UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Spirtli içkilərdən istifadənin sağlamlığa təsiri

Spirtli içkilərin istifadəsindən hər il milyonlarla insan dünyasını dəyişir. Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olmuşdur. Qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növlərinin, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlmə riski xeyli artır. Alkoqolun qəbulu ilə ürəyin işemik xəstəliyi və beyin-damar xəstəliyinin inkişafı  da baş qaldırır.

Spirtli içkilərdən istifadə həm də bir sıra psixi pozuntulara gətirib çıxarır. Spirtli içki qəbul edən yeniyetmələrdə davranış pozuntusu, əsəbilik, baş ağrılar, diqqət dağınıqlığı yaranır. Spirtli içkilərdən istifadənin ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və süd vəzi xərçəngi ilə bağlılığına dair kifayət qədər sübutlar var.

Mütəmadi olaraq çox miqdarda alkoqoldan istifadə ürək-damar xəstəlikləri riskinin artmasına, o cümlədən, ürək çatışmazlığı, insult (beyinə qan sızma) hallarının baş verməsinə səbəb olur. Alkoqolun qəbulu müxtəlif qaraciyər xəstəliklərinin inkişafı ilə də bağlıdır. Bunların sırasında qaraciyərin piylənməsi, alkoqollu hepatit və sirroz ən geniş yayılmışlardır.

Kişilər arasında gündə 30 qram alkoqolun (təmiz alkoqol ekvivalentində) qəbulu nəticəsində qaraciyər sirrozundan ölümün nisbi riski 2.8-ə bərabərdir (qadınlarda isə nisbi risk 7.7-dir). Gündə 50 qram alkoqolun qəbulu nəticəsində qaraciyər sirrozunun inkişafının nisbi riski 2.3-dür. Həm ölüm, həm də xəstələnmə gündəlik qəbul edilən alkoqolun həcmi artdıqca artmış olur.

Əziz uşaqlar! Artıq məlumatlı olduğunuz kimi spirtli içkilər bir çox ölümcül xəstəliklərə səbəb olur. Sağlam və xəstəliklərdən uzaq həyat yaşamaq üçün zərərli vərdişlərdən uzaq durun!