UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Mineral maddələr

Mineral maddələrin (Əlavə 3) düzgün qəbulu bir çox xəstəliklərin
qarşısının alınmasında böyük rol oynayır.
► Ən çox istifadə olunan mineral maddələrdən biri də duzun tərkibində olan nаtriumdur. Qida maddələrində duzun artıq olması bir sıra xəstəliklərin (hipertoniya, ürək-damar xəstəlikləri, mədə xərçəngi və s.) yaranma riskini artırır. Duzun istifadəsi zamanı aşağıdakı şərtlərə əməl edilməlidir:
1. duzu qida hazırlayarkən əlavə etməmək
2. süfrəyə duz qoymamaq
3. şorabadan istifadə etməmək
4. tərkibində daha az miqdarda duz olan ərzaq məhsullarını
seçmək (bunun üçün ərzaq məhsullarının üstündə olan
etiketləri oxumaq tövsiyə olunur)
5. yodlaşdırılmış duzdan istifadə etmək
► Kalsium tərkibli qida maddələrinin az istifadəsi və ya qidalanma rejiminin pozulması ilə müşayiət olunan kalsiumun orqanizmdən çıxması sümüyün tərkibinin dəyişməsinə və uşaqlarda dayaq hərəkət sistemində pozulmalara səbəb olur. Süd və süd məhsulları, paxlalılar, dənli bitkilər, əncir, badam kalsium
mənbəyi hesab edilir.
► Dəmir çatışmazlığının törətdiyi əsas fəsad anemiyadır. Anemiya əsasən dəmirdən ibarət olan hemoqlobinin azlığı zamanı yaranır. Hemoqlobin bədən üzvlərinə oksigen çatdıran maddədir. Yəni
orqanizm dəmir almazsa, hemoqlobin azalar, bu da öz növbəsində bədən üzvlərinin oksigenlə təmin olunmasında
problemlər yaradar. Tünd çay dəmirin mənimsənilməsinə mənfi təsir göstərir. Buna görə də qida ilə birgə və ya qida qəbulundan dərhal sonra çay içmək məsləhət olunmur. Əksinə, vitamin C dəmirin mənimsənilməsində müsbət rol oynayır. Gün ərzində uşaqlar 4-18 mq dəmir qəbul etməlidirlər. Həkimlər də dəmirin təbii yollarla alınmasını tövsiyə edirlər. Bunun üçün paxlalılar, yarmalar, çuğundur, alma, kələm, kərəviz, çiyələk, qaragilə, böyürtkən, buğda, kartof, ağ göbələk, cəfəri, meyvə qurusu, itburnu, badam, xurma, şaftalı, armud və s. yeyilməlidir. İnsan həftə ərzində bu ərzaqları rasionuna əlavə edərsə, dəmir çatışmazlığından əziyyət çəkməz.
► İçməli suda flüorun miqdarının normadan aşağı olması karies xəstəliyi ehtimalını artırır. Uşaqların inkişafı dövründə fosfor kalsium və flüorun miqdarı az olduqda, eyni zamanda şəkərli və karbohidratlarla zəngin olan qidalardan daha çox istifadə edildikdə, dişlərdə çürümə baş verir. Flüor çatışmazlığı problemi varsa, flüorlu məcunlardan istifadə olunmalıdır. Dişlərin sağlam olması üçün süd və süd məhsulları, meyvə-tərəvəzlə balanslı
şəkildə qidalanmaq lazımdır.
► Yod orqanizmdə normal inkişaf üçün vacib olan (hətta çox az miqdarda olsa belə) bir elementdir. Qidalarla alınan yodun çox böyük bir hissəsi bağırsaqlardan sorulur və tiroid hormonlarının quruluşunda istifadə edilir. Buna görə də orqanizmdə yod çatışmadıqda insan həm zehni, həm də fiziki inkişafdan geri qalır. Yod qəbulu üçün dünyada ən çox istifadə edilən üsul duzun yodlaşdırılmasıdır. Duzda olan yod gün işığında, artıq rütubətdə və yüksək temperaturda buxarlanma yolu ilə azalır. Yod itkisinin qarşısını almaq üçün yodlu duz tünd rəngli qapaqlı qabda, quru və sərin yerlərdə saxlanılmalıdır. Bundan başqa, yodlu duz yemək bişirilməzdən əvvəl qatılanda yodun bir qismi buxarlanma ilə yox olur. Duzdakı yoddan tam olaraq istifadə edə bilmək üçün duzun yemək bişəndən sonra əlavə edilməsi tövsiyə olunur. Yod çatışmazlığı ilə bağlı endemik zob xəstəliyi xüsusilə dağlıq və
dənizdən uzaq bölgələrdə yaşayan insanlarda müşahidə olunur (Şəki-Zaqatala bölgəsi).
2001-ci ildə “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul olunub və həmin Qanunun 8.3-cü maddəsinə əsasən yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan
Respublikasına idxalı qadağandır.
► Normal ürək döyüntüsü, qan təzyiqinin tənzimlənməsi, əzələlərin hərəkəti üçün kalium önəmlidir. Bu maddə maye və mineral müvazinətini saxlayır. Kifayət qədər meyvə-tərəvəz qəbul etməyəndə, onun çatışmazlığı hiss edilməyə başlayır. Portağal şirəsi, kartof, qovun, banan, alça, quru meyvələr, süd kalium mənbəyi hesab edilir.