UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Məktəblilərin ağız boşluğu gigiyenası

Uşaqların məktəb yaş dövrü digər dövrlərdən stomatoloji xəstəliklərin - karies və paradontun iltihabi xəstəliklərinin inkişafının yüksək artımı ilə fərqləndirilir. Məhz bu yaş dövründə (6 və 18 yaşlararası) bütün profilaktik tədbirlərin aparılması daha effektiv olur. Profilaktik tədbir olaraq təyin olunmuş yaş dövrlərində icbari dispanserizasiya zamanı məktəblilərin stomatoloqların qəbulunda olmaları xüsusi diqqət tələb edir.

Uşaqların icbari dispanserizasiyası üzrə 1-8-ci siniflərdə ildə 1 dəfə stomatoloqun baxışı nəzərdə tutulub. Əsas stomatoloji xəstəliklərin yaranması və inkişafının səbəbləri haqqında bilik səviyyəsinin artması imkan verir ki, onları bu haqda məlumatlandıraraq, bu xəstəliklərin əhəmiyyətli dərəcədə azalmasına kömək edək. Hər hansı bir gigiyenik proqramın əsası, yəni mütləq komponenti - əhalinin gigiyenik təlimi (tədris) və maarifləndirilməsidir. Məhz məktəb yaş dövründə uşaqların maarifləndirilməsi ən yaxşı effekt verir.

Ağız boşluğuna düzgün gigiyenik qulluq yalnız kariesin deyil, həm də diş ətinin iltihabi xəstəliklərinin yaranmasının və inkişafının qarşısını alır. Profilaktik tədbirlərin məqsədi məktəb yaşlı uşaqlara ağız boşluğuna qulluq bacarıqlarının öyrədilməsidir. Bu zaman uşaqlara diş fırçası və diş məcunu nə üçün istifadə edilir, karies nədir, nəyə görə stomatoloqun yanına gedilir, dişlər möhkəm və sağlam olsun deyə nə etmək lazımdır, dişlərin quruluşu və formaları haqqında məlumat verilir. Buna görə də bu işlər zamanı uşaqlara dişlərin düzgün təmizlənməsini modellər üzərində başa salmaq lazımdır. Müntəzəm olaraq dişlərin təmizlənməsi ağız boşluğunu qida qalıqlarından və yumşaq diş ərpindən təmizləyir.

Kariesin və stomatoloji xəstəliklərin yaranmasının profilaktikası üçün tədbirlər:
1. qəbul olunan qidada şəkərin miqdarını azaltmaq
2. balanslaşdırılmış qidalanma
3. meyvə, tərəvəz qəbulu (ÜST-nin tövsiyələrinə əsasən gündə 400 q-dan az olmayaraq)
4.  ağız boşluğu gigiyenasına əməl etmək (mikrobların əmələ gəlməsi üçün orta hesabla 12 saat vaxt tələb olunur, buna görə də dişləri gündə iki dəfə (səhər və axşam yeməkdən sonra)
təmizləmək (flüor tərkibli diş məcununun istifadəsi məsləhət görülür)
5. flüor tərkibli suların, duzun, südün, qarqaraların istifadəsi (flüor diş minasını möhkəmləndirir və kariesin yaranmasının qarşısını alır)
6. ildə 1 dəfə stomatoloq qəbulunda olmaq