VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR

Nitq problemləri

Siz daha gənc olanda və ilk dəfə danışmağa başlayanda, ola bilsin ki, kəkələmiş və ya sözləri tələffüz etməkdə çətinlik çəkmişdiniz. Bəlkə də, həmin anlarda sizin necə də “şirin” danışdığınızı və karat olmamağınızı söyləyiblər. Valideynlər və ya həkimlərin kəkələmə və ya sözlərin tələffüzü ilə bağlı problemlərinizin vaxtla keçəcəyini demələrini də dəfələrlə eşitmisiniz. Ancaq yeniyetmə yaşlarındasınızsa və hələ də kəkələyirsinizsə, bu sizi rahatsız edə bilər.

İlk növbədə bilməlisiniz ki, eyni problemlə milyonlarla uşaq və yeniyetmə rastlaşır. Məsələn, tək Amerika Birləşmiş Statlarında kəkələmədən 3 milyondan çox uşaq əziyyət çəkir. Əslində kəkələmə çox saylı nitq problemlərindən yalnız biridir. 

 

Bəzi nitq və dil pozuntuları.

 

Kəkələmə səlis (axıcı və asan) nitqə mane yaradan problemdir. Kəkələyən şəxs sözün birinci hissəsini təkrarlaya bilər (“ge-ge-ge-dirəm” sözündəki kimi) və ya bir səsi uzun müddət saxlaya bilər (“məəəəəəəəəəktəbə” sözündəki kimi). Kəkələyən bəzi insanlar səsləri tamamilə çıxarmaqda çətinlik çəkirlər. Kəkələmə mürəkkəbdir və nitqə müxtəlif yollarla təsir edə bilər.

 

Artikulyasiyanın pozulması insanların danışarkən edə biləcəyi müxtəlif növ səhvləri əhatə edir. Məsələn, "r" yerinə “l” hərfinin (“dırmaşmaq” üçün “dılmaşmaq") əvəz edilməsi), səslərin buraxılması ("məktəb" yerinə “mətəb”) və ya sözlərə səslərin əlavə edilməsi ("piano" yerinə "pinanio") artikulyasiya səhvlərinin nümunələridir. Lispinq isə yalnız "s" və "z" hərflərinin əvəzlənməsinə aiddir. Lispinqi olan şəxslər bu samitləri sadəcə “ts” ilə əvəz edir (“zəfəran” sözü “tsəfəran” kimi səslənir).

 

Dağınıqlıq və ya qarışıq nitq qüsuru insanların söylədiklərinin başa düşülməsini çətinləşdirən problemdir. Kəkələmə kimi, dağınıqlıq da insanın nitqinin axarlığına və ya ardıcıllığına təsir göstərir. Fərq ondadır ki, kəkələmə nitq qüsurudur, dağınıqlıq isə dil qüsurudur. Kəkələyən insanlar demək istədiklərini sadəcə söyləməkdə çətinlik çəkirlər; dağınıqlıqdan əziyyət çəkən şəxslər isə düşündüklərini söyləyirlər, lakin söylədikləri nizamsız və qarışıqdır. Dağınızlıq və ya qarışıq nitqin ritmi pozulmuş olur, onların nitqi ya çox sürətli, ya da çox ləng səslənə bilər və bu problemə malik şəxslər adətən problemdən xəbərsiz olur.

 

Apraksiya (həmçinin verbal apraksiya və ya dispraksiya kimi də tanınır) oral-motor nitq pozuntusudur. Bu problemdən əziyyət çəkən insanlar səslərin sözlərə çevirilməsi üçün tələb olunan əzələ və strukturları hərəkətə gətirməkdə çətinlik çəkir.

 

Nitq problemlərinə nə səbəb olur?

Normal nitq ilk baxışdan sadə bir proses kimi görünə bilər. Lakin nitq, vaxtın dəqiq tənzimlənməsi, sinir və əzələlərin kontrolunu tələb edən mürəkkəb bir prosesdir.

Danışarkən, biz bədənin müxtəlif hissələrini və sistemlərini, o cümlədən səs telləri olan qırtlağı; dişləri, dodaqları, dil və ağızı; və əlbbət ki, tənəffüs sisteminin fəaliyyətini əlaqələndirməliyik.

Dili başa düşmək və nitq yaratmaq qabiliyyəti beyin tərəfindən əlaqələndirilir. Belə ki, qəza, insult və ya anadangəlmə qüsur nəticəsində beyni zədələnmiş insanın nitq və dil problemləri ola bilər.

Nitq problemlərindən, xüsusən də artikulyasiya pozuntusundan əziyyət çəkən insanların bəzilərində həmçinin eşitmə problemləri də müşahidə olunur. Hətta yüngül eşitmə itkisi insanların eşitdikləri səsləri təkrarlamasına təsir edə bilər. Yarıq damaq kimi bəzi anadangəlmə qüsurlar nitqin yaranmasına mane ola bilər. 

Kəkələmə kimi bəzi nitq problemləri eyni ailə daxilində rast gələ bilər. 

 

Nitq problemləri necə müalicə olunur?

Nitq terapiyası kimi müalicəvi müdaxilələr istənilən yaşda olan insanlarda bəzi nitq problemlərinin aradan qaldırılmasına və ya onların öhdəsindən gəlməsinə kömək edə bilər.

Əgər nitqinizdən narahatsınızsa, valideynlərinizə və həkiminizə bu barədə məlumat vermək vacibdir. Eşitmə testləri və fiziki müayinələr heç bir problem aşkar etməzsə, bəzi həkimlər “nitq-dil patoloqu” və ya loqopedlə konsultasiya təşkil edəcəkdir.

Loqoped söhbət və ya danışıq zamanı insanları müşahidə etmək və nitq problemlərini müəyyən etmək bacarığına və təcrübəsinə malik mütəxəssisdir. Loqopedlər nitq-dil probleminin növünü müəyyən etməyə çalışır (məsələn, səlis nitqin olmaması, artikulyasiyada problem və ya motor bacarıqların çatışmazlığı). Məsələn, kəkələyirsinizsə, loqoped bunu necə və hansı hallarda etdiyinizi araşdıracaq.

Loqopedlər nitq problemlərini araşdırmaq üçün sizin nitqinizi bir başa söhbət zamanı müşahidə edə ya sizin danışdığınızın audio və ya video yazılarına qulaq asa bilər. 

Sizin danışıq tərziniz barədə yetərli məlumat topladıqdan sonra loqoped məxsusi sizin ehtiyaclarınıza uyğun müalicə planı tərtib edəcəkdir. Plan insanın yaşı və nitq pozuntusunun növü kimi amillərdən asılı olacaq.

Əgər nitq pozuntusuna görə müalicə alırsınızsa, müalicə planınızın bir hissəsi məhz loqopedlə işləməyinizi daxil edəcəkdir. İlk etaplarda loqopedlə tez-tez görüşmək lazım olacaq, lakin tədricə bu görüşlərin tezliyi azaldıla bilər. Əksər müalicə planlarına danışarkən müvafiq əzələlərin relaksasiyasına dəstək verən tənəffüs texnikaları və relaksasiya strategiyaları, pozanın kontrolu və oral-motor məşğələlər adlanan səs məşğələlərinin bəzi növləri daxildir.

Müalicə planınızın mümkün qədər uğurlu olması üçün həmin məşqlər hər gün özünüz tərəfindən aparılmalıdır.

 

Nitq problemlərinə görə nə edilə bilər?

Nitq problemi olan insanlar bunun nə dərəcədə əsəbi və narahatedici olduğundan xəbərdardır. Məsələn, kəkələyən insanlar tez-tez başqalarının onların cümlələrini tamamlamasından şikayətlənirlər. Bəziləri isə insanların onlara axmaq kimi yanaşdıqlarını hiss edir. Xüsusilə də, söhbət zamanı qarşı tərəf “yavaşla” və ya “sakit ol” kimi sözlər söylədikdə, bu daha çox qıcıqlandırır. (Kəkələməsi olan insanlar, bu nitq qüsuru olmayanlar qədər ağıllıdırlar). 

Kəkələyənlər bəzən bildirir ki, qarşı tərəf onlarla çox vaxt göz təmasından yayınır və səbirlə sözlərini bitirməsini gözləməkdən imtina edirlər. Əgər nitq probleminiz varsa, sizinlə necə rəftar olunmasını başqalarına əvvəlcədən bildirməyiniz məsləhətdir.

Bəzi insanlar kəkələmə ilə bağlı məsləhətlər almaq və faydalı resurslara çıxış əldə etmək üçün loqopedlərə müraciət edirlər. Nitq terapevtiniz sizi oxşar problemləri olan insanlarla tanış edə bilər. Məsələn, loqoped sizi yaşadığınız ərazidə kəkələyən yeniyetmələr üçün dəstək qrupları ilə əlaqələndirə bilər.

Əgər nitq probleminiz varsa, nitqinizi nəzarətə almaq və bu nəzarəti saxlamaq uzun bir prosesdir. Nitq terapiyası ümumən kömək edə bilər, lakin ünsiyyət zamanı problem vaxtaşırı özünü biruzə verəcəkdir. 

Bütün hallarda, yadda saxlamaq lazımdır ki, nitq sizin kimliyinizi müəyyən edən yalnız kiçik bir elementdir. Özünüzü eşitdirməkdən və ifadə etməkdən çəkinməyin!