek şəbəkəsində azad satılan maddələr) sistemsiz istehsal edilmiş törəmələri venadaxili, bəzən
gündə 10 dəfəyə qədər, daha çox qrup şəkilində qəbul edilir. Bu maddələrdən istifadə etdikdən sonra sərxoşluq vəziyyətində psixi və hərəki fəallıq yüksəlir: yeniyetmələr hövsələsiz, vurnuxan,
boşboğaz olur, hərəkət etmək istəyirlər, nizamsız cinsi əlaqələrə gətirən cinsi meyil güclənir, nəbzin tezliyi artır, arterial təzyiq yüksəlir, susuzluq və yuxusuzluq baş verir, iştaha kəskin azalır.

Sərxoşluq vəziyyətindən çıxandan sonra – tez qıcıqlanma, aqressivlik, depressiya, yuxululuq yaranır. Psixoaktiv maddədən asılılığın formalaşması dövri olur: 5-7 gün daimi istifadəni 2-4 “bərpa” günü (uzunsürən yuxu ilə müşahidə edilən) əvəz edir. Psixostimulyatorlardan istifadənin nəticələri orqanizm üçün son dərəcə dağıdıcıdır, bütün orqanlara təsir edir. Xüsusilə sinir sistemi zədələnir: zehni inkişaf səviyyəsi aşağı enir, əqli zəiflik inkişaf edir, aqressivlik və kobudluq artır, çox vaxt psixozlar (qorxulu hallüsinasiyalar, təqib və təsir sayıqlamaları) inkişaf edir, intiharlara gətirən ağır depressiyalar, həssaslığın pozulması, əllərin və ayaqların titrəməsi. Ürək-damar sistemində dəyişiklik baş verir: ürəyin əzələsi zədələnir, ritmi pozulur, arterial təzyiq yüksəlir, bu da beyinə qansızma və miokard infarktı səbəbindən erkən ölümlə nəticələnə bilər. İnyeksiya yolu ilə psixoaktiv maddədən istifadə toksiki və virus hepatitlərinin yaranmasına səbəb olur, nizamsız cinsi əlaqələr
İİV-infeksiyalarının, zöhrəvi xəstəliklərin və hepatitlərin ötürülməsi
riskini yüksəldir.


Psixostimulyatorların istifadəsinin ümumi əlamətləri:
 Zəhlətökən davranış
 Boşboğazlıq
 Hərəkətlərdə fəallığın artması
 Dərinin solğunluğu
 Kəskin arıqlama

Kokainin istifadəsi vaxtı tipik əlamətlər:
 Qırmızı, şişmiş burun
 Yerişdə səndələmə
 Anlaşılmaz nitq
 Gözlərin qüzehli qişasının zəif titrəməsi
 Özünəgüvənmə
 Cinsi oyanıqlıq

Qeyd: psixoaktiv maddənin qəbulunun dayandırılması dilin, göz qapaqlarının, uzadılmış əllərin titrəməsinə, ürək bulanmasına, qusmağa, ürək döyünməsinin artmasına, vizual hallüsinasiyalara səbəb olur.

Amfetaminlərin istifadəsi vaxtı tipik əlamətlər:
 Uzunmüddətli fəallıq, eyforiya
 Hərəkət etmək arzusu
 Yuxusuzluq
 Cinsi davranış dəyişikliyi

Qeyd: Uzunmüddətli qəbulun dayandırılması nəticəsində iki günə
qədər çəkən depressiya, iştahanın azalması, paranoidal
vəziyyət müşahidə olunur.

İnhalyatorlar (uçucu maddələr və məişət kimyası preparatları) – bura “Moment” yapışqanı və özündə orqanik həlledicilər olan digər yapışqanlar (BF, “88” və s.), benzin, aseton, bəzən alışqanların doldurması üçün istifadə edilən qaz və lak-boya məmulatları aiddir. Bu vasitələr əsasən inhalyasiya yolu ilə (nəfəs almaqla, həmçinin polietilen paketin köməyi ilə nəfəs alınan havada onların konsentrasiyasını yüksəltməklə) qəbul edilir. Bəzən toksiki maddə aludəçiləri bu maddələri dəri vasitəsi ilə istifadə edirlər (preparatların hopdurulduğu əskiləri dəriyə, əsasən başın qırxılmış dərisinə qoyurlar). Bu vasitələr fiziki və psixi sağlamlıq üçün çox zərərlidir. Altı aydan çox bu vasitələrin müntəzəm istifadəsi xronik sətəlcəm, tənəffüs yolları və qaraciyərin zədələnməsinə səbəb olur. Ən çox neqativ təsir toksiki maddə istifadəçilərinin psixikasında özünü göstərir. Uçucu maddələrdən istifadə vaxtı yaddaşın pisləşməsi, diqqət çatışmazlığı, tez qıcıqlanma və ətrafa marağın azalması ilə səciyyələnən beyinin orqanik pozulması daha tez formalaşır. Uçucu
maddələrdən istifadə nəticəsində inkişafın ləngiməsi, yeniyetmənin tədris prosesindən geri qalması, tez-tez ictimaiyyətə qarşı zidd davranışı müşahidə olunur. Sui-istifadə zamanı beyində baş verən
dəyişikliklər bərpa olunmayan nəticələrə səbəb olur.

İnhalyatorlarla (“Moment” yapışqanı, benzin, aseton) tənəffüs
vaxtı tipik əlamətlər:
 Eyforiya (yüksək əhvali-ruhiyyə)
 Xüsusi qoxu
 Vaxtın və səmtin pozulması
 Baxışda dumanlılıq
 Qəhqəhə tutmaları
 Süst və ya çox sürətli, hər iki halda aydın olmayan və az
ifadəli nitq
İlk növbədə beyin zədələndiyindən onun funksiyaları (yaddaş,
diqqət, düşüncə) pozulur, yeniyetmə bu halda da özünə yüksək
qiymət verməsinə baxmayaraq, göz qarşısında kütləşir.