UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Gecikmiş cinsi yetişkənlik nədir?

11-19 yaş arasında olan yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə doğru bir keçid dövrü olaraq qəbul edilir. Bu dövrə uşaq kimi girən fərdin bu dövrdən yeniyetmə olaraq çıxması gözlənilir. Əvvəldən həmişə uşaq olaraq xarakterizə edilərkən indi bəzən uşaq, bəzən də yetkin olaraq qəbul ediləcək. Valideynlərin vəzifəsi yeniyetmənin bu səylərini anlayıb onlara dəstək olmaq və bu dövrün ən az ziyanla keçməsinə kömək etməkdir.

Yeniyetməlik dövrünə cinsi yetişkənlik dövrü də təsadüf edir. Cinsi yetişkənlik zamanı uşaqların bədənində müəyyən fiziki, fizioloji və psixoloji dəyişikliklər baş verir. Bədəninizdə baş verən dəyişiklikləri müşahidə etdikdə, yetişkənlik dövrünə qədəm qoyduğunuzu asanlıqla başa düşəcəksiniz.

Cinsi yetişkənliklə bağlı dəyişikliklər adətən qızlarda 8-14, oğlanlarda isə 9-15 yaş arasında başlayır. Bu geniş yaş diapazonu normaldır. Əslində bu o deməkdir ki, sizdə cinsi yetişkənlik dostlarınızın əksəriyyətindən bir neçə il əvvəl (və ya daha gec) inkişaf edə bilər və burada heç bir problem yoxdur.

Ancaq bəzən yeniyetmələr normal yaş aralığına uyğun cinsi yetişkənlik dövrünü keçsələr də, bədənlərində gözlənilən dəyişikliklər müşahidə edilmir. Buna gecikmiş yetişkənlik deyilir.

Həkimlər adətən gecikmiş cinsi yetişkənliyi olan yeniyetmələrin inkişafına yardım göstərməklə, onların həmyaşıdlarına çata bilməsinə kömək edə bilər.

Cinsi yetişkənliyin əlamətləri hansılardır?

Əgər siz qızsınızsa, bunları müşahidə edəcəksiniz:

* döşləriniz inkişaf edir və ya böyüyür,

* cinsiyyət organlarınızın (qasıq nayihəsində) ətrafında tüklər inkişaf edir və uzanır,

* boyunuz və ümumiyyətlə bədəninizin böyümə sürəti artır,

* menstruasiyalar başlayır (aybaşılar başverir),

* bədəninizin forması yəni fiquranız dəyişir və çanağınız daha geniş olur.

Əgər oğlansınızsa, bədəninizdəki bu dəyişikləri görəcəksiniz:

* qasıq nayihəsində və üzünüzdə tüklər inkişaf edir,

* bədəninizin böyüməsi sürətlənir və boyunuz da artır,

* xayalarınız və harici cinsiyyət orqanınız (penisiniz) böyüyür,

* bədəninizin forması yəni fiquranız dəyişir — çiyinləriniz genişlənir və daha əzələli olursunuz.

Bu dəyişikliklərə bədəninizdə əvvəlkindən daha çox miqdarda istehsal olunan cinsi hormonların təsiri səbəb olur. Oğlanlarda bu dəyişikliklərə testosteron hormonu,  qızlarda isə estrogen hormonu səbəb olur.

Gecikmiş yetişkənlik hallarında nə baş verir?

Oğlanlarda gecikmiş yetişkənlik diaqnozu aşağıdakı hallarda qoyulur:

* Penis və xayalar 14 yaşa qədər böyüməyə başlamayaıb,

* xarici cinsiyyət orqanlarının böyüməsi 5 ildən çox davam edir,

* daha sürətlə böyüyən həmyaşıdlarla müqayisədə qısa boyluluq.

Qızlarda isə gecikmiş yetişkənliyin əlamətləri aşağıdakılardır:

* 14 yaşa qədər döşlərin inkişaf etməməsi yəni böyüməməsi,

* döşlərin böyüməyə başladığı tarixdən növbəti 5 il ərzində və ya 16 yaşınadək aybaşların (menstruasiyaların) başlamaması.

Gecikmiş yetişkənliyin səbəbi nədir?

Cinsi yetişkənlik bir neçə səbəbdən gecikə bilər.

Ailə tarixçəsi.

Çox vaxt bu, sadəcə olaraq yeniyetmənin ailəsində (onun valideynləri, baba-nənələri və s.) böyümə və inkişafın xüsusiyyətləri ilə bağlıdır. Yeniyetmə oğlan və ya qız uşağının gecikmiş yetişkənliyini araşdırarkən müəyyən edilə bilər ki, onların atası, anası, əmisi, xalası, qardaşları, bacıları və s. yaxın qohumlarında da gecikmiş cinsi yetişkənlik olub. Bu fenomen konstitusional gecikmə adlanır və həmin hallarda adətən müalicəyə ehtiyac duyulmur. Bu yeniyetmələr zamanla normal inkişaf edəcək və onlarda cinsi yetişkənlik həmyaşıdlarının əksəriyyətindən bir qədər gec başversə də, sonda ciddi problem müşahidə edilmir.

Tibbi xəstəliklər.

Müxtəlif xəstəliklər (adətən xroniki) də cinsi yetişkənliyin gecikməsinə səbəb ola bilər.

* Şəkərli diabet, sistik fibroz (ağciyərlərin irsi xəstəliyi), böyrək xəstəliyi və ya hətta astma kimi xroniki xəstəlikləri olan bəzi insanlarda cinsi yetişkənlik daha böyük yaşda baş verə bilər. Belə ki, bu xəstəliklər həmin şəxslərin böyüməsini və inkişafını ləngidə bilər. Düzgün müalicə və həmin xəstəliklərin daha yaxşı nəzarətə götürülməsi gecikmiş cinsi yetişkənlik ehtimalını azalda bilər.

* Sağlam və balanslaşdırılmış pəhrizə riayət edənlərlə müqayisədə, az qida qəbul edən və ya yetərincə lazımi qida maddələri almayan insanlarda cinsi yetişkənlik daha gec inkişaf edə bilər. Məsələn, qidalanma pozuntusu olan anoreksiya nevroza diaqnozu qoyulmuş yeniyetmələrdə çox zaman bədən çəkisi o qədər aşağı düşür ki, bədənləri normal inkişaf edə bilmir. Peşəkar atletlər və ya idmanla çox intensiv məşğul olan qızlar o dərəcədə arıq olur ki, cinsi yetişkənlik onlarda da gec inkişaf edir. Cinsi yetişkənlik və ya normal aybaşıları üçün qızların bədənləri kifayət qədər piy toxumasına (“yağa”) ehtiyac duyur.

* Gecikmiş cinsi yetişkənlik hipofiz və ya qalxanabənzər vəzində olan problemlərdən də qaynaqlana bilər. Bu vəzilərin ifraz etdiyi hormonlar bədənin böyüməsi və inkişafı üçün önəmlidir.

Normal yaşda cinsi yetişkənliyə çatmayan bəzi yeniyetmələrdə xromosomlarda (tərkibində bütün genetik məlumatı saxlayan DNT və zülallardan ibarətdir) problemlər ola bilər. Hər bir insanda - kişi və qadında - 46 xromosom vardır. Belə ki, insanın bütün genetik məlumatı 44 autosom (22 cütü), ikisi isə (bir cütü) cinsi xromosomlardır. Qadında və kişidə eyni olan xromosomlar autosom xromosomlar adlanır. Qadın və kişinin somatik hüceyrələrində olan xromosomlar bir-birinə oxşayır və 22 cüt təşkil edirlər. Qadın və kişidə xromosom dəstinə görə yeganə fərq ondadır ki, qadının xromosom dəstində 44 autosom və XX cinsi xromosomları (yəni 46XX), kişidə isə 44 autosom və XY cinsi xromosomları (yəni 46XY) olur.

Xromosomlarda bədənimizin quruluşu və funksiyalarına aid bütün planlar yerləşdirilib. Xromosomlarla bağlı problemlər normal böyümə proseslərinə təsir göstərə bilər. Misal üçün:

* Törner sindromu olan qadınlarda iki ədə X xromosomundan biri qeyri-normal və ya əskik olur. Bu, qız uşağının böyüməsi və yumurtalıqların inkişafı və cinsi hormonların ifrazı ilə bağlı problemlər yaradır. Müalicə olunmamış Törner sindromlu qadınların boyu daha qısa olur, cinsi yetişkənlik çox fərqli inkişaf edir və onlarda digər tibbi problemlər də ola bilər.

* Klaynfelter sindromu olan kişilərdə əlavə X xromosomu olur (yəni 46XY əvəzinə 47XXY). Bu xəstəlik cinsi inkişafı ləngidir. Klaynfelter sindromlu kişilər daha hündür boylu olur, onlarda öyrənmə (əqli inkişafda geri qalma) problemləri və digər xəstəliklər də müşahidə edilir.

 

Gecikmiş cinsi yetişkənliyin diaqnostikası necə aparılır?

Yaxşı xəbər budur ki, həkimlər adətən cinsi yetişkənliyi gecikmiş yeniyetmələrə normal inkişaf etməyə kömək edə bilərlər. Cinsi yetişkənliyinizlə bağlı suallarınız varsa, və ya digərlərindən fərqli inkişaf etdiyinizdən narahatsınızsa, valideynlərinizdən həkiminizlə görüş təyin etmələrini xahiş edin.

Həkim bunları həyata keçirəcəkdir:

* Fiziki müayinənizi aparacaq.

* Ailə üzvləriniz arasında oxşar böyümə və inkişaf xüsusiyyətlərinə malik olan birisinin olub-olmamasını araşdıracaq və ətraflı anamnez toplayacaq.

* Qəbul etdiyiniz dərmanlar və ya qida əlavələri (vitaminlər, minerallar, idman nidaları və s.) barədə soruşacaq.

* Yaşınıza uyğun boy və çəki göstəricilərinizi standart şkalalara əsasən müqayisə edəcəkdir ki, problemə işarə edən hər hansı xüsusiyyətləri görə bilsin.

Həkim həmçinin bunları təyin edə bilər:

* Qalxanvariz vəzi (tiroid), hipofiz (baş beyində yerləşir), xromosomlarınızla bağlı və ya digər problemləri yoxlamaq üçün qan analizləri təyin edə bilər.

* Sümüklərinizin yaşa görə normal böyüməsini (sümük yaşının təyini) müəyyən etmək üçün sümüklərinizin rentgenoqrafiyasını təyin edəcəkdir.

Gecikmiş cinsi yetişkənlik necə müalicə olunur?

Çox vaxt həkimlər heç bir fiziki problem tapmırlar. Gecikmiş cinsi yetişkənliyə malik yeniyetmələrin əksəriyyəti həmyaşıdları ilə müqayisədə bir qədər gec inkişaf edir və tədricən bütün göstəricilərə görə öz həmyaşıdlarına çatır.

Həkimlər problem aşkar edərsə, yeniyetməni uşaq endokrinoloqunun müayinəsinə yönəldəcəkdir. Endokrinoloq böyümə problemləri, hormonal pozuntuları olan uşaq və yeniyetmələrin müalicəsində ixtisaslaşmış həkimdir. Müayinəsinin nəticələrindən asılı olaraq, endocrinolog əlavə analizlər təyin edə və hətta sizi daha ixtisaslaşmış digər həkimə yönəldə bilər.

Cinsi yetişkənliyi gecikən bəzi yeniyetmələr səbirsiz olur və cinsi yetişkənliklə bağlı müvafiq dəyişikliklərin başlamasını gözləməkdə çətinlik çəkirlər. Beləliklə, həkimlər hormonlarla müalicənin başlanmasını təklif edə bilər:

* cinsi yetişkənliklə bağlı dəyişikliklərin başlanmasını sürətləndirmək üçün həkim tərəfindən yeniyetmələrə ayda bir dəfə vurulan testosteron iynəsini 4-6 ay müddətinə təyin edə bilər.

* Qızlarda döşlərin inkişafını sürətləndirmək üçün 4-6 ay ərzində aşağı dozada estrogen preparatı təyin edilə bilər.

Müalicə başa çatdıqdan sonra, cinsi yetişkənlik prosesini tamamlamaq üçün adətən yeniyetmənin öz hormonları işə başlayır. Əks təqdirdə, həkim cinsi hormonların uzunmüddətli təyinini (hormon əvəzləməsi) yeniyetmə və onun valideynləri ilə müzakirə edəcəkdir.

Gecikmiş cinsi yetişkənlik problemim varsa nə edim?

Sizdən fərqli olaraq, dostlarınızın və ya rəfiqələrinizin böyüməsini və cinsi yetişkənliyinin inkişafını müşahidə etmək bəzən çətin ola bilər. Onlara çatmayacağınız barədə fikirlər sizi narahat edə bilər. Əminlik əldə etmək və özünə-inamı artırmaq üçün həkim və ya valideynlərinizlə narahatçılıqlarınızı bölüşün və dəstək alın.

Hər şeyin normal getdiyinə dair sizi inandırmalarına baxmayaraq, hələ də əhval-ruhiyəniz aşağıdırsa və ya depressiyanız varsa və ya məktəbdə hansısa çətinliklər və ya digər problemlərlə üzləşmisinizsə, həkiminiz, valideynləriniz, etibar etdiyiniz böyük yaşlı şəxslə, sizdən böyük bacı-qardaşla bu barədə danışmağa çalışın, onlardan məsləhət istəyin. Nəzərə alın ki, gecikmiş cinsi yetişkənlik və ya ümumi fiziki inkişafda həmyaşıdlardan geri qalma problemi çox tez-tez rast gəlir. Buna görə də, onlardan kimsə oxşar problemlə ya özü üzləşib, ya da oxşar problemi olan birisini tanıyır.