Yeniyetməlik 12-15 (11-17) yaşlar hesab olunur və bu zaman uşaqlar yeni xüsusiyyətlərə, özünəməxsus fərqli psixologiyaya malik olurlar. Siz artıq yeniyetmələrlə böyük kimi danışa, müxtəlif mövzuları müzakirə edə bilərsiz. Lakin onlara hələ də uşaqlar kimi bir tapşırığı dəfələrlə təkrarlamaq lazım olur. Yeniyetməlik çətin bir yaş dövrüdür və burada valideynlərin uşaqları ilə əlaqəni itirməsi və qeyri-məhsuldar münasibətlərin qurulması münaqişələrə səbəb ola bilər. Digər tərəfdən, valideyn tələbkarlığının olmaması, söz kəsərinin azlığı da gələcəkdə problemlərə yol aça bilər. Yeniyetmələrin ünsiyyət tərzi valideynlər üçün qəbuledilməz olsa belə, onlarla danışmaq lazımdır. Valideynlər olaraq qəbuledilməz hesab etdiyimiz şeylərə “yox” demək üçün gücümüz və cəsarətimiz olmalıdır. Yeniyetmələr impulsiv qərarlara meyllidirlər - valideynlər buna möhkəm bir maneə qoymalı, eyni zamanda öz qərarlarında tarazlıq nümayiş etdirməli və öz niyyətlərini yeniyetmələrlə rahat müzakirə etməyə hazır olmalıdırlar. Sizə, yeniyetmələrin psixologiyasını anlamağa və onlarla qarşılıqlı münasibətdə ünsiyyət yollarını tapmağa məqalələrimiz yardımçı ola bilər.