UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Təyinatla işlədiyim kənd məktəbində maraqlı hadisələrlə üzləşirdim. Yazmağa həvəsim olduğundan bu hadisələr haqqında kiçik xəbərlər hazırlayır, qəzetlərə göndərirdim. Yazmağa orta məktəbdən başlamışam. Riyaziyyat müəllimi olsam da, yazmaq həvəsim hər gün artırdı. Yazı-pozu ilə məşğul olduğumu öyrəndikcə kənd camaatının mənə qarşı münasibəti dəyişirdi. Bəzən məndən kəndin sosial problemləri haqqında məqalələr yazmağı xahiş edirdilər.
Bir gün dərsdən sonra, axşama yaxın kirayə qaldığım evin sahibəsi Əfruz xala qapını döyüb:
- Bala, Vəliağa gəlib, səni soruşur.
Vəliağanı yaxından tanımasam da bir neçə dəfə görmüşdüm. Qızını – Pakizəni məktəbə gətirər, rastlaşanda salamlaşar və sürətlə geri qayıdardı. Qırx beş-əlli yaşında çəlimsiz bir adamdır.
- Zəhmət olmasa, deyin gəlsin.
Beş dəqiqə keçməmiş Vəliağa içəri daxil oldu.
- Xoş gəlmisiniz, - əlimi uzatdım. Əlimi iki ovcuna alıb mehribanlıqla:
- Müəllim, yazılarınızı oxuyur, çox bəyənirəm. Uşaqların asudə vaxtları haqqında məqalənizi də oxudum. Üzünüzə demək olmasın, ürəyimizdən tikan çıxarmısınız. Vallah, gənclərimizin gələcəyi məni də çox narahat edir. Heyif ki, yaza bilmirəm.
Vəliağanın yazımı oxuması məni çox sevindirdi. Demək, zəhmətim hədər getməyib.
- Çox sağ olun, Vəliağa. Sizə necə kömək edə bilərəm?
- Sizdən xahişim var, istəyirəm açıq danışım.
-Buyurun.
- Cavanlıqda pis vərdişlərim oub. İndiki terminlərlə desək, narkotik aludəçisi olmuşam. Şükür Allaha ki, indi düz yoldayam. Hazırkı zamanda gənclərin bir hissəsi arzuolunmaz yollardadır. Bu məni narahat edir. Xahişim budur, danışım, Siz ona necə deyərlər, bəzək-düzək verin. Qoy cavanlar oxusunlar, acı talelər yaşamasınlar, yuvalar dağılmasın, ocaqlar sönməsin.
- Bilirsiniz, mən yazıçı deyiləm, riyaziyyat müəllimiyəm. Başınıza gələnləri yazmaq mənə çətin olar.
- Müəllim, mən məqalələrinizi oxuduğuma görə düşünürəm ki, haqqımda yaza bilərsiniz.
Vəliağa danışmaq istəyəndə Əfruz xala iki stəkan pürrəngi çay gətirdi.
- Çayımızı içək, sonra danışın. - dedim.
O, müəllim qarşısında dərs danışan şagird görkəmi alaraq sözə başladı:
- Orta məktəbdə yaxşı oxuyurdum. Valideynlərim, müəllimlərim ali məktəbə qəbul olunacağıma inanırdılar. Çünki çalışqan idim, kitab əlimdən düşməzdi. Belə də oldu. Mühəndis olmaq üçün imtahan verdim, qəbul olundum. Kasıb ailədə böyümüşdüm. Atam yol idarəsində fəhlə işləyirdi. Anamın daimi iş yeri olmasa da pambıq yığımına gedir, azdan-çoxdan qazanırdı. Mal-qara saxlasaq da, həyətdə göy-göyərti əksək də, dolanacağımız o qədər də yaxşı deyildi.
Ali məktəbə qəbul olunanda valideynlərim çox sevindilər. Avqust ayında mənə xərclik verib fəxrlə yola saldılar. Birinci dəfə idi ki, onlardan ayrılırdım. İlk günlər çox darıxırdım, amm tezliklə ayrı qalmağı öyrəndim. Otaq yoldaşlarımla mehriban yaşayırdıq. Dərsə gedib yataqxanaya qayıdır, ara-sıra Bakını gəzməyə çıxırdıq.
Mən təbiətən sakit, utancaq olsam da, çox intizamlı idim. Dərslərimə məsuliyyətli yanaşırdım. Birinci semestrin sonunda, Yeni il bayramında qrup yoldaşlarımızla pul yığıb bir kafeyə getdik. Spirtli içkilər də almışdılar. Həmin gün mən həyatımda ilk dəfə olaraq arağın dadına baxdım. Yüz qramdan sonra sanki səsim quyunun dibindən gəlirdi. Qıp-qırmızı qızarmışdım. Fəxrəddin dedi ki, araq sənə düşür, ona görə də qızarmısan. Dostumun bu fikri kefimi daha da kökəltdi. Yenə də içdim.
Səhər yerimdən güclə qalxdım. Başım çox pis ağrıyırdı. Özümə söz verdim ki, bir daha içməyəcəyəm. Ayın sonunda təqaüd alanda qrup nümayəndəmizin kafeyə getmək təklifindən bir bəhanə ilə imtina elədim.
Birinci kursda imtahanların hamısından dörd və beş qiymət aldım. Sevinclə rayona getdim, valideynlərimlə, müəllimlərimlə görüşdüm. Elə xoşbəxt idim ki...
Kənddə bir neçə gün qaldıqdan sonra Bakıya qayıtdım. Biz tələbə-inşaat dəstəsində işləmək üçün Tümenə getdik. Orada işləyənlərə yaxşı əmək haqqı verirdilər. Nijne Vartovsk şəhərinin yaxınlığındakı qəsəbədə məktəb binasının tikintisində işləyirdik. Komandirimiz rus əsilli Volkov soyadlı otuz-otuz beş yaşlı bakılı aspirant idi. Saçları seyrəlmiş toppuş kişiydi. Hər axşam işdən sonra qərargahın yanındakı otağa yığışar, Volkovun təşkilatçlığı ilə axşam süfrəsi açardıq. Süfrəmizdə də mütləq araq və çaxır olurdu. Sibir şəraitini, havanın soyuqluğunu, yorğunluğumuzu bəhanə edib içirdik. Bəli, mən də içirdim. Tələbə dostlarımın məsxərəsindən qorxub yavaş-yavaş onlarla ayaqlaşmağa çalışırdım. Yaxşı yadımdadır, bazar günü qəsəbənin mərkəzində möhtəşəm rəqs axşamı təşkil edilmişdi. Burada həm şəhər gəncləri və həm də o vaxtkı ittifaqın müxtəlif regionlarından gəlmiş tələbə inşaat dəstəsinin üzvləri – qızlar, oğlanlar toplaşmışdı. Məndən savayı hamı həvəslə rəqs edirdi. Bayaq dedim, təbiətən utancaq idim. Daxilimdə nə qədər istəsəm də, rəqs etmək üçün özümdə güc tapa bilmirdim. Birdən Fəxrəddinin səsini eşitdim:
- Ay əfəl, oxumaq deyil e... Bir az gözün açılsın da... Bakıda belə ceyranlar əlimizə düşməyəcək.
Mən:
- Bacarmıram, ömrümdə oynamamışam.
- Guya biz bacarırıq? Bizi də oynadan var. Cibindən bir “Kazbek” papirosu çıxarıb yandırdı, bir qullab vurub, al yoxla, - dedi.
Deyəsən, üzə düşdüm. Papirosun (sonradan öyrəndim ki, marixuana doldurulubmuş) tüstüsünü ciyərimə alıb buraxdım. Məni öskürək tutdu.
- Bir qullab da al, keçəcək.- Fəxrəddinin dediyi kimi etdim.
- Gəl dalımca.
Beş dəqiqə keçməmiş Fəxrəddinlə mən qızların ən gur yerində coşqu ilə rəqs edirdik. Həmin gecəki iki qullab mənə elə ləzzət elədi ki, həftədə 2-3 dəfə onu təkrarlamalı oldum.
Fəxrəddin məni uşaqlara tərifləyirdi;
-Halal olsun, nə qədər çəkir, içir, özünü itirmir.
Artıq marixuananın haradan, kimdən almağı bilirdim. Şəstlə cibimdə “Kazbek” qutusu gəzdirir, lazım gəldikdə dostlarıma da hədiyyə edirdim. Düşünürdüm ki, qrup yoldaşlarım mənim xətrimi çox istəyirlər. Axı mən “Canlara dəyən cayıl” olmuşdum.
Yaxşı yadımdadır, avqust ayının 24-də Bakıya qayıtdıq. İnşaat dəstəsində aldığım puldan qəpik-quruş qalmışdı. Birtəhər rayona getdim. Atam-anam necə də sevinirdilər. Yalandan dedim ki, əmək haqqımızı üç-dörd aydan sonra göndərəcəklər. Təsəvvür edin ki, göz açdığm, böyüdüyüm, bağlı-bağatlı, suyu-havası dərman kədimizdə üç gündən artıq qalammadım. Elə darıxırdım ki... Darıxmağmın səbəbini isə heç kəsə deyə bilməzdim.
İkinci kursa başladıq. Artıq evdən göndərilən pul, aldığım təqaüd mənə bəs eləmirdi. Deyəsən, bu zəhrimar mənim ağam olurdu. Çalışırdım, çəkməyəm. Üç-dörd gün çəkmirdim, sonra yenə düşürdüm “dostlar”ın tələsinə. Bir gün kənd poçtundan yataqxanaya zəng gəldi. Mənə dəhşətli xəbər çatdırıldı:
- Atan asfaltçəkən maşının altında qalıb.
Atamın ölümündən sarsıldım. Onsuz da pis olan maddi vəziyyətimiz daha da ağırlaşdı. Anam da xəstə idi.
Getdikcə dərslərə həvəsim azalırdı. Bəzən bəhanə taparaq instituta getmirdim. Tələbə yoldaşlarımda da mənə qarşı bir soyuqluq yaranmışdı. Maraqlıdır, məni nəşəyə öyrədən, tərifləyən Fəxrəddinlə Sərdar da məndən uzaq gəzməyə çalışır, məni özlərinə layiq bilmirdilər.
Qış semestri imtahanlarını birtəhər versəm də, yay semestrində beş imtahanın üçündən “qeyri-kafi” aldım. İkinci dəfə şans verildi, amma müsbət qiymət ala bilmədim. İnsitutdan xaric olundum, yəni, qovuldum.
Yavaş-yavaş dostlarım, tələbə yoldaşlarım məndən tamamilə soyudu. Bir müddət fəhlə yataqxanasında uzaq qohumum Ağaqədirin yanında qaldım. Sonra orda qalmaq da mümkün olmadı. Pal-paltarım köhnəlmiş, ayaqqabılarım deşilmişdi. Yeməyə də ki... Nə qədər onun-bunun boğazına ortaq olmaq olar? Həm də ki Ağaqədir otağın ikinci açarını məndən almışdı
Əlacsız kəndə qayıtdım. Allah elə bil məni qarğımışdı. Kasıb-xəstə anama arxa-dayaq olmaqdansa onun cüzi pensiya puluna möhtac olmuşdum. Heç nə etmək istəmirdim. Fikrim, xəyalım nəsə tapmaq, çəkmək, yemək, boş-boş danışmaq və yatmaq idi. Heç bir şey havayı deyil. Həm anamı, həm də kəndçilərimi aldatmışdım ki gözümdə problem olduğu üçün institutdan birillik möhlət götürmüşəm. Əslində sol gözüm çox zəif görürdü, ona görə də institutdan qovulduqdan sonra məni əsgərliyə aparmadılar.
O vaxt marixuanaya nəşə deyirdik. Onu rayon mərkəzindən – Səfərağadan alırdım. Bir dəfə fikirləşdim ki, tanışlarıma satmaq üçün bir az artıq nəşə alım. Səfərağaya dedim, satıb pulunu gətirəcəyəm. Dedi, “Problem yoxdu”. Fikirləşdim ki sataram, həm özümə havayı düşər, bir az da pul qalar.
Rayonun Qəssablar adlanan məkanına çatanda polislər məni saxladılar. Yaxşıca ilişmişdim. Məni bölməyə apardılar. Çək-çevirdən, xahiş-minnətdən sonra onlar məni yaxşı pul müqabilində buraxdılar – pulu çatdırmaq üçün iki gün vaxt verdilər. Məndə pul var idi? Anamı aldatdım ki, instituta bərpa olunmaq üçün filan qədər pul lazımdır. Yazıq bu xəbərə elə sevindi ki... Sırğalarını, boyunbağısını və hətta nişan üzüyünü satmaq üçün fərsiz oğluna verdi.
Həbsdən canımı qurtardım. Amma geс-tez həqiqət üzə çıxır. Gündən-günə dəyərsiz olurdum. İşləmək üçün cəhdlər edirdim, amma məni kim idi işə götürən?
Bir gecə yaxşı çəkmişdim. Kefim də kök idi. Gecə yarıdan keçmiş möhkəm acdığımı his elədim. Anamdan yemək tələb etdim. Anam:
- Ay bala, vallah quru çörəkdən başqa heç nəyimiz yoxdu.
- Cəhənnəmə olsun, gora olsun. Acından ölməliyəm?
-Get, işlə, qazan, gətir, ye.
- Bu xarabada iş var? Kimə deyirəm başın tutur. Bir də ki mən işləməyəcəyəm! – Qışqırdım, - mənə yemək gətir.- Anamı elə hirsləndirdim ki...
- Allah səni öldürsün.- dedi.
- Allah sənin kimi şikəst ananı öldürsün. – təsəvvür edirsiniz, mənim cavabımı?
Birdən elə vəziyyətə düşdüm ki, el dilində desəm, cin vurdu başıma. “Bu nə həyatdır, Allah, mənə vermisən? Özümü öldürsəm, canım qurtarar.” Elə əsəbiydim ki... köhnə tövləmizə tərəf addımladım. Əvvəllər inək bağladığımız kəndiri tapdım. Özümü asmaq qəti qərarım idi. Kəndirin bir ucunu tövlənin şifer vurulan dirəklərinin birinə keçirdim. Anam inəyimizi sağarkən oturduğu balaca kətili ayağımın altına qoydum. Kəndirin digər ucunu ilmək şəklində boynuma keçirdim. Sol ayağmı qaldırıb sağ ayağımla kətili aşırdım. Sən demə, kəndir çürükmüş, qırıldı və yerə yıxıldım. Daha da hirsləndim.
Qərarım qəti idi. Belə yaşamaq olmaz.
Köhnə, uzunboğaz çəkməmi tapıb geyindim. Atamdan qalmış, ətəyi süzülmüş sırıqlını axtarıb tapdım. Qayadan özümü Kürün burulğanına – nədənsə ora “Mat” deyirdilər – atmaq üçün yola düşdüm. Evimizdən Kür çayına qədər 700-800 metr idi.
Səhərin açılmağına az qalırdı. Quşlar şirin nəğmələrini oxumağa başlamışdılar. Yay səhərinin xəfif mehini hiss edirdim. Günəşin doğması necə də gözəl imiş. Çayın sahilinə yaxınlaşırdım. Cığırları böyürtkən kolları, qarağan, yulğun basmışdı. Budur, Kürün lap sahilindəyəm. Bir neçə dəqiqədən sonra hər şey qurtaracaq. Mənim üçün dünyanın gözəllikləri də olmayacaq, yaşamaq əzabları da...
- Vəliağa, sabahın xeyir. Xeyir ola, sübh tezdən balıq tutmağa gəlmisən?
Qaryağdı əmiydi, çoban Qaryağdı.
- Sabahın xeyir, Qaryağdı əmi.
- Nə yaxşı, burdasan?
Utandım həqiqəti deməyə.
Qaryağdı əmi zəhmətkeş, ağıllı bir kişidir. Həm öz qoyunlarını, həm də pul müqabilində kənd camaatının qoyunlarını otarırdı. Yay-qış bilməzdi. Zəhməti ilə ev-eşik sahibi olmuş, balalarına gün ağlamış, onları yerbəyer etmişdi. Budur, səhər açılmamış sürüsünü gətirmişdi Kürün sahilinə otarmağa.
- Eşitdim, iş axtarırsan, tapdın bala?
- Yox, ay əmi, iş qəhətə çəkilib.
- Bəlkə, gələsən, birlikdə işləyək. Mənə kömək edərsən. Həm də evdə çoxlu kitablarım var. Vaxt tapanda oxuyarsan, mən də qulaq asaram. Qazancımızı da əmi-bala bölərik.
Elə bil yuxudan ayıldım. Heç kim mənə heç vaxt iş verməyəcəksə, Qaryağdının təklifinə niyə etiraz edim. Tutaq ki dünyanı tərk etdim, xəstə anamı kimsəsiz qoydum. Kimə nə olacaq? İntihar etdiyimə görə mənə haqq qazandıracaqlar. Nə olsun ki iki il ali məktəbdə oxumuşam. Bəlkə Allah özü Qaryağdı əmini mənim xilasım üçün göndərib.
- Yaxşı, Qaryağdı əmi.
- Onda götür bu çomağı, get qoyunları qaytar. Çomağı mənə uzadıb:
- Xeyirli olsun, bala. - dedi.
Çobanlıq asan iş deyilmiş. Qaryağdı əmimlə birinci iş günüm çox ağır keçdi. Dəhşətli dərəcədə yoruldum, az qala ayaq üztə yatırdım. Həm də stresdən tam çıxmamışdım.
Evə qayıtdım. Yazıq anam darvazanın ağzında boynunu büküb məni gözləyirdi.
Sübh tezdən Qaryağdı əminin səsinə oyandım.
- Ay Vəliağa, bu qədər yatmaq olar? Qoyun-quzuların səni gözləyirlər.
Tez ayıldım, paltarımı geyindim. Bayıra çıxdım. Qaryağdı əmiylə salamlaşdım.
Əlindəki zənbili balkona qoydu. İçində qatıq, süd, yağ, yuxa var idi. Bu vaxt anam da gəldi.
- Sara bacı, Vəliağadan arxayın ol. Maşallah, qoçaq oğlandı, belə bilməzdim. Hələ mənə “Koroğlu” dastanının yarısını da oxuyub. Bu gün qurtarmağa söz verib.
Tezliklə Qaryağdı əmiylə elə isinişdim ki... Deyirdi ki, ayağın yüngüldü. Sən gələndən sonra sürümüzün bərəkəti artıb. Axmaq və mənasız vərdişlərim haqqında heç düşüməyə belə vaxt yox idi. Bircə ay işləyəndən sonra evimizdə ərzaq sarıdan heç bir korluq çəkmirdik. Anam da dirçəlmişdi. Hər gün mənə dualar etdikcə, əzizlədikcə köhnə əməllərimə, səhvlərimə görə xəcalət çəkirdim.
İlahi, insanı alçaldan, hörmətsiz edən, şərəfsizliyə sürükləyən əməlləri mən necə etmişəm?
Çoban olduğum üçün utanmırdım, əksinə halal ruzi qazandığım üçün özümü xoşbəxt sanırdım. Bir neçə il işlədikdən sonra Qaryağdı əminin məsləhəti ilə anam onların uzaq qohumlarının qızına elçi getdi. Məni evləndirdilər. Xoşbəxtəm, ailəm, qızım var. Anam da bizimlə birlikdə yaşamaqla özünü bəxtəvər hesab edir.
Müəllim, əslində çox danışa bilərəm. Amma danışmağa da, yazmağa da vaxt lazımdı, əsas məqamlardan söz açdım. Bir də ki yazarkən insanların laqeydliyini qeyd edərsiniz. Nə ali məktəbdə, nə dost hesab etdiklərim, nə qohumlarım arasında mənə məsləhət verən, doğru yol göstərən, sahib çıxan olmadı. Əgər Allah Qaryağdı əmini mənə rast gətirməsəydi, yəqin ki indi burada olmazdım.
- Vəliağa, başına gələnlər, həyatının çətin anları məni çox mütəəsir etdi. Yəqin ki hələ düşündürəcək.
- Müəllim, inanıram mənim haqqımda yazınız çox maraqlı olacaq.
- Görüm, yaza biləcəyəm? Səncə, yazının adını nə qoysam yaxşı olar?
- “Qaryağdı əminin bəxşişi”. O, məni həyata, dünyaya qaytarıb, yenidən anama bəxş edib.
Vəliağa ayağa qalxdı, gözləmədiyim halda məni qucaqladı:
- Çox sağ olun, müəllim, görüşərik.
Vəliağa getsə də uzun müddət düçüncələrdən ayrıla bilmədim.
Coşqun Xəlil oğlu İbrahimli