UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Avtomobil qəzalarının baş verməsinin əsas səbəblərindən biri - avtomobilin sərxoş halda idarə olunmasıdır! Sürücü avtomobili sərxoş vəziyyətdə idarə etməklə hərəkət zamanı digər yol iştirakçılarının da həyatlarını təhlükə altında qoyaraq qəza vəziyyəti yaradır. Alkoqollu içki qəbulu nəinki yol-nəqliyyat hadisələrinin yaranması ehtimalını artırır, həmçinin tədqiqatlar göstərir ki, sərxoş sürücülər arasında travmalar həm çoxluq təşkil edir, həm də daha ağır formada olur. Bu da onların yolda hərəkət zamanı vəziyyəti düzgün qiymətləndirə bilməməsi səbəbindən irəli gəlir.
Spirtli içkinin sürücülük qabiliyyətinə təsiri
1. Yüngül/orta dərəcədə sərxoşluq
Bu halda hərəkətdə olan işıq mənbələrinin aydın şəkildə qavramasında çətinlik yaranır. Nəqliyyat vasitəsinin riskli idarə olunmasına meyillilik yaranır.
Nəticədə:
- qarşıdan gələn avtomobilədək olan məsafə düzgün qiymətləndirilmir;
- hərəkət daha riskli və ehtiyatsız olur (məsələn, ötmə və dönmələrdə);
- təhlükəsizlik üçün məsafə gözlənilmir.
2. Ağır dərəcədə sərxoşluq
Bu halda gözlər daim dəyişən işıq mənbələrinə uyğunlaşa bilmir, qırmızı işığa olan reaksiya zəifləyir, diqqətin konsentrasiyası çətinləşir. Həmçinin tarazlıq hissiyatı pozulur.
Nəticədə:
- qırmızı işığa, tormoz pedalının vaxtında basılmasına və dərhal dayanmaya reaksiya çətinləşir;
- yolda olan təhlükəli məhdud zonalar düzgün qiymətləndirilmir;
- avtomobil fənərlərinin uzaq məsafəli işığından yaxın məsafəli işığına uyğunlaşmada problem yaranır;
- məsafəni təyin etməkdə çətinliklər olur.
3. Çox ağır dərəcədə sərxoşluq
Bu halda coşqunluq hissi yaranır, idarəetmədə şəxsi imkanlar həddən artıq şişirdilir, baxış bucağı azalır, görmə dərinliyi pozulur və bununla obyektlərin qavranmasında problemlər yaranır.
Nəticədə:
- təhlükəli sürmə yaranır;
- piyadalara, velosiped sürənlərə, digər nəqliyyat vasitələrinə qədər olan məsafə səhv qiymətləndirilir;
- ətrafı görmə qabilliyyəti zəifləyir, bu da eyni istiqamətdəki avtomobillər üçün təhlükəli ola bilər.
4. “Alkoqol koması”
Bu sərxoşluq dərəcəsində hərəkət mümkünsüz olur. Hər hansı obyektə diqqəti konsentrasiya etmək mümkün olmur. Güclü coşqunluq hissi yaşanır, tarazlıq hissiyatı pozulur, reaksiyalar zəifləyir.
Nəticədə:
- yüksək təhlükəli sürmə yaranır;
- ətrafa adaptasiya olmada problem yaşanır;
- idarə etmədə səhvlər buraxılır (məsələn, tormoz və qaz pedalları səhv salınır).
! Eyni həcmdə qəbul olunan alkoqollu içki müxtəlif insanlarda müxtəlif ağırlıqlarda sərxoşluq əmələ gətirir. Bu, əsasən orqanizmin xüsusiyyətlərindən, insanın cinsindən, yaşından və alkoqoldan asılılıq səviyyəsinə görə fərqlənir.
Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyin!
1-2 qədəh spirtli içki qəbul edib sükan arxasına oturmamış yadda saxlayın: hətta az miqdarda alkoqollu içki qəbulu ölümcül və dönməz hadisəyə səbəb ola bilər. Belə halda ayıq dostunuzdan və ayıq sürücü xidmətindən yararlanın. Özünüzü və ətrafdakıları risk altında qoymayın!
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əsasən:
2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir:
2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;
2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə;
2.1.3. özünü idarə edə bilmədikdə.
2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir.