VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
6-17 yaş xüsusiyyətləri və səmərəli qidalanmanın zərurəti Uşaq və yeniyetməlik dövrü intensiv böyümə və inkişaf prosesləri ilə səciyyələnir. Bu dövrdə uşaq orqanizminin normal inkişafı və sağlamlığı üçün ən vacib şərtlərdən biri də qidalanmadır. Uşaqlıq dövründə uşaqların ali sinir fəaliyyəti, intellekti və aktiv hərəkətləri formalaşır, xarici mühitlə əlaqələri zənginləşir, mühit amillərinin qeyri-əlverişli təsirlərinə qarşı çox tez cavab reaksiyaları yaranır. Bu mənada uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişafını təmin edir. Qidalanma beyinin, uşaq idrakının, mərkəzi sinir sisteminin funksional vəziyyətinə birbaşa təsir göstərir.
Bu yaş dövrünün xüsusiyyətlərindən biri də tədris fəaliyyətinə başlama ilə əlaqədar uşaq və yeniyetmələrin həddən artıq yüklənməsi və günün çox hissəsini məktəbdə keçirməsidir. Təlim prosesini intensivləşməsi, qəbul edilən informasiyanın çoxluğu şagirdlərin əqli inkişafının sürətlənməsinə səbəb olur, nəticədə mərkəzi sinir sisteminin müxtəlif analizatorlarının yüklənməsi artır. Həmçinin oturaq həyat tərzi ilə əlaqədar uşaqlar fiziki inkişafdan geri qalırlar.
Nəticədə əsəbi və gərgin olur, nizamsız qidalanır və çəki problemləri ilə qarşılaşırlar, bunlar da ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Məktəb dövründə şagirdlərin orqanizmində morfofunksional dəyişikliklər baş verir. Bu inkişaf məktəblilərin üzv və sistemlərinin quruluşu, onların ölçülərinin dəyişilməsi və funksional imkanları ilə sıx əlaqəlidir. Bundan əlavə yeniyetmə dövründə oğlanlar və qızlar özünəməxsus inkişaf prosesləri ilə fərqlənirlər. Bundan asılı olaraq oğlan və qızlara müvafiq yemək dəstləri (menyular) hazırlanır.
Səmərəli və tarazlaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Ona görə bütün təlim-tərbiyə müəssisələrində səmərəli və tarazlaşdırılmış qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilməlidir.
Səmərəli qidalanma nədir? Qidalanma orqanizmin daxili mühitinin sabitliyini təmin edir və
onun həyat fəaliyyətini (böyümə, inkişaf, orqan və sistemlərin normal funksiyası) daim normal səviyyədə saxlayır. Səmərəli qidalanmanın təmin olunması üçün gündəlik qida payı
aşağıdakı tələblərə cavab verməlidir:
1. qəbul olunan qida payının verdiyi enerji orqanizmin sərf etdiyi enerjini ödəməlidir (qida kəmiyyətcə tam dəyərli olmalıdır);
2. qida payı keyfiyyətcə tam dəyərli olmalı, onun tərkibindəki zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələrin miqdarı və nisbəti orqanizmin fizioloji tələbatını ödəməlidir;
3. gün ərzində yeyilən qida qəbul saatlarına görə düzgün bölüşdürülməklə, qidalanma rejiminə əməl edilməlidir;
4. qida termiki işləmədən düzgün keçirilməli, ona xoş dad, ətir və görkəm verilməklə rəngarəngliyi, müvafiq temperaturu, qida maddələrinin daha yaxşı həzm olunması, mənimsənilməsi və doymaq hissinin yaranması təmin edilməlidir;
5. yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və termiki işləmə zamanı sanitariya qaydalarına ciddi əməl edilməklə, bu yolla baş verə bilən qida zəhərlənmələrinin, infeksiyaların və
helmintozların qarşısı alınmalıdır. Böyüməkdə olan orqanizmin nisbətən qısa dövr ərzində qidalanmasına olan fərqləndirici yanaşma bir sıra səbəblərlə əlaqədardır. Məsələn, müxtəlif yaş dövründə qida məhsullarına və enerjiyə olan tələbat fizioloji və biokimyəvi xüsusiyyətlərdən asılıdır.Cinsdən asılı olaraq enerji mübadiləsində olan fərq müəyyən edilmişdir. Eyni fəaliyyət növü zamanı oğlanlar qızlara nisbətən daha çox enerji sərf edirlər. Bu fərq xüsusən yeniyetmə yaşlarda artır.
Formalaşmaqda olan uşaq beyni müxtəlif həcmdə məlumat mənimsəyir. Bununla əlaqədar olaraq qidaya olan tələbatı müəyyən edərkən həm fiziki yüklənməni, həm də əqli gərginliyi nəzərə almaq
lazımdır. Səbəbindən asılı olmayaraq (urbanizasiya, radiasiyanın artması, qida keyfiyyətinin yaxşılaşması) bioloji yetkinliyin sürətlənməsinin əsasında məhz mübadilə prosesləri səviyyəsinin xeyli artması əsas rol oynayır. Uşaq müəssisələrində səmərəli qidalanmanın ən vacib məsələlərindən biri onun düzgün təşkil olunmasıdır.
Sübut edilmişdir ki, normal mədə ifrazatı üçün vacib şərt qida qəbulları arasındakı müəyyən olunmuş fasilələrin ciddi gözlənilməsidir. Bu tələbə riayət olunmayanda həzm prosesləri pozulur, iştaha azalır. Müxtəlif qida qəbullarının vaxtı uşaq müəssisəsinin iş rejimi ilə müəyyən edilir. Uşaqlara hər bir fasilədə qida verilməməlidir. Uşaq müəssisəsinin iş şəraiti, milli və iqlim xüsusiyyətlərdən asılı olaraq kalori bölgüsündə 5% hüdudunda tərəddüdə yol verilir. Uşaq müəssisəsinin gün rejimində müxtəlif qida qəbullarının davametmə müddəti müəyyən edilir: səhər və şam yeməyi üçün davametmə müddəti 15-20 dəq., nahar üçün 20-25 dəq. kifayət edir. Yeməkxanada sakit, rahat şərait (mühit), süfrənin hazırlanması, xörəklərin xarici görkəmi, onların tamı (dadı) - hamısı uşaqlarda müsbət emosiya oyatmalıdır.
Birinci və ikinci xörəklər isti (50ºC) verilməlidir. Məktəbli yeməkxanada qəbul olunmuş ümumi davranış qaydalarını bilməli və onlara riayət etməlidir:
qidanın alınması zamanı növbə gözləməlidir
isti və duru yeməklərin alınması, qəbulu zamanı ehtiyatlı və
diqqətli olmalıdır
özü ilə gətirdiyi və ya yeməkxanada aldığı qidanı yalnız
yeməkxanada qəbul etməlidir.
Uşaqlar yeni qidalanma rejiminə 4-9 gün ərzində alışırlar. Uyğunlaşma dövründə uşaqda iştahanın azalması və hətta həzm prosesinin pozulması müşahidə oluna bilər. Səmərəli qidalanmanın əsas şərtlərindən biri – düzgün tərtib edilmiş menyudur (yemək siyahısı). Onu aşpazın və müəssisə rəhbərinin iştirakı ilə tibb işçisi tərtib edir. Bu zaman aşağıdakı müddəalar nəzərə alınmalıdır:
1. Rasion uşaqların yaşına, onların enerji və qida maddələrinə olan tələbatına, iqlim şəraitinə, ilin fəslinə və fiziki yüklənmənin dərəcəsinə, növünə müvafiq olmalıdır.
2. Səhər yeməyi və nahar menyusuna ət və balıqdan hazırlanmış xörəklərin daxil edilməsi tövsiyə olunur. Təsdiq edilmiş menyu və ya məhsulların bəziləri rasionda hər gün olmalı (ət (balıq),
süd, yağ, çörək, tərəvəz), digərləri (xama, pendir, yumurta, kəsmik) – hər gün olmaya bilər, lakin 7-10 gün ərzində çatacaq məhsul yığımı tam ödənilməlidir.
3. Menyunun tərkibi müxtəlif olmalıdır. Bu həm məhsulların geniş çeşidindən, həm də hazırlanma qaydalarından istifadə olunma ilə əldə edilir. Gün ərzində xörəklər təkrarlanmamalıdır. Xörəklərin düzgün uyğunlaşdırılmasının da əhəmiyyəti vardır. Belə ki, əgər şorba yarmadan hazırlanmışsa, onda ikinci xörək tərəvəzli olmalıdır.
Ətin yanında tərəvəz qarnirləri olmalıdır: kartof, qaynadılmış kələm və yaşıl noxud, qaynadılmış və ya buxarda bişirilmiş çuğundur, xiyar və s. Vitaminlər, mineral maddələr, polidoymamış yağ turşuları, fosfotidlər və tokoferollar mənbəyi kimi bitki yağları qatılmış təzə tərəvəzlərdən hazırlanmış salatlar rasiona geniş daxil edilməlidir. Müxtəlif yarmalardan da istifadə etmək lazımdır, çünki yarmalar mineral maddələrin miqdarına görə fərqlənir. Son vaxtlarda sıyıqların yarma qarışığından hazırlanması istifadə olunur: darı düyü ilə; düyü qarabaşaq ilə və s.
4. Hər bir uşaq müəssisəsində daim qüvvədə olan iki həftəlik menyu tərtib edilməlidir. Onu tərtib edərkən müxtəlif uşaq və yeniyetmə müəssisəsi tipləri üçün məsləhət olunan nümunəvi menyu əsas götürülməli, ona yerli təchizat şəraitindən, milli xüsusiyyətlərdən, ilin fəslindən, iqlim və coğrafi zonadan asılı olaraq dəyişikliklər edilməlidir.
5. Nümunəvi menyu əsasında hər gün menyu bölgüsü tərtib olunur. Burada uşaqların sayı, qidalanan əməkdaşların sayı göstərilir, hazır xörəkdə payın kütləsini qeyd etməklə hər qida qəbulu üzrə xörəklərin siyahısı və xörəyə məhsul sərfi verilir. Hazır xörək çıxışının hesablanması üçün ətin, balığın və tərəvəzin soyuq və isti hazırlanması zamanı itkiləri nəzərə alan xüsusi cədvəllərdən
istifadə olunur.
6. 2013-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri gün ərzində meyvə və tərəvəzlərin gündəlik rasionda 5 porsiya olmasını təyin etmişlər. Bir porsiya kimi
80-100 q çəkidə meyvə, tərəvəz qəbul olunub. Bir porsiya meyvə-tərəvəz 1 alma və ya 1 şaftalı, yaxud 2 xiyar və ya 1 pomidor təşkil edir. Qəbul olunan meyvə və tərəvəzlərin ümumi
çəkisi orta hesabla 400-800 q təşkil etməlidir.
7. Su insanın bədən çəkisinin təxminən 60-67%-ni təşkil edir. Su hüceyrə və toxumalarda bioloji reaksiyaların və fizioloji proseslərin getməsi üçün optimal mühit yaradır, bir çox mübadilə
proseslərinin gedişatını, həzmi, istilik tənzimlənməsini, lazımsız maddələrin sidik, nəcis, tər və tənəffüs vasitəsilə xaric edilməsini təmin edir. Uşaqların suya olan tələbatı daha çoxdur, buna görə
də onlar gün ərzində kifayət qədər su qəbul etməlidirlər. İsti hava, fiziki aktivlik suya olan tələbatı artırır. Uşaq orqanizminin 10%-dən artıq su itkisi həyat üçün təhlükəlidir.
8. Uşaq qidalanmasında mütləq şəkildə gündəlik isti duru qida olmalıdır.