VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Siz uşağınızın psixoaktiv maddədən istifadə etdiyindən şübhələnirsinizsə, nə etmək lazımdır?
► Təlaşa düşməyin!
► Ona diqqətlə nəzarət edin, şübhələndiyinizi büruzə verməyin!
► Ailəni bir yerə toplayın, uşağınızla öz müşahidələrinizi müzakirə edin, qışqırmağa və ya nədəsə onu ittiham etməyə çalışmayın!
► Nəsihət verməyin, heç bir halda hədələməyin və çalışın onu cəzalandırmayın!
► Anlayış və qayğı göstərib, uşağınızı dəstəkləyin!
► Ona bu yolun bütün təhlükəsini izah edin!
► Onu mütəxəssisə müraciət etməyə inandırmağa çalışın!
► Onun sizi qorxularınızın əsassız olduğuna inandırmasına imkan verməyin!
► Sizin uşağınızın taleyini həftələr belə həll edə bilər!
► Vaxt itirməyin! Mütəxəssisə müraciət edin!
Psixoaktiv maddələrlə bağlı testlər
Hal-hazırda respublikada psixoaktiv maddələrdən istifadəni müəyyən etmək üçün immunoxromatoqrafiya və ekspress-test üsulundan istifadə edilir. Psixoaktiv maddə ilə bağlı diaqnostik testlərdən istifadə bu problemin ən sadə həlli yoludur. Bu iki üsul “İnsan son 5 gün ərzində psixoaktiv maddələrdən istifadə edibmi?” sualını cavablandıran effektli üsuldur.
Valideynlərin nəzərinə!
Yeniyetmənin PAM-dan istifadəsinə görə testdən keçirilməsi lazım olarsa, Respublika Narkoloji Mərkəzinə və ya yaşadığı ərazidə narkoloji xidmət göstərən müvafiq tibb müəssisəsinə müraciət etmək mütləqdir.
Ekspress-test nə üçün lazımdır?
Bu test yeniyetmənin davranışında dəyişikliyə (sirr verməzlik, valideynlərlə ünsiyyətdə gərginlik, aqressivlik, uğurun azalması və s.) əsaslanaraq, onun psixoaktiv maddədən istifadəsi ilə bağlı əsassız şübhələrin aradan qaldırılması üçündür. Testin nəticələri mənfi (psixoaktiv maddələrin istifadəsi inkar olunduğu halda) və ya müsbət (psixoaktiv maddələrin istifadəsi təsdiq olunduğu halda) ola bilər.
Mənfi nəticə vaxtı:
Əgər övladınızın psixoaktiv maddədən istifadə etmədiyi
təsdiq olunarsa, siz sevinc hissi yaşayacaqsınız.
Tez-tez öz uşağınızı tərifləyin, qucaqlayın, deyin ki, siz onu sevirsiniz. Onun şəxsiyyətini tənqid etməyin və qiymətləndirin. Övladınıza gülümsəməyi əsirgəməyin və hətta ən kiçik nailiyyətlərinə görə onları həvəsləndirin.
Ona psixoaktiv maddələrdən istifadə təklifinə qəti imtina ilə cavab verməyi öyrədin. Sizin informasiyanız psixoaktiv maddə istifadəçisinin övladınıza neqativ təsirini, onların “ən qatı və dəbdə olan kef” reklamını qabaqlamalıdır.
Valideynlərin nəzərinə!
Vaxtında uşağa bütün lazımlı, o cümlədən PAM-ların və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti haqqında məlumat verin.
Müsbət nəticə vaxtı. Əgər övladınızın psixoaktiv maddədən istifadə etdiyi təsdiq olunarsa, siz bunları düşünə bilərsiniz:
uşağa görə günahkarlıq hissi (“Bizim səhvimiz nədədir?”)
özünə və uşağa qarşı qəzəb, baş verənləri dəyişdirməkdə acizlik hissi (“Mən indi nə edə bilərəm?”)
xəcalət və ətrafdakılara etibarsızlıq (“Siz məni anlamırsınız…
Sizdə psixoaktiv maddə istifadə edən uşaq yoxdur”)
qohumlar, dostlar tərəfindən rədd edilmək qorxusu
Övladınızın psixoaktiv maddədən istifadə etməsi təsdiqləndikdən sonra mütləq həkim-narkoloqa, psixoloqa müraciət etmək lazımdır! Mütəxəssislərin məsləhəti ilə siz sonrakı addımlarınızın planını
birlikdə hazırlayacaqsınız.
Uşağınızın psixoaktiv maddələrdən istifadə etdiyini bildikdə nə
etmək lazımdır?
1. Əgər övladınızın psixoaktiv maddələrin təsiri altında olduğunu bilirsinizsə, həmin vaxt onunla söhbət etməyin mənası yoxdur.
2. Sakit və düşüncəli olun, öz emosiyalarınıza nəzarət edin.
3. Problemlərin həllində övladınıza öz köməyinizi təklif edin.
4. İzah edin ki, bundan sonra ona PAM-dan istifadə etməyi təklif etsələr, o, imtina etməlidir.
5. Sərt mövqe tutun, birmənalı anlatmağa çalışın ki, siz öz uşağınıza PAM-dan istifadə etməyə icazə verməyəcəksiniz.
6. İzah edin ki, sıxıntını, həyəcanı, qorxunu, stressi PAM-dan istifadə etmədən də başqa üsullarla aradan qaldırmaq olar.
7. Danışıq zamanı uşağın şəxsiyyətini deyil, PAM-dan istifadəsi ilə bağlı davranışı tənqid edin. Konkret nümunələrdən istifadə edərək müqayisə edin, öz hislərinizi sakitcə, zorakılıq olmadan
ifadə edin.
8. Məsləhətlərinizə qulaq asılmadığı halda övladınız üçün əhəmiyyətli qadağaları (məsələn: kompüter klubuna getməyi qadağan etmək, planlaşdırılmış səfəri ləğv etmək) tətbiq etməyə hazır olun.
9. Uşağı çox qorxutmaq lazım deyil, çünki qorxu onu yalan danışmağa məcbur edəcək.
Nəticədə uşağınız onu sevdiyinizi, onun üçün həyəcanlandığınızı, ona etibar etdiyinizi hiss etməlidir. Yeniyetmə ilə danışıqdan sonra sizə aydın olsa ki, psixoaktiv maddələrin qəbulu müntəzəmdir, asılılıq var, təhsillə bağlı problemləri, borcları yaranıb, mümkün qədər tez mütəxəssislərə müraciət etməyə təkid edin. Əgər yeniyetmə evə dəfələrlə sərxoş vəziyyətdə gəlir, geyimli formada yorğan-döşəyə uzanır, qusur, siz heç nəyi təmizləməyin, yumayın, əynini soyundurmayın ki, o, özünə gələndə etdiklərinin nəticələrini görsün və çalışmaq lazımdır ki, hər
şeyi özü yığışdırsın. Uşağa izah edin ki, PAM-dan istifadə təklifini inadkarlıqla rədd etməlidir. O, qərarlar qəbul etmək, danışmaq, “yox” demək hüququna malikdir və buna görə də özünü günahkar hiss etməməlidir. Sadəcə övladınıza bunu düzgün dərk etməsi üçün kömək edin.
İmtinanın bəzi nümunələri və ya ssenariləri:
“Yox, mən psixoaktiv maddələrdən istifadə etmirəm”. Bu, elə
cavabdır ki, izahat tələb etmir, PAM-ın istənilən növündən istifadə təklifinin ardınca səslənə bilər.
“Yox, təşəkkür. Mənə məşqə getmək lazımdır”. İmtinanın rasional əsaslandırılması psixoaktiv maddədən istifadəni təklif edən insanlarda təəccüb yaratmayacaq. Həmçinin onlar əmin
olacaqlar ki, bu, onların qurbanı deyil və marağı çox tez itirəcəklər.
“Qorxursan?” sualına belə cavab vermək olar: “Mənim üçün həyatın qalan hissəsini iynədən asılı olmaq daha qorxuludur.”
“Təşəkkür, xeyr. Bu, mənim tərzim deyil.”
“Əl çək!”
“Mən artıq “YOX” dedimsə, sən niyə mənə təzyiq göstərməyə
davam edirsən?”
“Psixoaktiv maddələr məni maraqlandırmır.”
Övladınız imtina etdiyi üçün həmsöhbəti ona sataşırsa, danışığın “zarafatcıl” formasından istifadə etmək lazımdır.
Təzyiq daha güclü olsa belə, yadda saxlamaq lazımdır ki, çevrilib
getmək həmişə mümkündür.
Valideynlərin nəzərinə!
Sizin fəal iştirakınız olmadan övladınızın vəziyyətində yaxşıya doğru
heç nə dəyişməyəcək. Bu, çətin problemdir, amma həll olunandır.Uşağınız psixoaktiv maddələrdən istifadə etdiyini təsdiqləyərsə, öz münasibətinizi necə göstərmək lazımdır?
1. Sakit olun, özünüzü ələ alın. Nəzərə alın ki, uşağınızın sizə psixoaktiv maddələrdən istifadə etdiyini etiraf etməsi çox çətindir və o, öz növbəsində sizdən aqressivlik yox, dəstək və kömək
gözləyir.
2. Etibarı və dürüstlüyü üçün uşağınıza təşəkkür edin və öz mövqenizi aydın göstərin: mən səni çox istəyirəm, amma sənin psixoaktiv maddələrdən istifadə etməyini qəbul etmirəm.
3. Aydınlaşdırmağa çalışın ki, uşaq nə vaxtdan və hansı miqdarda PAM istifadə edir, amma uşağın hislərinə diqqətlə yanaşmağı unutmayın.
Valideynlərin nəzərinə!
Asılılığın yaranıb-yaranmadığını yalnız mütəxəssis təsdiqləyir. Qəfil qərarlar verməyin və ümidinizi itirməyin.