Qrip (influenza) – qrip virusunun törətdiyi xəstəlikdir. Bu virusun müxtəlif növləri var. Qrip öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə digər insanlara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas edilən zaman yoluxma halı yüksəkdir. Ona görə də qrip sürətlə yayıla bilən bir xəstəlikdir.
Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Xəstəlik adətən 2-7 gün davam edir. Qripə yoluxan insanların əksəriyyəti tamamilə yaxşılaşır. Bəzən isə, tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır.
Xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bəzən ağırlaşmalar ölümlə nəticələnə bilər.