“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” (HBSC) sorğusu Avropa və Şimali Amerikada geniş istifadə edilən və hazırda 49 ölkədə hər dörd ildən bir keçirilən araşdırmadır. HBSC şəbəkəsi 11-,13- və 15- yaşlı qız və oğlan uşaqlarının sağlamlıq və rifahı, sosial mühit və sağlamlıq davranışları haqqında məlumatları toplayır. Azərbaycanın HBSC şəbəkəsinə qoşulmasının birinci addımı olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2017-ci ilin aprel ayında pilot layihə olaraq Azərbaycanın Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla, 11, 13 və 15 yaşlı şagirdləri arasında “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair pilot sorğu keçirilmiş və əldə edilmiş məlumatlar təhlil edilərək nəticələr
əsasında hesabat hazırlanmışdır. Hazırlanmış hesabat 19 iyun 2017-ci il tarixdə Norveçin Bergen şəhərində keçirilmiş “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransında təqdim olunmuş və beləliklə ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə üzv seçilərək HBSC tədqiqatının ölkə üzrə iri miqyasda aparılması hüququnu əldə etmişdir. Ölkəmiz də 2017-ci ildən etibarən artıq “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinin (Health Behaviour in School-aged Children - HBSC) üzvüdür və ölkəmizin bu üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınır və dəstəklənir.