UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Sümüklərin sağlamlığı üçün uşaq və yeniyetmə dövründə diqqət ediləcək məqamlar

Uşaq və yeniyetmələrin sümük sağlamlığı getdikcə daha mühüm tibbi problemə çevrilir.

Sümük orqanizmdə mühüm struktur rol oynayır:

  • Bədən üçün dayaq olaraq onun hərəkətliliyini, qorunmasını təmin edir.
  • Əsas mineral deposu kimi fəaliyyət göstərir.
  • Böyüklərdə hətta sümük öz inkişafını dayandırmır, əksər böyüklərin skeleti hər 10 ildən bir bərpa olunur.
  • Həyat boyu sovrulma (rezorbsiya) və əvəz edilmə (formalaşma) prosesindən keçir.

Kalsium və fosfat duzlarının çökməsi nəticəsində minerallaşan sümük öz struktur möhkəmliyini əldə edir. Döldə sümüyün 2/3 hissəsinin minerallaşması hamiləliyin üçüncü üç aylıq dövründə bətndaxili baş verir. Doğumdan başlayaraq yetkinliyədək (orta hesabla, qızlar üçün 12.5 yaşa, oğlanlar üçün isə 14 yaşadək) sümüyün mineral tərkibi 40 dəfə artır, 18 yaşında isə sümük kütləsi təxminən 90%-ə çatır.

Osteoporoz

Sümüklərin sağlamlığı səhhətin ümumi vəziyyəti üçün çox vacibdir: bu, osteoporozun (sürətlə davam edən ən geniş yayılmış sümük xəstəliyi) inkişaf etməsinin qarşısının alınmasını təmin edir. Osteoporoz yalnız böyüklərdə deyil, uşaq və yeniyetmələrdə də baş verə bilər. Osteoporoz bir çox illər ərzində simptomu olmadan tədricən inkişaf edən xəstəlikdir. Onun profilaktikası üzərində çalışmaq vacibdir! Osteoporozdan qorunmaq uşaqlıq çağından başlayır və həyat boyu davam edir. Bunun üçün:

  • mütəmadi fiziki təlimlər
  • balanslaşdırılmış pəhriz
  • zərərli vərdişlərdən imtina
  • yıxılma və xəsarət almadan qorunma əsasdır.

Osteoporoz vaxtında təyin olunarsa, müalicə olunan xəstəlikdir. Bunun üçün vaxtında həkimə müraciət etmək lazımdır. Müayinə zamanı ilk olaraq sümük densitometriyası üsulu (sümüklərin sınıqlara meylliliyinin müayinəsi) ilə sümüyün mineral sıxlığı təyin olunmalıdır. Sümük densitometriyası sümükdə kalsiumu dəqiq təyin edən standart metoddur.

Raxit

D vitamini hormon olaraq günəş şüasının dəriyə təsiri nəticəsində alınır. D vitamini bədəndə kalsium istifadəsinə nəzarət edir və sümüyün formalaşmasında böyük rol oynayır. D vitamininin çatışmazlığı uşaqlıq dövrünün ciddi sümük problemini yaradır və raxitlə nəticələnir.

Raxit azyaşlı uşaqların xəstəliyidir. Raxit mütləq olaraq müalicə tələb edən xəstəliklərdəndir! Bir çox valideynlərin “uşaq böyudükcə keçib gedər” kimi fikirləri yanlış hesab olunur.

Raxit vaxtında və düzgün müalicə olunmadığı halda uşaq orqanizmi üçün ağır fəsadlar verə bilər. Raxit xəstəliyi vaxtında müalicə olunmazsa, uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi və digər patoloji hallar qeyd oluna bilər.

Raxitin qarşısını almaq üçün günəşli vaxtlarda gəzintiyə çıxmaq, qəlyanaltıda tərkibində süd ilə soya və ya düyü kimi gücləndirici qidanın qəbulu gərəkdir. Hər gün təxminən 15 dəqiqə günəş şüaları altında olduqda D vitamininin normal istehsalı uşağın ehtiyacını ödəyir.

  

Şəkil 1, 2. Raxit nəticəsində ayaqların deformasiyası 

Şəkil 3 (a, b): a – diz oynağının deformasiyası; b – diz oynağının yana çəkilməsi deformasiyası

Kalsium sümüklərin formalaşması üçün tələb olunan mineralların ən əhəmiyyətlisidir. Kifayət qədər kalsium və D vitamini qəbul edilmədiyi halda, yaxud orqanizm qəbul etdiyi qidalardan kifayət qədər kalsium əldə edə bilmirsə, onda ilk növbədə hamilə qadınlar, döşlə əmizdirən qadınlar, vaxtından əvvəl doğulan körpələrdə sümüklər kövrəlir və sınmağa daha çox meylli olur.

Sümüklərin bərkiməsi prosesi uşağın doğulduğu gündən yeniyetməlik dövrünə qədər davam edir. Sümüklərin çox hissəsi bərkimədiyindən onlar daha kövrək və sınmağa meylli olur. Ona görə də bu dövrdə uşaq sümükləri qəfil hərəkətlərə və zərbələrə çox həssasdır: kövrək olduğundan sümüklər asanlıqla deformasiyaya uğraya bilər.

Təsdiq edilib ki, az sümük kütləsi və sınıqlar uşaqlıq dövründə bəzi genetik və qazanılan xroniki xəstəlikləri kəskinləşdirə bilər.

Təkrarlanan sınıqlar, sümük ağrıları, sümük deformasiyaları, gecikmiş cinsi yetkinlik, az bədən çəkisi və ya osteopeniya ilə olan uşaqlar üçün skeletin qiymətləndirilməsi tövsiyə edilir.