UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Piylənməyə uşaqlıqdan qalib gələk

Piylənmə sağlamlığa zərər vuran anormallıq və artıq piy qatı kimi tərif olunur. Körpələrdə və uşaqlarda piylənmə Ümumdünya Səhiyyə Təşkilatının meyarları ilə müəyyən edilir (boy, bədən çəkisi, yaş və Bədən Kütləsi İndeksi göstəriciləri əsasında). Sizdə artıq çəki və ya piylənmənin olub-olmamasını həkiminizdən öyrənə bilərsiniz! Piylənmə bütün dünyada sürətlə yayılır. 2013-cü ildə 5 yaşadək uşaqlardan 42 milyonu artıq çəki və piylənmədən əziyyət çəkib. Əgər tədbir görülməzsə, 2025-ci ilə qədər 5 yaşadək 70 milyon uşaq artıq çəki və piylənmədən əziyyət çəkə bilər. Hazırda dünyada 18 yaşadək 170 milyon artıq çəkili insan var. Hər il ən azı 2,6 milyon insan artıq çəki və piylənmə səbəbindən həyatını itirir.

Uşaqlıq dövründə piylənmənin yaranma səbəbləri və risk faktorları: Hamiləlik dövründə anada yaranan şəkərli diabet körpənin çəkisinin artmasına və gələcəkdə piylənməyə səbəb ola  bilər. Cəmiyyətdə formalaşan “kök uşaq sağlam uşaqdır” fikri də ailəni uşağı həddindən artıq qidalandırmağa təşviq edir. Tərkibində yüksək miqdarda yağ, şəkər, duz olan qidaların qəbulu uşaqların piylənməsi ilə nəticələnir. Yüksək laorili qida və içkilərin reklamı düzgün olmayan qida vərdişləri formalaşdırır və nəticədə uşaqlarda çəkinin artmasına gətirib çıxarır. Mobil telefonların, planşetlərin, video oyunların geniş yayılması fiziki aktivliyi azaldaraq, artıq çəki və piylənməyə səbəb olur.

Uşaqlıq dövründən başlayan piylənmənin sağlamlıq üçün fəsadları: Artıq çəkili uşaqlar böyüdükdə piylənməyə və gənc yaşda qeyri-infeksion xəstəliklərə - diabet və ürək-damar xəstəliklərinə məruz qalırlar. Bu da vaxtından əvvəl ölüm və əlilliyə səbəb olur. Piylənmədən əziyyət çəkən körpələr və azyaşlılar sonra, yəni yeniyetmə və böyük yaşlarda da artıq çəkili olurlar.

Piylənmənin səbəb olduğu qeyri-infeksion xəstəliklər: Ürək-damar xəstəlikləri, şəkərli diabet, oynaq - əzələ sistemi xəstəlikləri, bəzi orqanlarda (süd vəzi, uşaqlıq, mədə-bağırsaq sistemi) onkoloji xəstəliklər.

Uşaqlarda piylənmənin qarşısını almaq üçün ümumi tövsiyələr:

  • Düzgün qidalanma vərdişi formalaşdırmaq
  • Meyvə, tərəvəz, paxlalı bitkilərdən daha çox istifadə etmək
  • Qida rasionunda doymuş yağları doymamış yağlarla əvəz etmək
  • Şəkərin istifadəsini azaltmaq
  • Gündə ən azı 60 dəqiqə fiziki aktivliklə məşğul olmaq

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri:

  • Yenidoğulmuş körpəyə süd verməyə daha tez başlamaq (doğuşdan sonrakı 1 saat ərzində)
  • Körpəyə ilk 6 ay yalnız ana südü vermək
  • Körpəyə 6 ayından başlayaraq, tərkibi vitaminlərlə zəngin və təhlükəsiz qidalar (qatı qidalar) vermək
  • Uşağa 2 yaşınadək ana südü verilməsini davam etdirmək
  • Məktəbyaşlı uşaqlar və yeniyetmələr üçün mütəmadi olaraq fiziki aktivliklə məşğul olmaq (gündə 60 dəqiqə)
  • Mobil telefonların, planşetlərin, video oyunların istifadə müddətini azaltmaq
  • Yüksək kalorili qida və içkilərin reklamlarına baxılmasını məhdudlaşdırmaq