UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Uşaq və yeniyetmələr artıq bədən çəkisinə görə çox vaxt gülüş obyekti olur və ya aşağılanırlar. Artıq bədən çəkisi uşaq və yeniyetmələrə qarşı stiqmaya səbəb ola bilər. Bu həm məktəbdə, həm evdə, həm də küçədə baş verə bilər. Əfsuslar olsun ki, televiziya verilişləri, reklamlar və ya filmlərdə göstərilən artıq bədən çəkisi və ya piylənməsi olan insanın gülüş obyektinə çevrilməsi adi hal kimi qəbul olunur və belə yeniyetmələr normal çəkisi olanlarla müqayisədə daha az zəkaya malik kimi qələmə verilirlər. Nəticədə belə hallar heç də fəsadsız ötüşmür və uşaqlarda özünə inamın kəskin aşağı düşməsinə gətirib çıxarır.
Nə etmək məsləhətdir?
Sağlam qidalanma, müntəzəm fiziki aktivlik (və ya Kidman), məsləhət xidməti və böyüklər və həmyaşıdların dəstəyi vacibdir.
Yüksək piylənmə dərəcəsi olan yeniyetmələrə müvafiq dərman preparatları və bəzi hallarda hətta bariatrik cərrahi müdaxilə tövsiyə edilə bilər.
Düzgün pəhriz və fiziki aktivliklə yanaşı valideynlərin uşağın müsbət keyfiyyətlərini daim önə çəkməyə çalışması və özünə inamı artırmağa töhvə vermələri vacibdir.
Artıq bədən çəkisi olan bəzi uşaq və yeniyetmələrdə həyat tərzinin dəyişdirilməsi və pubertat (cinsi yetişkənlik) dövrdə normada baş verən fiziki inkişafın sürətlənməsi səbəbindən boyun artması nəticəsində bədən çəkisi normallaşır.
Yeniyetmələrin bəzilərində piylənmə həyat boyu mübarizə hədəfinə çevrilir.
Sağlam qidalanma dedikdə, sağlamlıq üçün faydalı olan qida məhsullarının adekvat həcmdə qəbul edilməsi başa düşülür. Məhz sağlam qidalanma ilə fiziki aktivlik həyat üçün əhəmiyyətli və uzunmüddətli vərdişlər olmalıdır. Boy artımı zamanı (əsasən pubertat dövrdə) yeniyetmələrin kaloriyə tələbatı çox artır. Lakin bu tələbat sağlam qida məhsullarından əldə edilməlidir, çünki kalori ilə yanaşı yeniyetmələrin orqanizminin digər qida maddələrinə tələbatı da təmin edilməlidir.
Evdə və məktəbdə sağlam qidalanmanın təmin olunmasında böyüklər (valideynlər, müəllimlər) mühüm rol oynaya bilər. Böyüklər sağlam qidalanmaya və idmanla məşğul olmağa üstünlük verməklə, uşaq və yeniyetmələrə müsbət nümunə ola bilərlər.
Böyüklər aşağıdakılara riayət etməklə sağlam qidalanma vərdişlərinin formalaşmasında uşaqlara yardımçı ola bilərlər:
-
Səhər yeməyini ötürməmək
-
Qida rasionuna meyvə, tərəvəz, protein və dənli bitkiləri daxil etmək
-
Şam yeməyini evdə bişirmək (təzə qida məhsullarından istifadə etməklə)
-
Şirinləşdirilmiş içkilərdən imtina etmək
-
Gündəlik həyat rejiminə fiziki aktivlik və Kidman məşğələlərini daxil etmək, uşaqları da bu fəaliyyətlərə cəlb etmək.
Yadda saxlayın ki, pubertat yaş dövründə yeniyetmələrin :
-
bədən çəkisi və boyları artır
-
oğlanlarda əzələ kütləsi inkişaf edir
-
qızlarda süd vəziləri inkişaf edir və bud-çanaq nahiyəsi böyüyür
-
boy artımından əvvəl həm oğlanlarda, həm də qızlarda piy toxumasının artımı müşahidə edilir.
Bilmək vacibdir:
Artıq çəki və ya piylənmə heç də yalnız fiziki görünüş cəhətdən əhəmiyyət kəsb etmir.
Artıq kiloqramlar sağlamlığa mənfi təsir göstərir, 2-ci tip şəkərli diabet, yüksək qan təzyiqi, insult, ürək-damar xəstəlikləri, xərçəng xəstəliyi, öd daşı xəstəliyi və öd kisəsinin digər xəstəlikləri, sümük və oynaq problemlərinin inkişafı, yuxu apnoyesi (yuxu zamanı tənəffüsün müvəqqəti dayanması) və digər tənəffüs pozuntularının yaranmasına səbəb olur.
Artıq bədən çəkisi və piylənməsi olan yeniyetmələrdə yuxarıda sadalanmış xəstəliklərin inkişaf riski 60%-dən çoxdur.
Artıq çəkisi olan yeniyetmələrdə emosional distres və ya emosional pozğunluğun inkişaf riski daha yüksək olur.
Artıq çəkisi olan yeniyetmələrin dostları (rəfiqələri) daha az olur, sosial cəhətdən təcrid olunmağa daha çox məruz qalırlar və normal çəkili yeniyetmələrlə müqayisədə depressiya hallarına onlarda daha çox rast gəlinir.
Artıq çəkisi olan yeniyetmə qızlarda özünə inam və özünə güvən daha zəif olur. Bu isə onlarda tənhalıq, kədər, qəzəb və qıcıqlanma riskini artırır.