UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

İnsanın Papilloma Virusu (Human Papilloma Virus, İPV)

İnsanın Papilloma Virusu (İPV) dünyada çox geniş yayılmış virus infeksiyalarına aiddir. 100-dən çox İPV növləri mövcuddur ki, onlardan ən azı 13 növü insanlarda xərçəngin inkişafına səbəb olur (yüksək riskli virus növləri kimi tanınır). İPV infeksiyasının böyük əksəriyyəti simptomsuzdur, xəstəliyə səbəb müəyyən edilmir və özbaşına keçib gedir. İPV əsasən cinsi kontakt vasitəsilə ötürülür və insanların çoxu cinsi həyata başladıqdan sonra bu virusa yoluxur. Uşaqlıq boynu xərçəngi cinsi yolla ötürülən İPV-nin müəyyən tipləri (növləri) nəticəsində inkişaf edir. İPV-nin iki növü (16 və 18) uşaqlıq boynunun patoloji xərçəngönü ocaqların və xərçənginin 70%-nə səbəb olur. Müalicəsiz həmin xərçəngönü patoloji ocaqlar uşaqlıq boynu xərçənginə başlanğıc verə bilər, lakin bu proses adətən illərlə davam edir. ÜST-ün məlumatlarına görə, 2012-ci ildə təxminən 270.000 qadın uşaqlıq boynu xərçəngi səbəbindən vəfat edib.   İPV-nin 16 və 18 tiplərinə qarşı vaksinlər bir çox ölkələrdə istifadə üçün təsdiq edilmişdir (ABŞ, Böyük Britaniya).

İPV-ə qarşı vaksinasiya

Hal-hazırda, İPV qarşı iki yüksək effektivliyə malik profilaktik peyvənd vardır:

  •  Cervarix (İPV-nin 16 və 18 tiplərinin təmizlənmiş zülallarının antigenlərindən ibarətdir və bu növlərin səbəb olduğu xərçəngönü halların və xərçəngin qarşısını almağa xidmət edir).
  •  Gardasil / Silgard (İPV-nin 6, 11, 16 və 18 tiplərinin təmizlənmiş zülallarının antigenlərindən ibarətdir və bu dörd növün səbəb olduğu xərçəngönü halların, xərçəngin və anogenital kondilomaların qarşısını almağa xidmət edir).

Bu peyvəndlər həmçinin çarpaz olaraq digər az təsadüf  olunan uşaqlıq boynun xərçənginə səbəb olan İPV tipləri ilə infeksiyalardan da müdafiyə edir.

Gardasil / Silgard peyvəndi anogenital kondilomalara səbəb olan İPV 6 və 11 növlərinə qarşı da qoruyur. Klinik sınaqların nəticələrinə peyvəndlərin hər ikisinin təhlükəsiz və İPV 16 və 18 növləri ilə yoluxmanın profikaktikası üçün effektiv olduğunu göstərir. Peyvəndlərin hər ikisi İPV-ə məruz qalmadan əvvəl vaksinasiya həyata keçirildikdə daha effektlidir. Odur ki, vaksinasiyanın ilk cinsi kontaktdan əvvəl aparılmasına üstünlük verilir. Peyvəndlər İPV infeksiyasını və ya İPV ilə bağlı xərçəngönü və xərçəng xəstəliklərini müalicə etmir. Uşaqlıq boynu xərçənginə qarşı ən səmərəli ictimai səhiyyə tədbiri kimi ÜST tərəfindən 9-13 yaş arası qız uşaqlarının İPV-yə qarşı peyvənd edilməsi tövsiyə edilir. İPV-yə qarşı peyvəndin vurulması uşaqlıq boynun xərçəngi xəstəliyinə görə aparılan skrininqi əvəz etmir.

Uşaqlıq boynu xərçənginin profilaktikasına və mübarizəsinə kompleks yanaşma

ÜST uşaqlıq boynu xərçənginin profilaktikasına və mübarizəsinə hərtərəfli kompleks yanaşma tövsiyə edir. Tövsiyə edilən ömrü boyunca riayət ediləcək tədbirlər toplusuna maarifləndirmə, İPV-yə qarşı peyvənd, müntəzəm skrininq, müalicə və palliativ qayğı kimi çoxi stiqamətli tədbirlər daxildir. İlkin profilaktika vaksinasiyanın cinsi həyata başlamazdan əvvəl, yəni 9-13 yaşlı qız uşaqlarının İPV-yə qarşı peyvənd edilməsindən başlayır.