UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Quyu

Hər məhəllənin dalanı olmalıdır. Məhəllə insan bədəninə bənzəyir. Dalanlar damarları xatırladır. Günəşin düşə bilmədiyi dalanlar hərəkət etmək üçün rahatlıq yaradır. Ən əsası isə iki evi bir-birindən ayırır. Pəncərə qoymağa imkan olur. Evdəki adamlar sinə dolusu nəfəs ala bilir...

Gecə üç-dörd arası sısqa bədənli, nimdaş geyimli, çal saçlı Kamran mal paylayan Elşənin dalana baxan pəncərəsini döydü. Bədəni əsir, damarlarının üstündəki nöqtə boyda yaraları qaşıyırdı. Elşən pəncərəni açıb üzü görünmədən sağ əlini uzatdı. Kamran bir neçə əzik pulu onun ovucuna basdı. Əl yumuldu və qaranlıqda yox oldu. Beş dəqiqə keçməmişdi ki, həmin əl yenidən göründü. Əl açılanda su görmüş səhra adamı kimi Kamran Elşənin ovucundakı sellofana bükülmüş malı qamarladı.

-  Sabah gələcəyəm, - desə də, qarşı tərəfdən səs çıxmadı.

 Beş-on metr yeridi. Dizlərini qatlayıb divara söykəndi. Qurumaqda olan nazik ağac budağına bənzəyən damarını tapmağa çalışdı. Heç nə alınmadı. Ciblərini eşələdi. Rezini tapanda gülümsədi. Sol əlinə bağlamaq üçün rezinin bir ucunu dişi ilə, digər ucunu da digər əliylə sıxdı. Evdən götürdüyü qaşığa ağ tozu tökərək altını alışqanla yandırdı. Əlləri titrədiyindən işi rahat görə bilmirdi. Alnında əmələ gələn tər damcılarını silməyə vaxtı yox idi. Bu dəqiqə ürəyi yerindən çıxacaqdı. İynə damarına sancılanda gözlərinə işıq gəldi. Əlləri boşaldı. Şpris əlindən düşdü.

Yuxuda Kamranın arxasınca borc yiyələri qaçırdı. Əllərində bıçaq, yaba, balta vardı. O isə qaça-qaça qışqırmağa çalışırdı. Nə qədər eləsə də, səsi çıxmadı. Yavaş-yavaş sürəti azalırdı. Arxasından qaçanlar ona çatmaqda idi. Dar dalana çatanda hərəkət edə bilmədi. Sanki bataqlıqda çapalayırdı. Ayaqlarına baxdı. Ağac kötüyü kimi əyri-üyrü barmaqları görəndə qorxdu. Qışqırmaq istəsə də, alınmadı.

Bir də ayıldı ki, səhər açılır, hansısa köntöy xoruz onu dərin yuxudan oyadıb. Qıc olmuş bədənini qaldırmaq üçün divara dayaqlandı. İlk cəhddə qalxa bilməsə də, növbəti təkanda istəyinə nail oldu. Üst-başını çırpıb səkkiz vura-vura getdi.

Yeni gün başlamışdı. Amansız vaxt at belində uçurdu. Gecəyə qədər pul tapmasa, ağrıdan ölə bilərdi. Çox adamdan borca pul almışdı. Çox insana yalan danışmışdı. Döyüləcək qapıların hamısını döymüşdü. Evdə satıla biləcək bütün əşyaları satmışdı. Evdən döyüb qovduğu yoldaşının pal-paltarına kimi hər şeyi pula çevirmişdi. İndi nə etsin? Hara getsin? Bu düşüncələrlə parkdakı oturacağa yayxanıb qalmışdı. Parkdan keçənlərin birindən siqaret alıb yandırdı. Tüstü ciyərlərinə dolub çıxanda başı gicəlləndi. Dünəndən ağzına bir tikə qoymayan Kamranın gözlərinə xırda-xırda ulduzlar göründü. Ciblərini ələk-vələk edəndə qəpiklərin səsi gəldi. Yaxınlıqdakı mağazadan çörək alıb ləzzətlə yedi. "İndi axtarmaq olar",- deyib ayağa qalxdı. Motor ustası Fazilin yanına getdi. And-aman eləsə də, heç bir nəticə olmadı. Dilxor halda bir zamanlar sinif yoldaşı olmuş Şahidin yanına yollandı. Onu görcək sevindi. Yaltaq it kimi əldən-ayaqdan getdi.

- Şahid, qardaşım, əzizim, bilirəm sənə xeyli borcum var. Amma söz verirəm ki, qəpiyinə qədər qaytaracağam. "Sən öl" demirəm. Özüm ölüm, gələn həftə pul səndədir. Qardaşına iyirmicə manat da versən, o işığa kor baxım,  gələn həftə kartına atacağam. Qaytarmayan nakişidir.

Şahid onu başından eləmək üçün beş manat verdi. Heç nə demədi. Kamran bunu vecinə almadı. Çoxdan belə şeylərə öyrəşmişdi.

Bircə lazım olan məbləği toplamaq haqqında düşünürdü. Beşcə manatı çatmırdı. Dilənməyi də yoxlamışdı. Əvvəl-əvvəl üç-beş manat olurdu. İndi onu da vermirlər deyə çarəsiz bu işdən əlini üzmüşdü.

Günorta oğurluq etməyi düşündü. Bütün körpülər uçmuşdu. Bədəni isə yavaş-yavaş beyninə həyəcan siqnalı ötürürdü. Günün günorta çağı kanalizasiya lyukunu oğurlamağa cəhd etsə də uğursuz oldu. Qonşulardan kimsə təsadüfən onu gördü və nə etdiyini soruşdu. Bəhanələr gətirməyə çalışdı. Alınmadı. Adamlar ona baxanda narkoman olduğunu anlayırdılar. Qonşu abrını ətəyinə bükdü. Kamran isə artıq heç nə eşitmirdi. Qonşu buna lap əsəbləşdi. Arxasına bir təpik vuraraq onu məhəllədən qovdu.

Şalvarının arxasında ayaqqabı altlığının izi görünən Kamran ümidsiz halda küçələri gəzirdi. Birdən uzaqda "Lada" markalı maşına gözləri sataşdı. Baqajlığı açıq qalmışdı. Sahibi paltaryuyan ustası Rasim idi. Maşını işlək vəziyyətdə qoyub həyətə keçən Rasim qayıdanda gözlərinə inanmadı. Baqajlıqda paltaryuyanın motoru yox idi.

Həmin gün Kamran motoru sataraq dincələ bildi. Səhər yenidən açılanda isə cibində bir qəpik belə qalmamışdı. Hər gün olduğu kimi bugün də axtarışlara başladı. Həmən lyuk qapağını oğurlamaq ilk planı idi. Sübh tezdən məhəllədə heç kim yox idi. Lyuk qapağını qaldırmaq istəyəndə içindən keçən kabelləri gördü. Onları da yolüstü oğurlamaq üçün quyuya düşdü. Kəsib götürmək istəyəndə hər tərəfin anidən qaranlıqlaşmağına birinci inanmadı. Elə bildi canını tapşırıb. Qışqırdı. Səsi əks-səda verdi. Canına qorxu düşdü. Yuxarıdan səs gəldi:

- Mənəm, Rasimdir. Maşını quyunun üstündə saxlamışam. Elə bilirdin oğurluq sənə asan başa gələcək? Elə bilirdin bilməyəcəyəm sənsən? Motoru satanda bilmirdin ki, hər şeydən xəbər tutacağam?

- Rasim, başına dönüm. Ayağının altında ölüm. Burax məni. Söz verirəm, qaytaracağam.

- Yalan danışırsan. Səni tanımıram mən? Narkoman şeysən. İt də tanıyır səni, qurd da.

- Rasim, sən o iki balanın canı, səni Allaha and verirəm, burax məni. Nə desən, edərəm.

- Səhərə kimi maşını burada saxlayacağam. Düşdüyün quyuda qoy ağlın başına gəlsin, heç olmasa bir gecə o zəhrimardan uzaq ol, əməllərini bir-bir yadına sal, utan özündən... Şərəfsiz!...

Kamran hey dil töksə də, Rasim ona fikir vermədi. Qonşulara da tapşırdı ki, heç kim yaxın getməsin. Səhər açılanda gəlib maşını aparacaq.

Sübh tezdən Rasim həyətə düşüb maşını qırağa sürdü. Sonra əyilib quyuya baxdı. Kamranın əvəzinə üzü işığa sarı cansız, qupquru, gözləri açıq bir siluet baxırdı...

Nemət Mətin