MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Alkoqoloizm və narkomaniya barədə müəllimlər üçün şagirdlərlə məşğələ

Məşğələnin sonunda şagirdlər:
► Alkoqolizm və narkomaniyanın sağlamlığa vurduğu ziyanı izah edirlər.
► Zərərli vərdişlərə “yox” demək strategiyasını şərh edirlər.

Üsul və fəaliyyət növləri:
► “Problemlər ağacı”, rollu oyun, qruplarla iş

Resurslar: plakatlar, fotoşəkillər, videofilmlər, yapışqanlı kağızlar.

Məşğələnin gedişatı
Məşğələni bu sözlərlə başlayın:
Siz əvvəlki məşğələlərdə zərərli maddələr və zərərli vərdişlər haqqında məlumat əldə etmisiniz. Siqaret çəkməyin insan orqanizminə təsiri barədə artıq danışmışıq. Bu gün biz başqa iki zərərli vərdiş - alkoqolizm və narkomaniya haqqında söhbət aparacağıq. Gəlin əvvəlcə “Problemlər ağacı” adlı bir tapşırığı yerinə yetirək. Bunun üçün 2 qrupda birləşin. Birinci qrup insanı narkotiklərdən istifadə etməyə təhrik edən səbəbləri, ikinci qrup isə narkoasılılığın nəticələrini yazacaqdır. Hər bir fikri sizə verilmiş yapışqanlı kağızlarda qeyd edin. Bunun üçün 3 dəqiqə vaxtınız vardır.
Şagirdlər qruplarda işləyərkən əvvəlcədən böyük plakatda sxematik çəkilmiş ağac şəklini lövhədən asın. Şəkildə ağacın kökləri və budaqları iri və aydın göstərilməlidir. Vaxt tamam olduqda
qruplardan xahiş edin ki, səbəblər yazılmış kağızları ağacın köklərinə, nəticələr yazılmış kağızları isə budaqlara yapışdırsınlar. Şagirdlərin ideyaları tükəndikdə onlara aşağıdakı fikirlərlə kömək
edə bilərsiniz: Səbəblər: tənhalıq, məcbur edilmək, əyləncə xatirinə, kompaniyadan geri qalmamaq üçün, ailədə problemlər, müəllimlə münaqişə, böyük görünmək həvəsi, həyati faciə, nə olduğunu
bilməmək, maraq, problemləri unutmaq üçün, imtina edə bilməmək,.. Nəticələr: dostları itirmək, ailədə problemlər, pulsuzluq, oğurluq, pul üçün əşyaları satmaq, ailədən ayrılmaq, xəstəlik, sağlamlıq problemləri, işi itirmək, hər şeyə marağın itməsi, QİÇS-ə yoluxmaq, tənhalıq, psixi problemlər, uşaq doğmaq şansının azalması, səfillik, qanunların pozulması və həbsxana həyatı, ölüm,...

Şagirdlərlə birlikdə “Problemlər ağacı”na nəzər salın. Fikir verin ki, hərdən eyni şey həm səbəb, həm də nəticə ola bilər. Məsələn, “tənhalıq”, “ailədə problemlər” və s. Sonra isə şagirdlərin diqqətini
ona yönəldin ki, ilk baxışda adi bir səbəb çox ağır nəticələrə gətirə bilər. Qırmızı flomaster ilə kökdəki “əyləncə xatirinə” sözlərini budaqdakı “həbsxana”, kökdəki “maraq” sözünü budaqdakı “ölüm” sözü ilə və s. birləşdirin. Tapşırığın təhlilindən sonra alkoqolizm və narkomaniya barədə
aşağıdakı informasiyanı çatdırın:

Narkotiklər – ilk növbədə sinir hüceyrələrini zədələyən və insan orqanizmini bərpa olunmaz şəkildə dağıdan zəhərli maddələrdir; digər zəhərli maddələrdən fərqlənən bu maddə qısamüddətli, hətta
birdəfəlik qəbuldan sonra kəskin fiziki və psixi asılılıq yaradır. Bu zəhərli maddələrdən bəzilərinin mənfi təsiri qısamüddətli sevindirici sərxoşluq (eyforiya, “kef”) vəziyyətidir. Bu vəziyyət daha sonra
boşluq, ətrafdan narazılıq (daxildə və ətrafda boşluq), depressiya hissi ilə əvəz olunur. Narkotik (yunanca narcosis – süstlüyə səbəb olan) – ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tərəfindən verilən tərifə görə - stupor, koma və ya ağrıya qarşı hissizlik (hissiyyatın itməsi) yaradan kimyəvi agentdir. Qeyd edilən terminlər – stupor və koma – huş pozğunluğunun mərhələləridir. Üç meyara cavab verən maddələri narkotik vasitə (narkotik) hesab edirlər:

Tibbi meyar – qeyri-tibbi istifadələri ilə əlaqədar, MSS spesifik təsir göstərən (stimullaşdırıcı, sedativ, halüsinatif və digərləri) maddələr, dərman vasitələridir. Sosial meyar – nəzərdən keçirilən maddənin qeyri-tibbi istifadəsi böyük miqyası əhatə edir və vurulan zərər sosial əhəmiyyət kəsb
edir.

Hüquqi meyar – dərman rəsmi şəkildə narkotik kimi qəbul edilmiş və narkotik vasitələr siyahısına daxil edilmişdir. Sinir sisteminə təsir edən və psixikanı dəyişən maddə psixoaktiv maddədir. Psixi funksiyalara təsir edən, psixi fəaliyyəti tənzimləyə bilən və tibbdə psixi xəstəliklərin müalicəsində istifadə olunan psixoaktiv maddələri psixotroplar adlandırırlar. Psixoaktiv maddələr və psixotrop maddələr sinonimdirlər. Qanunvericilik tərəfindən qadağan edilən psixoaktiv maddələr narkotik hesab edilir. Narkomaniyanın iki aspektini nəzərdən keçirmək lazımdır:
1. Fərdi (fərdi-bioloji, fərdi-psixoloji) – bu zaman söhbət ayrı-ayrı narkomaniya hallarından gedir. Bu da bir şəxsin, onun ailəsinin
və yaxınlarının fəlakətinə səbəb olur. Bu halda qeyd etmək lazımdır ki, narkomaniya – orqanizmin zəhərli narkotik maddələrlə xronik şəkildə zəhərlənməsinə səbəb olan qüsurlu həyat tərzinin, psixi pozuntunun nəticəsidir. Bu zaman narkoman narkotik maddəyə qarşı güclü meyil və kəskin fiziki asılılıq hiss edir.
2. Dövlət və ictimai - narkomaniya mütəşəkkil cinayətkar biznes fəaliyyətinin nəticəsidir. Bu zaman narkoman istismar obyekti (müxtəlif cinayətlərin rahat və itaətli icraçısı) və eyni zamanda narkotik tacirlərinin qeyri-qanuni varlanması üçün vasitədir.

Narkotiklər sizə nə edə bilər?
► Sən həmişəlik özünü, öz azadlığını, sevdiyin insanı, ailəni, sonra HƏYATINI itirə bilərsən.
► Dözülməz ağrılara və tənhalığa düçar edir; artıq həyatı geri qaytarmağın mümkün olmadığını dərk edəcəksən.
► Sən zövq hissini, həyat eşqini itirəcəksən.
► Ağrıdan qıvrılmamaq üçün narkotik lazım olacaq, növbəti dozanı axtararkən isə artıq kef olmayacaq.
► Narkotik sənin orqanizmini tamamilə məhv edəcək.
► Narkotiklərə olan meylin və asılılığın öhdəsindən gəlmək olduqca çətindir.
► Narkotik – narkotik tacirinin əlindəki tilovdur, ondan qurtulmaq olduqca çətindir.
► Narkoloqlar valideynlərinlə birlikdə səni QİSMƏN xilas edə bilsə də, Sən heç zaman əvvəl olduğun kimi olmayacaqsan.
Toksikomaniya – narkomaniyanın bir növüdür, bu zaman narkotik əvəzinə sinir sisteminə, beyinə təsir edən zəhərli maddələrdən istifadə edilir. Adətən, bunlar üzvü həlledicilərdir: yapışdırıcı, lak, benzin. Toksimaniya hətta erkən yaşlı uşaqlarda da rast gəlinir. Təhlükəli gedişat ilə fərqlənir və kəmağıllılığın inkişafını sürətləndirir.
Öyrəşmə və meyillilik yalnız narkotik təsir göstərən maddələrə qarşı deyil, digər preparatlara – barbituratlara, stimulyatorlara, psixotrop maddələrə, yuxu gətiricilərə qarşı da yarana bilər. Narkotik
effekti almaq üçün onları böyük dozada qəbul edirlər. Belə adamların hərəkətləri ləng, düşüncələri keyləşmiş olur. Daha sonra ağıl zəifliyi ilə müşayiət edilən psixoorqanik əlamətlər inkişaf edir. Nə üçün narkotiklər, əsasən gənclərin problemi hesab edilir? Həqiqətən, narkotik qəbul edənlərin əksəriyyəti gənclərdir. Bunun asan izahı var: narkomanlar ahıl yaşlarına çatmadan, çox tez ölürlər.
13-19 yaşlarındakı gənclər psixi cəhətdən daha həssas olduqları zaman böhran dövrü keçirirlər. Ümumiyyətlə, gənclər yeniliklərin, qeyri-adiliklərin axtarışına meyillidirlər, təqlidə cəhd edirlər, öz
imkanlarını yüksək qiymətləndirirlər. Müasir gənclər problemlərin artdığı və sevginin azaldığı xüsusilə ağır dövrdə yaşayırlar. Hərdən kütləvi informasiya vasitələri insanların düşüncəsindəki ənənəvi dəyərlər sistemini dəyişməyə, xeyir və şər anlayışları arasındakı sərhədləri pozmağa, günahı davranış norması kimi qəbul etdirməyə cəhd edirlər. Bu neyrotizasiyaya, reallığın qəbul edilməməsinə səbəb olur. Mənəvi məqsədyönlülük olmadıqda fantaziyalar dünyasına qaçış cəhdi yaranır. Narkotik satıcılarına işləyən narkoman – dostlara “kef” vəziyyətini cazibədar şəkildə təsvir edir. Dayanıqsız psixikaya və formalaşmamış mənəvi dəyərlər sisteminə malik insanlar tezliklə
onların təsiri altına düşür. Alkoqolizm. Spirtli içki qəbul edən insanda dəri damarlarının
genişlənməsi alkoqolun orqanizmdən kənar edilməsi üçün bir reaksiyadır. Dəri damarlarının bu cür genişlənməsi ürəyi təmin edən damarlarda müşahidə edilmədiyindən, alkoqol qəbul edən şəxsdə
hüceyrələrin oksigen alması təhlükəli şəkildə azalır və bu da infarkt riskini artırır. Spirtli içki qəbul edən şəxsin qanındakı alkoqol müəyyən miqdardan artıq olarsa, o zaman kəskin zəhərlənmə baş verir. Nəticədə, insan tənəffüs iflicindən məhv olur.

Alkoqolun müntəzəm qəbulundan meydana çıxan xəstəliklər:
► həzm sistemi ilə əlaqədar olan xəstəliklər;
► ağızın selikli qişasının xərçəngi;
► yemək borusunun iltihabı;
► yemək borusunun xərçəngi.

Spirtli içkilər ağız boşluğu, qırtlaq və yemək borusunun xərçəngi ilə birlikdə, digər orqanların da xərçəngi riskini artırır. Məsələn, pivə qadınlarda süd vəzisi, kişilərdə isə böyrək, sidik kisəsi və yoğun bağırsaq xərçəngi ehtimalını artırır. Spirtli içkilərin qəbul edilməsinin mənfi nəticələri qadınlar üçün daha çoxdur. Qadın hamiləlik zamanı spirtli içki qəbul edərsə, onun cinsi hüceyrələri bundan zərər çəkir və belə hallarda, ümumiyyətlə, uşaqların anadangəlmə qüsurlarla və ya anomaliyalarla doğulma ehtimalı xeyli artır. Bu cür uşaqlarda inkişaf zəifləyir, sümüklərdə patologiya müşahidə edilir, onların vaxtından əvvəl doğulma və ya ölü doğulması ehtimalı artır. Yığıncaqlarda, şənlik mərasimlərində böyükləri təqlid edən yeniyetmələr (və ya daha kiçik yaşlı uşaqlar) spirtli içkinin dadına baxdıqda, onun tamı və təsiri çox hallarda onların xoşuna gəlmir.

Belə hal tək-tük yeniyetmələri bir daha spirtli içkidən istifadə etməməyə sövq edir. Bəziləri ilk təcrübəyə fikir verməyərək, yenə də təsadüfi hallarda alkoqoldan istifadə etməyə başlayır, bəziləri isə, əksinə, spirtli içkilərin dadına daha tez-tez baxmağa başlayırlar. Spiritli içkinin kiçik miqdarından əhval əvvəl qalxsa da, sonradan baş ağrısı, ürəkbulanma, qusma halları baş verir. Amma belə hallara baxmayaraq, yeniyetmələr yaşıdları arasında nüfuz qazanmaq üçün vaxtaşırı olaraq spirtli içkilərdən istifadə etməyə başlayırlar. Əlbəttə ki, alkoqola qurşanmağın səbəbi çox vaxt daxili, psixoloji problemlərlə əlaqədar olur. Adətən, alkoqola meyilli insanlar özlərini tənha hiss edir, onlarda bəzi uğursuzluqlardan özünəinam və  özünüqiymətləndirmə aşağı olur, bəzi hallarda isə ətrafdakıların düzgün olmayan hərəkətlərindən “küsərək” rahatlığı içkidə tapırlar. Belə insanların iradəsi çox vaxt zəif olur, onlar “yox” deməyə ürək etmirlər.

Spirtli içkilərdən müntəzəm istifadə edənlərdə alkoqola dözümlülük artır və bu səbəbdən sərxoşluq effektinə çatmaq üçün daha böyük dozalar tələb olunur və içki həyatın əsas şərtinə cevrilir. Şagirdləri mövzu ilə bağlı bir neçə maarifləndirici şüar hazırlamağa dəvət edin. Tapşırıq qrup şəklində yerinə yetirilir. Məşğələnin son mərhələsində “Yox” deməyin 5 yolu barədə danışın.Zərərli vərdişləri olan dost və yoldaşlarımızın təkidlərinə necə məhəl qoymayaq? Mütəxəssislər 5 müdafiə strategiyası təklif edirlər:

1. Birbaşa “YOX” de. Sadəcə “yox” və ya “yox, çox sağ ol” de.
Əlavə bir şey deməyə ehtiyac yoxdur.

2. Eyni ifadəni dəfələrlə təkrarla. İmtina etdiyini dəfələrlə təkrarla. Misal üçün “yox, çox sağ ol” ifadəsini lazım olan qədər təkrar et. İsrar edən təkrardan bezəcək.

3. Başqa bir şey təklif elə. Söhbəti yeni bir iş təklif etməklə dəyişdir. Məsələn, “Bəlkə futbol oynamağa gedək?” və ya “Bəlkə video oyun oynayaq?”

4. Səbəb göstər. “Yox” de və öz fikrini əsaslandır. Məsələn, deyə bilərsən: “Xeyr, siqaret mənim paltarlarımda pis qoxu qoyur” və ya “Xeyr, çox sağol. Mən öz pulumu yeni kompakt disk üçün
saxlayıram.”

5. Uzaqlaş. Hər zaman qalxıb məkanı tərk edə bilərsən. Əgər sən “yox” deyibsənsə və israr edən tərəf hələ də öz dediyinin üzərindədirsə, o zaman qalx və get. Dostunu itirməkdən qorxma. Əsl dost sənin ilk imtinanı hörmətlə qarşılayacaq. Bu strategiyaları rollu oyunda sınaqdan keçirməyi şagirdlərə təklif edin. 6 nəfər könüllü dəvət edin. Onları kiçik dairədə əyləşdirin. Qalan şagirdləri onların ətrafında böyük dairədə yerləşdirin. Könüllülərə 2-3 dəqiqə vaxt verin ki, təklif və təkidlərə
tutarlı imtina cavabı hazırlasınlar. Onların hər biri növbə ilə narkotik, siqaret və ya spirtli içki təklif edənə, sonra isə imtina edənə çevrilirlər. Təklif ən azı 40-50 saniyə davam etməlidir. Hər bir iştirakçıya başlamaq və qurtarmaq barədə siqnalı müəllim verir. Bu zaman böyük dairədəki şagirdlər müşahidə aparır və ən tutarlı arqumentləri qeyd edirlər.

Oyunun sonunda könüllülərə təşəkkür edin və onlara bu sualları
verin:
► Özünüzü təklif edən rolunda necə hiss edirdiniz?
► İmtina edən rolunda necə hiss edirdiniz?
► İmtina etmək çətindir?
► Real həyatda dost və tanışlara “yox” demək çətindir? Niyə?

ndi böyük dairədə müşahidə edənlərə müraciət edin:
► Kimin arqumentləri daha tutarlı idi?
► Kim daha inandırıcı idi?
► Siz hansı arqumentləri təklif edərdiniz?
Şagirdlərə məşğələdə iştirak etdikləri üçün təşəkkür edin