UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Dönüş

Gözlərini açanda gördü ki, parkda ağacın altında skamyada oturub. Nə qədər çalışsa da, bura necə gəldiyini xatırlaya bilmədi. Başında küt ağrıya bənzər burulğan dövrə vurur, bütün bədəni ağırlaşmışdı.

Birtəhər ayağa qalxıb evlərinə doğru addımladı. Qəribədir, yol həmin yol, ancaq ətraf fərqli idi. Buradan dünən keçdiyini dəqiq xatırlayırdı. Ancaq bu hündür bina bir gecədə tikilə bilməzdi axı. Addımlarını yeyinlədib evə tələsdi. Daha ətrafa baxmırdı ki, qorxu hissi onu tam əsarətinə almasın. Ona elə gəldi ki, onu bu anlaşılmazlıqdan anası xilas edə bilər.

Yaşadığı binanın qabağında dayandı. Özünü inandırmağa çalışdı ki, qapının rəngi həmişə mavi olub. Keçən il atası ilə birgə əkdiyi tut ağacı da bircə günə bütün həyətə kölgə sala bilib.

Əlləri əsə-əsə qapının zəngini basdı. Qapı açıldı, ancaq onu kimin açdığı görünmədi. Eləcə açıldı, vəssalam. Ayaqqabısını çıxara-çıxara düşündü ki, bu gün niyə evə gec gəlməsinə səbəb tapmalıdır. Gödəkçəni çıxardı. Amma nəyə görəsə nə atası, nə anası yaxınlaşıb soruşmadı ki, bu nə vaxtın gəlməyidir. Üçüncü gün idi ki, evə gec gələndə az qala üstünə şığıyır, harda olduğunu soruşurdular.

Azər Qismət

Çox qəribədir, bayaqdan mənzilə girib, amma kimsə üstünə gəlmir. Elə mətbəxdə söhbət edirlər. Barmaqlarının ucu ilə otağına keçdi ki, onun nə vaxt gəldiyini bilməsinlər. Soruşsalar, desin ki, “çoxdan gəlmişəm ki”. Onlar da düşünsünlıər ki, “yazıq uşaq çoxdan gəlib, biz də düşmüşük üstünə”.

Otağının qapısını açmaq istədi. Qəribədir, qapıdan onun fotosu asılmışdı. Üstünə də qara lent sarınmışdı. “Əcəb zarafatdır”, - deyə gülümsəyib içəri keçdi. İşığı yandırmadı, çıqqıltıya tez gələrlər. Elə uzansın, üzünü də divara çevirsin. Guya yatıb. Köynəyini çıxara-çıxara pəncərədən bayıra baxdı. Uca-uca binaların işıqları sayrışırdı. Sağ tərəfdə stadion da tikilmişdi. Deyəsən, “Qarabağ-Neftçi” oyunu gedirdi. Tamaşaçılar qışqırır, şeypur səsi lap zəhləsini tökürdü. “Yox, üzümü divara çevirib özümü yatmışlığa vurum”. Uzandı. Üzünü də divara çevirdi. Birdən qəfildən qalxıb pəncərədən bayıra baxdı. Axşamüstü üç məhəllə aralıda yaşayan Şahinlə görüşməyə gedəndə, dar cığırdan keçmişdi. Beş saatın içində binalar hardan tikildi? Hələ stadion iki ilə tikilərdi, bəlkə də üç aya, amma daha beş saata yox da.  

Yenə uzandı. Ayağına nəsə dəyir, rahat uzana bilmirdi. Telefonun işığını yandırıb baxdı. Çarpayının ucunda qara qutu qoyulmuşdu. Açdı. İçində paltarları, birinci sinifdə yazdığı əyrü-üyrü hərflər. Həyəcanlandı. Otağı telefon işığı ilə nəzərdən keçirdi. Divarlara uşaqlıq və yeniyetməlik şəkilləri vurulmuşdu, üstündə də qara lentlər.

“Anlamadım”, - deyə pıçıldadı. Mətbəxdən ata-anasının səsi eşidilirdi. Yenə barmaqlarının ucu ilə otaqdan çıxıb mətbəxə doğru addımladı. Tindən içəri baxdı. Beli bükülən qarı və əsalı ağsaqqal oturub stoldakı torta baxırdılar. Tortun üstündə sarı şam yanırdı. İçəri girmək istədi ki, bu adamların kim olduğunu öyrənsin. Lakin qadının əllərini dizinə qoyması, ona kimisə xatırlatdı. Yadına düşdü ki, anası da əllərini belə qoyur. Diqqətlə gözlərinə baxdı. Bu ki anasıdır. Bu beş saat ərzində burda nə baş verib? Əsalı kişi isə hey ösküürdü. Sonuncu öskürmədə əsası yerə düşdü. İstədi içəri girib əsanı götürüb ona versin, baxdı ki, az qala yüz yaşlı qoca onun atasıdır.

Qadının pıçıltısını eşitmək üçün təzədən yataq otağına girib pəncərəni bağladı ki, şeypurun səsi eşidilməsin.

-Ondan gizlin, Şahinin kim olduğunu öyrənmişdim. Kaş, ondan əvvəl güdəydim ki, hara gedir. O əclaf nə qədər adamı bədbəxt etdi. Oğlumuzu da o öldürdü. Yazıq uşaq içəri girəndə görürdüm ki, gözləri qızarıb. Kaş, əvvəlıdən güdəydik.

Kişi əsasını götürdü. Yenə öskürək tutdu, ağzını dəsmalla silib pıçıldadı:

- Sağ olsaydı, bu gün şamı özü söndürərdi.

- Bir dilim də yeyib çayla içərdi. Ana qurban soyuq məzarına. Yəqin soyuqdur sənə, işığı sönən balam.

Qəfildən hiss etdi ki, skamyada oturub, başqa oğlan isə uzanıb. Yarıaçılı gözlə baxdı ki, oğlanın ağzından ağımtıl maye axır. Oğlana baxdı, baxdı, qəlbi uçundu.

Skamyada uzanan oğlan ayıldı. Telefonun selfi hissəsində özünə baxdı. Ağzındakı qurumuş mayeni sildi. Saçını düzəltdi. Gözlərinin içi qırmızı idi. Yaxındakı şəhid bulağında əl-üzünü yudu. Durduğu yerdən üç məhəllə aralıya addımladı. Şahini çayxanada domino oynayan yerdə gördü.

- Bir də o dərmandan versən, qabırğanı sındıracam.

- Özün yalvarırdın ki...

Telefonun nömrəsini sındırdı. Məhəllədəki dar cığırdan keçib evlərinə doğru tələsdi. Tut ağacı böyüməmişdi. Gülümsədi.

Azər Qismət