Yeniyetmələr arasında spirt istifadəsinin qarşısının alınması müasir nəslin sağlamlığının qorunmasının əsas vəzifələrindən biridir. Yeni informasiya texnologiyalarının inkişafı yalnız ictimai şüurun intensiv yüksəlişinə deyil, həm də bir çox sosial-psixoloji problemlərin yaranmasına səbəb olmuşdur. Ailənin övladlara spirt istifadəsinin qarşısını kəsən əsas “qalxan” olmasına baxmayaraq, bu problem çox zaman uğurla həll oluna bilmir. Ona görə yeniyetmələr tərəfindən alkoqol istifadəsinə yeganə və real maneə müəllimlər ola bilər. Məhz müəllim uşağın aktual problemlərini öyrənə bilər və məhz məktəbdə şagirdlərin sistemli və məqsədyönlü vərdişlərə yiyələnmək imkanları olur. Məsələn, təhsil müddətində sağlam həyat tərzi barəsində öyrənən şagirdlərin mövzunu qavramalarında və mənimsəmələrində mütəmadi nəzarətin həyata keçirilməsi, vəziyəti kontrol və analiz etmək üçün yeniyetmənin ailəsi ilə mütəmadi ünsiyyət, ehtiyac olduqda alkoqol istifadəsinin profilaktikası üzrə mütəxəssislərin cəlb edilməsi və s. Çünki, təhsil mühitində alkoqoldan istifadənin qarşısının alınması üzrə aparılan əsas və sistemli maarifləndirmə işləri yeniyetmələrin alkoqol asılılığının qarşısının alınmasında böyük rol oynayır.