UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Qidalanma ancaq elmi əsaslar üzrə həyata keçirilməlidir. Əks halda о, nəinki sağlamlaşdırıcı effekt vermir, hətta оrqanizmdə patoloji dəyişikliklərin meydana çıxması üçün zəmin yaradır.
ÜST qidalanma pozulmalarını dörd qrupa bölüb:
1. yarımac hal
2. qida çatışmazlığının xüsusi formaları
3. izafi toxluq halı (həddindən artıq yemək)
4. tarazlaşdırılmamış qidalanma (qida maddələrinin nisbətinin
pozulması)
Müasir dövrdə insanın enerji sərfinin azalması onun qidaya tələbatını azaldır. Lakin bu proses həyati vacib qida maddələrinə tələbatın azalması ilə müşayiət olunmur. Ərzaq məhsullarında əsas enerji mənbələrinin və bioloji aktiv maddələrin miqdarı dəyişilməz qaldığına görə energetik cəhətdən adekvat olan qida payı bəzən orqanizmin vitaminlərə və mikroelementlərə tələbatını ödəyə bilmir. Ona görə də sağlam insanın qidalanmasının düzgün təşkil edilməsi üçün səmərəli qidalanmanın bütün şərtləri gözlənilməlidir.
Sağlamlıqla bağlı bir çox problemlərin səbəbi uşaq yaşlarında düzgün qidalanmamaqla şərtlənir. Düzgün və sağlam qidalanma erkən yaşlarda şəkərli diabetin,
xronik respirator və digər qeyri-infeksion xəstəliklərin profilaktikasıdır. Qida maddələrində şəkərin artıq olması bir sıra xəstəliklərin (dişlərin kariesi, piylənmə) yaranma riskini artırır. Dişlərin kariesinin inkişafının əsas faktoru şəkər tərkibli ərzaqların (şirin qazlı içkilər, şirniyyat məhsulları və gizli şəkər tərkibli ərzaqlar (səhər yeməyi üçün dənli bitkilər, ketçup) istifadəsi və flüor tərkibli diş məcununun, suyun, südün, duzun az istifadəsi və ya istifadə olunmamasıdır. Yeniyetmə dövründə şirin, qazlı içkilərin çox istifadəsini onların müstəqil qida seçib almaq imkanı ilə izah etmək olar. Şirin içkilərin istifadəsi zamanı vitaminlər və minerallarla zəngin olan südün, meyvə şirələrinin və adi təmiz suyun istifadəsi azalır. Bədənə daxil olan şəkəri azaltmaq üçün meyvə və tərəvəzlərin (o cümlədən qurudulmuş) qəbulunu artırmaqla, tərkibində şəkərin miqdarı çox olan ərzaqların və içkilərin qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Uşaq və yeniyetmələrin qidalandırılmasında istifadəyə icazə verilən qəndin əvəzediciləri ümumtəhsil müəssisələrində həkimin icazəsi ilə artıq çəkili, piylənməsi, şəkərli diabeti olma ehtimalı və ya şəkərli diabeti olan uşaqların qidasında istifadə oluna bilər.
Meyvə və tərəvəzlərin kifayət qədər istifadə olunmaması (gündə 5 porsiyadan az) mədə-bağırsaq sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Məsələn, meyvə və tərəvəzlərin qabıqlarının tərkibində olan sellüloza və pektinin çatışmazlığı bağırsaq mikroflorasının fəaliyyətinin pozulmasına səbəb olur. Səmərəsiz qidalanma ürəyin işemik xəstəliyi, damar divarının zədələnməsi, ürək sancıları, insult, nazik və yoğun bağırsaq xəstəlikləri və xərçəngin müxtəlif növlərinin yaranmasına səbəb ola bilər. Səmərəsiz qidalanma xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə tütünçəkmədən sonra ikinci yeri tutur. Tədqiqatlar göstərmişdir ki, balıq məhsulları, kalsiumla, flüorla zəngin qidalar, antioksidant xassəli A, E və C vitaminləri, eləcə də tam mənimsənilməmiş karbohidratlar (pektin) orqanizmdə yarana biləcək onkoloji xəstəliklərin ehtimalını azaldır. Elə qida məhsulları var ki, onları məhdudlaşdırmaq, ən yaxşısı isə rasiondan çıxarmaq lazımdır. Məsələn, hisdə qurudulmuş qida məhsullarının (kolbasa, balıq) tərkibində nitritlər olur ki, onlar da kanserogen effektlərə (bədxassəli şişlər yaratma xassəsinə) malikdir, transyağlarla zəngin qidalar damar divarlarında xolesterinin toplanmasına, nəticə etibarı ilə damarların aterosklerozuna səbəb olmaqla ürək infarktı, insult, arterial təzyiqin yüksəlməsi kimi xəstəliklərə gətirib çıxara bilər.
Duzlu qidalar, duzla bərabər orqanizmdə su da saxlayır ki, bu da ürək-damar xəstəliklərinə səbəb olur. Sənaye istehsalı olan hazır qidalar da nəzərə alınmaqla (çörək, pendir) insanın gün ərzində 5 qramdan çox duz qəbul etməsi tövsiyə olunmur. Çörək-bulka (un) məmulatları və şəkər çox miqdarda qəbul edildikdə çəkinin artmasına, şəkərli diabet xəstəliyinə meyilli şəxslərdə bu xəstəliyin əmələ gəlməsinə səbəb ola bilər.
Qeyri-düzgün qidalanma ilə bağlı orqanizmdə yaranan problemlərin biri də piylənmədir. Artıq piy toxumalarının toplanması mədə-bağırsaq, ürək-damar sisteminin pozuntularına gətirib çıxarır ki, bu da bir çox xəstəliklərin yaranması ilə nəticələnir. Belə ki, həzm olunması çətin olan çox yağlı, qızarmış, tez hazırlanan yeməklər, bilavasitə piylənmənin yaranmasına gətirib çıxarır. Bundan başqa qida rejiminin pozulması da orqanizmdə artıq piy toxumalarının toplanması ilə nəticələnir.