UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Tütünçəkmə XX əsrdə 100 milyon insanın ölümünə səbəb olmuşdur. Belə davam edərsə XXI əsrdə 1 milyard insanın ölümü ilə nəticələnə bilər. Çoxları bilir ki, siqaret çəkmək zərərlidir, lakin onun təhlükələri barədə məlumatı olan azdır. Siqaret çəkmək ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafına səbəb olur:
Ağciyər xərçəngi – 90% hallarda
Emfizema – 75 % hallarda
Ürək – damar xəstəlikləri – 25 % hallarda.
Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25%-i bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Siqaret çəkən əksər insanların həyatı orta hesabla 20 ilədək qısalır.
Müəyyən dövrədək siqaret çəkənlər düşünür ki, tütün çəkmək sağlamlığa təsir etmir. Zaman ötdükcə tütünçəkmənin nəticəsi olaraq problemli və xəstəliklərlə yaşanan günlər gəlir.
Siqaret çəkmək sağlamlığa hər gün zərər gətirir və hər çəkilmiş siqaret ilə sağlamlığa güclü zərbə vurulur. Siqaret çəkən buna xüsusi diqqət yetirmir, digər tərəfdən isə o, siqaretçəkmənin sağlamlığa vurduğu zərbələr barədə düşünmək istəmir.
Yanan siqaret 7 mindən çox müxtəlif kimyəvi maddə, o cümlədən 70-dən çox xərçəng xəstəliyi yaradan maddə istehsal edir. İlk dövrlərdə siqaretçəkmə sağlamlığa öz təsirini büruzə vermir, lakin zaman ötdükcə bunu hiss etmək mümkün olur.
Siqaret çəkənlərdə tez-tez təngnəfəslik yaranır, çünki onlarda ilk növbədə ağciyərlər zədələnir. Tütün çəkənlər ildən-ilə özlərini halsız və daha yorğun hiss edirlər. İnsanların əksəriyyəti bunu ekologiya, immunitet və digər faktorlarla əlaqələndirir, lakin əsas səbəblərdən biri siqaret çəkməkdir.
Siqaret çəkən insanda ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəlir. Uzun illər tütün çəkmək qan damarlarının daralmasına və zədələnməsinə gətirib çıxarır. Bu isə son nəticədə aterosklerozun əmələ gəlməsini tezləşdirir, ürəkdə infarkt, beyində insulta səbəb olur.
Adətən, damarların daralması və qan dövranının ləngiməsi səbəbindən 30-40 yaşlı kişilərdə cinsi zəiflik və impotensiyanın inkişafı riski yaranır.
Siqaretçəkmə həzm sisteminə birbaşa təsir edir, çünki tütün tüstüsündə olan nikotin, qətran və digər zəhərli maddələr ağız suyu ilə qarışaraq mədəyə düşür. Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçənginin və xroniki xəstəliklərinin yaranması ehtimalı yüksəkdir.
Sizcə, siqareti tərgitmək üçün onun ağır bir fəsadını gözləməkmi lazımdır?!
Bu fəsadların çoxunun da öldürücü olduğunu nəzərə alsaq, tərgitmək üçün bundan ciddi səbəb ola bilərmi?! Siqaret çəkməkdən imtina etmək müəyyən prosesdir və insanın siqaret çəkməyə qarşı münasibətinin dəyişməsindən başlayır. Özünüz seçdiyiniz gün və saatda siqaret çəkməkdən imtina edin. Unutmayın ki, Sizin seçiminiz var. Lakin hər dəfə siqaret çəkmək istədikdə düzgün qərar verin.
Siqaret çəkənlərin əksəriyyəti səy göstərərək, bu təhlükəli vərdişdən imtina edə bilir. Alışdığın bir vərdişdən imtina etmək asan deyil, amma mümkündür.
Siqaret çəkməkdən imtina edin - siz bunu bacararsınız! Tütünsüz yaşayın! Heç vaxt, heç bir halda siqaret çəkməyə başlamayın!