UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Səmərəli qidalanma nədir?

Qidalanma orqanizmin daxili mühitinin sabitliyini təmin edir və onun həyat fəaliyyətini (böyümə, inkişaf, orqan və sistemlərin normal funksiyası) daim normal səviyyədə saxlayır. Səmərəli qidalanmanın təmin olunması üçün gündəlik qida payı aşağıdakı tələblərə cavab verməlidir:

1. qəbul olunan qida payının verdiyi enerji orqanizmin sərf etdiyi enerjini ödəməlidir (qida kəmiyyətcə tam dəyərli olmalıdır);

2. qida payı keyfiyyətcə tam dəyərli olmalı, onun tərkibindəki zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələrin miqdarı və nisbəti orqanizmin fizioloji tələbatını ödəməlidir;

3. gün ərzində yeyilən qida qəbul saatlarına görə düzgün bölüşdürülməklə, qidalanma rejiminə əməl edilməlidir;

4. qida termiki işləmədən düzgün keçirilməli, ona xoş dad, ətir və görkəm verilməklə rəngarəngliyi, müvafiq temperaturu, qida maddələrinin daha yaxşı həzm olunması, mənimsənilməsi və doymaq hissinin yaranması təmin edilməlidir;

5. yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və termiki işləmə zamanı sanitariya qaydalarına ciddi əməl edilməklə, bu yolla baş verə bilən qida zəhərlənmələrinin, infeksiyaların və helmintozların qarşısı alınmalıdır.
Böyüməkdə olan orqanizmin nisbətən qısa dövr ərzində qidalanmasına olan fərqləndirici yanaşma bir sıra səbəblərlə əlaqədardır. Məsələn, müxtəlif yaş dövründə qida məhsullarına və enerjiyə olan tələbat fizioloji və biokimyəvi xüsusiyyətlərdən asılıdır. Cinsdən asılı olaraq enerji mübadiləsində olan fərq müəyyən edilmişdir. Eyni fəaliyyət növü zamanı oğlanlar qızlara nisbətən daha çox enerji sərf edirlər. Bu fərq xüsusən yeniyetmə yaşlarda artır.

Formalaşmaqda olan uşaq beyni müxtəlif həcmdə məlumat mənimsəyir. Bununla əlaqədar olaraq qidaya olan tələbatı müəyyən edərkən həm fiziki yüklənməni, həm də əqli gərginliyi nəzərə almaq lazımdır. Səbəbindən asılı olmayaraq (urbanizasiya, radiasiyanın artması, qida keyfiyyətinin yaxşılaşması) bioloji yetkinliyin sürətlənməsinin əsasında məhz mübadilə prosesləri səviyyəsinin xeyli artması əsas rol oynayır. Uşaq müəssisələrində səmərəli qidalanmanın ən vacib məsələlərindən biri onun düzgün təşkil olunmasıdır. Sübut edilmişdir ki, normal mədə ifrazatı üçün vacib şərt qida qəbulları arasındakı müəyyən olunmuş fasilələrin ciddi gözlənilməsidir. Bu tələbə riayət olunmayanda həzm prosesləri pozulur, iştaha azalır. Müxtəlif qida qəbullarının vaxtı uşaq müəssisəsinin iş rejimi ilə müəyyən edilir.

Uşaqlara hər bir fasilədə qida verilməməlidir. Uşaq müəssisəsinin iş şəraiti, milli və iqlim xüsusiyyətlərdən asılı olaraq kalori bölgüsündə ± 5% hüdudunda tərəddüdə yol verilir. Uşaq müəssisəsinin gün rejimində müxtəlif qida qəbullarının davametmə müddəti müəyyən edilir: səhər və şam yeməyi üçün davametmə müddəti 15-20 dəq., nahar üçün 20-25 dəq. kifayət edir. Yeməkxanada sakit, rahat şərait (mühit), süfrənin hazırlanması, xörəklərin xarici görkəmi, onların tamı (dadı) - hamısı uşaqlarda müsbət emosiya oyatmalıdır. Birinci və ikinci xörəklər isti (50ºC) verilməlidir.