UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Zorakılığa məruz qaldıqda susma! Bu barədə xəbər ver və zorakılığa son qoy!

Məişət zorakılığıdedikdə ailə üzvlərindən birinin digəri üzərində nəzarət və hökmranlıq etməsi, buna nail olmaq üçün fiziki, psixoloji, iqtisadi təzyiqlərə əl atması, həmçinin cinsi zorakılığa məruz qoyması başa düşülür.

Məişət zorakılığının növləri.

Emosional və psixoloji zorakılığa aşağıdakılar aiddir:

  • digərləri barədə müxtəlif şaiyələr və ya yalanlar yaymaq,
  • sizin barənizdə və ya ailəniz haqqında yalanlar yaymaq,
  • digərlərinin yanında sizi utandırmaq,
  • öz hərəkətlərinə görə başqasını günahlandırmaq,
  • digərlərini heyvan və s. adlarla çağırmaq,
  • başqalarının yanında alçaltmaq, aşağılamaq,

 Etinasızlıq və laqeyd münasibət.

  • Valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən qayğının göstərilməməsi
  • Sizin ehtiyaclarınıza diqqətsizlik və laqeydlik
  • Xəstələnəndə sizi həkimə aparmama
  • Uşağı yaşına və ehtiyaclarına uyğun qida, geyim, yaşayış yeri, təhsil və ya tibbi yardım ilə təmin etməmə və ya bundan boyun qaçırma

Cinsi zorakılıq.

  • sizin icazəniz və ya xəbəriniz olmadan sizə toxunmaq,
  • məktəbdə və ya evdə paltarınızı dəyişərkən qapını açıq qoymaq,
  • digərlərinin yanında çılpaq və ya yarı-çılpaq gəzmək.
  • böyüklər üçün nəzərdə tutulmuş filmlərə baxmağa məcbur etmək və ya həvəsləndirmək.

 Fiziki zorakılıq.

  • birisini vurmaq, döymək, itələmək, ona badalaq qurmaq və ya yıxmaq,
  • boğmaq, kobud rəftar etmək, isti su ilə yandırmaq,
  • ac və susuz saxlamaq,
  • fiziki zor tətbiq etməklə başqasının hərəkətlərini məhdudlaşdırmaq, məs., evdə və ya zirzəmidə qıfıl arxasında saxlamaq da fiziki zorakılıqdır.

Erkən və məcburi nikah.

  • Erkən nikah 18 yaşdan aşağı olduqda birisi ilə evlənmək (ərə getmək) və ya ailə qurmaq deməkdir. Erkən nikah 18 yaşı olmayan həm oğlanın, həm də qızın sağlamlığına, gələcək həyatına ciddi mənfi təsirlər göstərə, ailədaxili zorakılığa səbəb ola bilər.
  • Məcburi nikah isə birisi ilə ailə qurmağa (evlənməyə, ərə getməyə) məcbur edilmə deməkdir.
  • Qarşılıqlı istək olmadan qurulmuş ailələr çox vaxt tez dağılıq, həmin ailələrdə zorakılıq halları və boşanmalar tez-tez baş verir.

Əgər sizə qarşı kobud rəftar, alçaldıcı və ya aşağılayıcı münasibət baş veribsə və ya siz cinsi zorakılığın qurbanı olmusunuzsa, susmayın, bu haqda tanıdığınız və etibar etdiyiniz birisi ilə danışın.

Əgər siz kiminsə kobud rəftar, alçaldıcı və ya aşağılayıcı münasibətə,fiziki və ya cinsi zorakılığa məruz olduğunu görmüsünüzsə, və nə etməyi bilmirsinizsə, etibar etdiyiniz birisindən məsləhət alın.

Sizə qarşı zorakılıq törədən şəxslər sizi qorxuda bilər və ya zorakılığın baş verməsində hətta sizin özünüzü gunahlandıra bilər. Yadda saxlayın ki, əsl gunahkar sizə qarşı zorakılıq törətmiş insanlardır. Sizə qarşı baş verən kobud rəftar və ya zorakılıq hallarına son qoymaq üçün aşağıdakı qurumlara müraciət edə bilərsiniz.  Sizə yardımçı olacaq Uşaq Qaynar Xətti, İnam telefon xətti və ya Zorakılığın qurbanı olmuş Uşaqlar üçün Reabilitasiya Mərkəzinə çəkinmədən müraciət edin. Yadda saxlayın ki, bütün zənglər və müraciətlər gizli saxlanılır və sizin icazəniz olmadan heç kimə ötürülmür. Başqasından yardım istəmək çətin görünə bilər, lakin bilin ki, məhz bu ilk addım sizin zorakılıqdan qurtulmanız üçün atdığınız addım olacaq!

Yardım üçün müraciət edə biləcəyiniz təşkilatlar:

  • Uşaq Qaynar Xətti: 088-480-22-80;480-22-80; 050-480-22-80; e-poçt: yardım@usaqxetti.az
  • Zorakılıqla bağlı Uşaq Qaynar Xətti: 088-48—22-80; 051-;
  • Gənclər üçün Krizis Telefon Xətti – 012 510 66 36
  • Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin İnam Telefon Xətti - 012 566 50 61
  • Daxili İşlər Nazirliyi -102
  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 012 498 00 92
  • Ombudsmanın “Uşaq qaynar xətti” 916