Spirtli içkilər yeniyetmələrin orqanizminə mənfi təsir edir. Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Alkoqol beyni kütləşdirir, daxili orqanlarda dəyişikliklərə səbəb olur, mədə-bağırsaq traktında pozulmalar yaradır, immun sisteminə mənfi təsir göstərir.
Alkoqol istifadəsi hansı xəstəliklərə yol açır?
Alkoqolun qəbul dozası qaraciyərin öhdəsindən gələ biləcək miqdarından çoxdursa, bu, qaraciyərin hüceyrələrinə zərər verə bilər və zəhərli kimyəvi maddələrin əmələ gəlməsinə səbəb olur. Belə ki, bu, qaraciyər (sirroz), mədəaltı vəzi, ürək-damar xəstəlikləri, cinsi xəstəliklər, xərçəng və digər xəstəliklərin yaranma riskini artırır. Ümumiyyətlə, nə qədər çox spirtli içki qəbul edirsinizsə, bir o qədər də sağlamlığınıza təhlükə riskini artırırsınız.
“Alkoqol koması” nədir?
Bu sərxoşluq dərəcəsində hərəkət mümkünsüz olur. Hər hansı obyektə diqqəti konsentrasiya etmək mümkün olmur. Güclü coşqunluq hissi yaşanır, tarazlıq hissiyatı pozulur, reaksiyalar zəifləyir.
Nəticədə:
- yüksək təhlükəli sürmə yaranır;
- ətrafa adaptasiya olmada problem yaşanır;
- idarə etmədə səhvlər buraxılır (məsələn, tormoz və qaz pedalları səhv salınır).
! Eyni həcmdə qəbul olunan alkoqollu içki müxtəlif insanlarda müxtəlif ağırlıqlarda sərxoşluq əmələ gətirir. Bu, əsasən orqanizmin xüsusiyyətlərindən, insanın cinsindən, yaşından və alkoqoldan asılılıq səviyyəsinə görə fərqlənir.
Alkoqol asılılığının əlamətləri hansılardır?
Çoxlu spirtli içki qəbul etmək səbəbindən orqanizm alkoqola öyrəşir və alkoqol qəbulunun təsiri keçdikcə spirtli içki qəbulundan 3-8 saat sonra “lomka” əlamətləri (spirtli içkilərdən tamamilə çəkinmək istədikdə yaranan əlamətlər) yarana bilər. Belə ki, bu əlamətlərə görə alkoqol qəbulun tərgidilməsi çətinləşir. Bu əlamətlərə ürək bulanma, titrəmə, tərləmə, spirtli içkiyə yenidən həvəs yaranma, özünü pis hiss etmək kimi əlamətlər daxildir. Bəzi hallarda konvulsiya (titrətmə) baş verir.
Nəticədə, bu əlamətlərin qarşısını almaq üçün spirtli içkini müntəzəm şəkildə qəbul etmək məcburiyyəti yaranır. Spirtli içki olmadığı təqdirdə, bu əlamətlər, adətən, 5-7 gün ərzində davam edir, lakin alkoqola meyllik daha da çox uzun çəkir.
Spirtli içkilər yeniyetmələrin sağlamlığına necə təsir göstərir?
Spirtli içkilərdən istifadə həm də bir sıra psixi pozuntularla gətirir. Spirtli içki qəbul edən yeniyetmələrdə davranış pozuntusu, əsəbilik, baş ağrılar, diqqət dağınıqlı yaranır. Spirtli içkilərdən istifadənin ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və süd vəzi xərçəngi ilə bağlılığına dair kifayət qədər sübutlar var.
Alkoqolizm nədir?
Alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir.
- https://saglamliq.isim.az
- isim.az
- Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında
- "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə
- “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
- Spirtli içkilərdən istifadənin sağlamlığa təsiri