UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR
Əsas faktlar
- Fiziki aktivlik qeyri–infeksion xəstəliklərin (QİX) profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.
- Fiziki passivlik (fiziki aktivliyin olmaması və ya az olması) dünyada ölümün risk faktorları arasında 4–cü yeri tutur.
- Fiziki passivlik ürək–damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri–infeksion xəstəliklərin (yəni yoluxucu olmayan xəstəliklərin) yaranmasının əsas risk faktorlarından biridir.
- Fiziki passivlik səbəbindən hər il 3.2 milyon insan həyatını itirir.
- Dünyanın böyük yaşlı əhalisi arasında hər üç nəfərdən biri fiziki passivdir.
Fiziki aktivlik nədir?
Bədəndə skelet əzələlərinin enerji sərfini tələb edən hər hansı bir hərəkət fiziki aktivlik hesab edilir. Fiziki aktivlik dedikdə təkcə qaçış və ya sürətlə qaçış, velosiped sürmək, avarçəkmə, üzgüçülük, ayaq xizəyi idmanı, aerobika və digər idman məşqləri deyil, həm də gündəlik fəaliyyət, məsələn, sürətli gəzinti, pilləkənlərlə qalxmaq və enmək, ev işlərinin görülməsi, rəqs etmək və digər aktiv əyləncə tədbirləri nəzərdə tutulur.
Fiziki aktivliyin üstünlükləri.
Fiziki aktivlik:
- əzələləri, xüsusilə ürək və tənəffüs sistemi əzələlərini möhkəmləndirir;
- sümükləri möhkəmləndirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır;
- yüksək qan təzyiqi (hipertoniya), ürəyin işemik xəstəlikləri (ürəyin qanla təchizatının pozulması), beyin insultu, şəkərli diabet, süd vəzi və yoğun bağırsaq xərçəngi və depressiyanın yaranma riskini azaldır;
- yıxılma, həmçinin boyun, qalça, onurğa zədələnmələri riskini azaldır;
- enerji mübadiləsini və normal bədən çəkisini saxlamağa kömək edir.
Fiziki aktivlik çatışmazlığı zamanı yaranan risk amilləri
Fiziki aktivliyin çatışmazlığı və ya oturaq həyat tərzi dünya əhalisində qeyri–infeksion xəstəliklərin yaranmasına və ümumi sağlamlıq vəziyyətinə böyük təsir göstərir.
Fiziki aktivliyin çatışmazlığı aşağıdakı qeyri–infeksion xəstəliklərin əsas yaranma səbəblərindən biridir:
- süd vəzi və yoğun bağırsaq xərçənginin 21–25% hallarda
- şəkərli diabetin 27% hallarda
- ürəyin işemik xəstəliklərinin 30% hallarda.
Fiziki aktivliyin çatışmazlığı səbəbləri
Fiziki aktivlik səviyyəsinin aşağı olmasının əsas səbəbi asudə vaxtlarda passivlik, işdə və evdə oturaq həyat tərzidir. “Passiv” nəqliyyat formalarından (avtomobil, ictimai nəqliyyat və s.) geniş istifadə də fiziki aktivlik çatışmazlığının səbəblərindən biridir.
Urbanizasiya (kənd və rayon əhalisinin şəhərə köçməsi, şəhərlərin böyüməsi və s.) ilə əlaqəli olan bir sıra ətraf mühit amilləri də fiziki aktivlik səviyyəsinin artırılmasına mane ola bilər və əhalinin aktiv həyat tərzindən passiv həyat tərzinə keçidini şərtləndirir.