UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Menstruasiya və ya aybaşı, qız uşaqlarında uşaqlıq yolu vasitəsilə uşaqlıqdan qanın ifrazıdır. Menstruasiyanın başverməsi qız uşağının yetkinlik dövrünə çatdığına işarədir.
Aybaşılar haqqında əslində öyrənməli çox şey var. Burada ən çox verilən suallar cavablandırılıb.
Qızların əksəriyyətində menstruasiya nə vaxt başlayır?
Əksər qızlarda ilk menstruasiya 12 yaşında qeydə alınır. Amma 10-15 yaş arasında istənilən vaxt aybaşını başlaya bilər və bu normaldır. Hər qızın orqanizmi unikaldır və öz fərdi kalendarı ilə çalışır.
Qız uşağında menstruasiyanın məhz mütləq bu yaşda başlamasına dair qəti bir fikir yoxdur. Ancaq menstruasiyanın (aybaşının) tezliklə başlayacağına dair bəzi ipucları var:
- Çox vaxt qız uşaqlarında süd vəziləri (döşlər) inkişaf etməyə başladıqdan təxminən 2 il sonra menstruasiya da başlayır.
- Başqa bir əlamət, qızın alt paltarında görə biləcəyi və ya hiss edə biləcəyi uşaqlıq yolundan ifrazat və ya selikli, qatı mayenin gəlməsidir. Bu maye adətən ilk menstruasiya başlamazdan təxminən 6 aydan bir ilə qədər əvvəl qeydə alına bilər.
Menstruasiyaya nə səbəb olur?
Orqanizmdə hormonlarda dəyişikliklərin başverməsi səbəbindən menstruasiya başlayır. Hormonlar çox kiçik miqdarlarda olan və bədənin müxtəlif oranlarına və toxumalarına xüsusi məlumat daşıyan mürəkkəb kimyəvi maddələrdir. Qızların cinsiyyət sisteminin bir hissəsi olan yumurtalıqlar xüsusi qadın hormonları - estrogen və progesteron - ifraz edir. Bu hormonlar uşaqlığın (bətnin) divarındakı selikli qişanın qalınlaşmasına və ya böyüməsinə səbəb olur. Uşaqlığın qalınlaşmış divarı bu halda, mayalanmış yumurtanın yapışması və inkişafı üçün hazırdır. Əgər yumurtanın mayalanması baş verməyibsə, uşaqlıq divarının qalınlaşmış selikli qatı ayrılır və qanaxma ilə bədəndən xaric olunur. Hər ay və təxmini eyni aralıqla bu proses təkrarlanır.
Uşaqlıq divarının qalınlaşması və sonrada ayrılarak xaric edilməsi adətən təxminən bir ay çəkir. Buna görə də qızların və qadınların əksəriyyəti ayda bir dəfə menstruasiya görürlər.
Ovulyasiyanın aybaşı ilə nə əlaqəsi var?
Ovulyasiya yumurtalıqlardan yumurtanın ayrılmasıdır. Uşaqlığın (lat.uterus) selikli qişasının qalınlaşmasına səbəb olan eyni hormonlar həmçinin yumurtanın yumurtalıqların birini tərk etməsinə səbəb olur. Yumurtalığı tərk edəndən sonra yumurta xüsusi nazik boru (fallopi borusu adlanır) vasitəsilə uşaqlığa doğru hərəkət edir.
Yumurta mayalanarsa, o, uşaqlıq divarına yapışır və zamanla böyüyərək uşağa çevrilir.
Yumurta mayalanmadıqda, uşaqlığın qalınlaşmış selikli qişası ayrılır və başverən qanaxma ilə xaric edilir, yəni menstruasiyaya baş verir.
Aybaşı başlayanda müntəzəm olurmu?
Qızlarda menstruasiya başlamasından sonrakı ilk bir neçə il ərzində aybaşı (sikl) müntəzəm olmaya bilər. Məhz ilk vaxtlarda bu normal hesap edilir. İlk menstruasiyadan təxminən 2-3 il sonra qızlarda menstruasiya 4-5 həftədə bir dəfə baş verməlidir.
Aybaşı başlayan kimi qızlar hamilə qala bilərmi?
Bəli, qızlar aybaşı başlayan tarixdən yumurta mayalanarsa, hamilə qala bilər. Qız hətta ilk aybaşı başvermədən bir qədər əvvəl də hamilə qala bilər. Bunun səbəbi onunla bağlıdır ki, aybaşının ilk dəfə başlamasına az qalmış qızlarda hormonlar artıq aktiv olur və hamiləliyə şərait yarana bilir. Belə ki, həmin hormonlar ovulyasiyaya və uşaqlığın divarının qalınlaşmasına səbəb olmuş ola bilər. Buna görə də, həmin vaxtlarda qız cinsi əlaqədə olarsa, o, hamilə qala bilər.
Sikl (aybaşı) nə qədər davam edir?
Menstruasiya adətən təxminən 5 gün davam edir. Ancaq qızlarda sikl ya daha qısa, ya da daha uzun sürə bilər.
Menstruasiya hansı tezliklə baş verir?
Menstruasiya (aybaşı) adətən 4-5 həftədə bir dəfə olur. Ancaq bəzi qızlarda menstruasiya bir qədər daha nadir və ya daha tez-tez görülə bilər.
Gigiyenik bez və ya tampondan istifadə etməliyəmmi?
Menstruasiya zamanı xaric edilən qanlı ifrazatın təmizlənməsi üçün bir neçə seçiminiz var. Hansı sizin üçün ən uyğun olarsa, ondan istifadə edə bilərsiniz. Qərar vermək üçün müxtəlif vasitələri sınaqdan da keçirə bilərsiniz. Bəzi qızlar yalnız bir üsuldan, digərləri isə müxtəlif vaxtlarda fərqli üsullardan istifadə edir.
- Qızların çoxu ilk dəfə menstruasiya zamanı gigiyenik bezlərdən istifadə edirlər. Bezlər pambıqdan hazırlanır və müxtəlif ölçü və formalarda olur. Onların alt paltara yapışan yapışqan zolaqları var.
- Bir çox qızlar tamponları gigiyenik bezlərdən daha əlverişli hesab edirlər, xüsusən də idman və ya üzgüçülük zamanı. Tampon sanki pambıqdan hazırlanmış bir tıxacdır və qızın uşaqlıq yoluna yerləşdirilir. Əksər tamponlar tamponu yerinə yönləndirən xüsusi aplikatorla birgə satılır. Tampon qanı özünə hopdurur. Tamponu 8 saatdan çox saxlamaq olmaz, çünki bu, toksik şok sindromu adlanan çox ciddi infeksiya riskinizi artıra bilər.
Aybaşı zamanı nə qədər qan gəlir?
İlkin baxışda, aybaş zamanı xaric olan qanlı ifrazatın həcmi çox görünə bilər. Ancaq bir qız bütöv aybaşı ərzində cəmi bir neçə xörək qaşığı dolu qan itirir. Əksər qızlar gündə təxminən 3-6 dəfə gigiyenik bez və ya tampon dəyişdirməli olur.
Aybaşılar ömrümün sonuna qədər davam edəcək?
Qadınlar menopauza yaşına çatdıqda (təxminən 45-55 yaş) menstruasiya həmişəlik dayanır. Qadınlarda həmçinin hamilə olduqları zaman aybaşı olmur. Körpəni ana südü ilə əmizdirən zaman da menstruasiya baş verməyə bilər.