Əziz uşaqlar, müasir dövrdə görünüşü və ətri ilə cəlbedici görünən yeməklərin heç də hamısı orqanizm üçün faydalı deyil. Əksinə, sizin çox sevdiyiniz, xüsusi görünüşü və dadı ilə diqqətinizi cəlb edən qidalar çox vaxt ən zərərlisidir. Onların orqanizmə göstərdiyi ziyanı barədə, xüsusi ilə də sağlamlığınızı zədələyən, müxtəlif xəstəliklər yaradan fast-fud və tez hazır olan yeməklər barədə vacib məlumatları diqqətinizə çatdırmaq istəyirik.
Piylənmə hansı xəstəliklərə səbəb olur?
Piylənmənin səbəb olduğu qeyri-infeksion xəstəliklər:
- Ürək-damar xəstəlikləri
- Şəkərli diabet
- Oynaq - əzələ sistemi xəstəlikləri
- Bəzi orqanlarda (süd vəzi, uşaqlıq, mədə-bağırsaq sistemi) onkloji xəstəliklər
Hansı kimyəvi qatqılar təhlükəlidir?
Çeynənən konfetlər, jelebonlar, “çupaçupslar” şəkərlə zəngin olduğuna görə şəkərli diabet, mədəaltı vəzin xəstəliklərinə yol açmaqla yanaşı, uşaqlarda allergiya, mədə və böyrək xəstəliklərinə səbəb olur. Mütəxəssislər tərkibində E621, E951, E211, E133, E213, E171 və E151 əlavələri olan qidaların istifadəsindən xüsusilə çəkinməyi tövsiyə edir.
Duza niyə “ağ ölüm” deyirlər?
Duz “ağ ölüm” adlandırılır və normadan artıq (günə 5 milliqram, yəni 1 çay qaşığından çox) qəbul olunduqda qan təzyiqinin artmasına, ürəyin böyüməsinə, ürək və beyin xəstəliklərinə səbəb olur. Yadda saxlayın: zərərli qidalar orqanizmə tədricən ziyan vurmaqla ilk növbədə artıq çəkiyə və piylənməyə, həmçinin, mədə-bağırsaq, ürək-damar və beyin-damar sistemlərinin xəstəliklərinə, qaraciyər, böyrəklərin toksiki zədələnmələrinə, şəkərli diabetə gətirib çıxara bilər.