Onkoloji xəstəliklərin profilaktikası

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən onkoloji xəstəliklər bütün dünyada xəstələnmələrin və ölüm hallarının əsas səbəblərindəndir. Belə ki, 2012-ci ildə xərçənglə bağlı 14 milyon yeni xəstələnmə və 8,2 milyon ölüm halı baş vermişdir. Ölüm hallarına əsasən onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən sonra ikinci yerdə durur. 2012-ci ildə kişilərdə daha çox ağciyərlərin, prostat vəzisinin, düz bağırsağın, mədə və qaraciyər xərçəngi təyin edilmişdir. Qadınlarda isə daha çox süd vəzilərinin, düz bağırsağın, ağciyərlərin, uşaqlıq boynunun və mədə xərçəngi diaqnozu qoyulmuşdur. Xərçəng yalnız bir hüceyrədən inkişaf edir. Sağlam hüceyrənin şişə çevrilməsi çoxmərhələli prosesdir.. Bu dəyişikliklər insanın genetik faktorları və üç kateqoriya xarici amillərin qarşılıqlı təsiri nəticəsində yaranır.