UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Altıncı barmaq

Açarın şaqqıltısı, ardıyca cırıltı cəcindən sonra dəmir qapı aralandı.Tanımadığı kişiləri qapı ağzında görən cavan qadın bir addım geri çəkildi.Qolundan tutduğu 5-6 yaşında olan oğlan uşağı gah anasının ətəyindən tutub dartır, gah da ağzını büzüb üz-gözünü cürbəcür şəklə salır, iradəsiz halda əllərini və başını əyməklə səy-səy hərəkətlər edir, qırıq-qırıq, anlaşılmayan sözlər deyirdi. Qəfil gəlişdən özünü itirən qadın uşağı özünə tərəf sıxdı:

- Sizə kim lazımdır?

Hamıdan irəlidə dayanan Əli Zaminli  qamətini düzəldib cavab verdi:

- Kamil  Paşayevin  mənzili buradır?

Bu vaxt ortaboylu, çəlimsiz, üzünü tük basmış, daraq üzünə həsrət qalmış dağınıq saçları az qala boynuna kimi uzanan cavan oğlan əsəbi hərəkətlə qadını arxaya dartıb irəli keçdi:

- Eşidirəm sizi.

Yüngül bir itələmə ilə tirtap yerə uzanması şəksiz olan cavan oğlanın şəstlə,bir az da  yekəxana  danışığı Zaminlinin diqqətindən yayınmadı.Amma bu cür danışıqları eşitməyə adət etdiyindən söhbətə bir istilik gətirmək üçün zarafata keçdi:

- Sizdə Allah qonağını  qapı ağzından qaytarırlar?

Cavan oğlan mülki formada olan Zaminlini və yanında dayanan orta yaşlı kişini başdan-ayağa süzdü, istehza ilə güləndə siqaretdən sap-sarı saralmış dişləri göründü:

 - Niyə belə deyirsiz?  Xoş niyyətlə gəlmisizsə, deməli, evin yuxarı  başında yeriniz var - dedi və  kənara çəkilərək  əli ilə mənzilin içərisini  göstərdi, - Buyurun keçin.

Zaminli, ortayaşlı kişi, ardınca isə iki cavan polisin içəri keçməsi ilə cavan oğlana sanki od vurdular:

- Yox da, bu olmadı, biz belə danışmadıq. Bu cür Allah qonağı mənə lazım deyil. Xahiş edirəm mənzilimdən çıxın.Çıxın deyirəm sizə, gedin burdan.

Polis nəfərləri dərhal onun böyrünü kəsdirib dayandılar. Zaminlinin bir işarəsinə bənd idilər ki, onu qol-boyun edib yerə sərsinlər. Zaminli vəziyyətdən çıxış yolu kimi səsinin yumşaq yerinə saldı:

- Kamil, sən niyə narahatsan? Bəlkə, biz bura xoş niyyətlə gəlmişik. Bəlkə sənə və ailənə bir köməyimiz dəyə bilər. 

- Mənə heç kimin köməyi lazım deyil. Rədd olun evimdən.

Yaşlı, nurani simalı bir qadın yan otaqdan çıxdı. Zaminli ilə qadının baxışları toqquşdu. Qadın  günah etmiş uşaqlar kimi əllərini yana sallayıb başını aşağı dikdi. Kamilin bu hərəkəti cavabsız buraxıla bilməzdi. Qanunun sərt üzünü göstərməyin vaxtı çatmışdı. Zaminlinin  simasındakı təbəssüm bir andaca  əriyib yox oldu.

 - Kamil,bu cür hərəkətlərin yersizdir.Görürsən ki, polis əməkdaşlarıyıq. Mən rayon polisinin rəis müavini Əli Zaminliyəm, yanımdakı əməliyyat müvəkkili Anar Orucov və polis nəfərləridir.

Zaminlinin işarəsi ilə  Orucov əlindəki qovluqdan  bir  vərəq çıxarıb ona verdi.

- Buyur, yaşadığın evə baxış keçiriləcəyi barədə qərarla tanış ola bilərsən.

Kamil nə baş verdiyini anlaya bilmirdi. Qorxu dolu təəccüblə polis əməkdaşlarına baxmaqda davam edir, arada sağ əlinin içi ilə alnının tərini silir, qurumuş dodaqlarını yalayırdı.Yaşlı qadın Kamilin qolundan tutub iri otağa tərəf çəkib apardı. Zaminli və digər polis əməkdaşları həmin otağa keçdilər. Zaminli  sözünə davam etdi:

- Vətəndaş Kamil Paşayev, evdə qanunsuz narkotik maddə saxlamaqda və istifadə etməkdə şübhəlisiniz. Evdə narkotik maddə varsa, könüllü təqdim etməyinizi tələb  edirik.

Kamilin alnından muncuq kimi düzülən tər  damcıları hər iki yanağından üzü aşağı süzülürdü. Təkrar sorğuya da cavab vermədiyindən Zaminli şübhəli şəxs kimi Kamilin də iştirakı təmin edilməklə mənzilə baxış keçirilməsinə göstəriş verdi. Otaqlardan və mətbəxdən sonra polis əməkdaşları eyvana çıxdılar. Zaminlinin bütün nəzəri  orda, divara dayanmış tumbada idi. Orucov şəxsən tumbanı ələk-vələk etdi. Məyus halda  başını tərpədəndə Zaminlinin dalağı sancdı. Kamilin bərəlmiş gözlərlə tumbaya zillənməsi Zaminlinin nəzərindən yayınmadı. Vanna otağı da “təmiz” çıxdı. Sonuncu baxış keçirilən yer ayaqyolu oldu. Beş dəqiqəyə kimi orda yubanan Orucov çölə çıxanda Zaminlini kənara çəkib qulağına nəsə pıçıldadı. Əsəb keçirtdiyi hiss olunsa da, Zaminli təmkinini saxlamağa çalışırdı. Mənzilə baxışla bağlı protokol yazmaq barədə Orucova göstəriş verəndən sonra illərin yorğunu kimi otağın sol küncündəki əldə düzəlmə mizin kənarına qoyulmuş kətilə  çökdü. Sorğu dolu nəzərlərini bütün əməliyyat boyu səsini çıxarmadan  başını aşağı dikmiş yaşlı qadına yönəltdi.

...Həmin gün yağışdan sonrakı qızmar günəşin istisi havada bir boğanaqlıq yaratmışdı. Nahar yeməyindən sonra kabinetinə qayıdan Əli Zaminli əhvalında bir narahatçılıq hiss etdi. Sakitləşib beynindəki yorğunluğu çıxartmaq üçün Polis Şöbəsinin qarşı tərəfində olan bağa keçdi. Çox sevdiyi  nəhəng, qollu-budaqlı, sərinliyi onlarla adama bəs edən dəmirağacının altındakı bəzəkli taxta oturacaqda oturdu. Əllərini sinəsində çarpazlayıb ayaqlarını uzatdı, gözlərini yumub təxminən 700-800 metr aralıda olan dəniz tərəfdən gələn sərin mehdən doyunca ciyərlərinə çəkməyə başladı. Vaxtın keçən dəqiqələrini  hiss etmədi. Birdən qulağının dibində  həzin bir qadın səsi eşitdi:

- Ay  bala,qurbanın  olum, bir dəqiqə  vaxtını ala bilərəm?

Zaminli gözlərini açdı və qarşısında ağsaçlı, üzündən nuranilik tökülən, əsil Şərq xanımı kimi gözəlliyini, təravətini hələ də itirməyən ağbirçək bir qadın gördü və qeyri-iradi ayağa durdu. Tez qadının qolundan tutub oturacağa yönəltdi. Təxminən 65-70 yaşlarında olan qadının əynindəki paltar köhnə, rəngi solmuş olsa da, təmiz idi. Başına bağladığı qəhvəyi rəngli yaylıq ağ saçlarını quçağına almışdı. Onun qəmli-qüssəli, dərd adamı olması solğun simasından bilinirdi. Qadın astadan dilləndi.

- Oğlum, bağışla ki, istirahətinə mane oldum.

Zaminli xoş bir  təbəssümlə gözlərini ona zillədi.Qadın dərhal sözünə davam etdi:

 - Eşitmişəm rayona təzə gəlmisən, hamı da səni tərifləyir. Gəldim ki, bəlkə dərdimə bir çarə qılasan... Yaşımın da elə vaxtıdır ki, əcəl hər dəqiqə qapımı döyə bilər.   

- Buyur ana, eşidirəm sizi.

Qadın arıq, damarları şişib üzə çıxan əli ilə yaylığının ucunu azca dartıb arxaya verdi, ağarmış saçlarını qulaqlarının arxasında gizlətdi. Nəzərləri məchul bir nöqtədə ilişib qaldı, handan-hana sözə başladı:

 - Mən oğlumu tutdurmaq üçün sənin yanına gəlmişəm.

Zaminli eşitdiklərinin fərqinə vara bilmədiyindən duruxub qaldı, nə deyəcəyini bilmədi. Birtəhər özünü  toparlamağa çalışdı:

 -  Ananın oğlunu tutdurması təcrübəmdə az təsadüf olunub. Hər halda, səbəbi  maraqlıdır.

Qadın yaylığının ucu ilə alnını, yanaqlarını və çənəsini silib bir müddət ətrafa baxdı, sonra Zaminliyə tərəf çevrilib sözə başladı:

 - Mənim adım Xoşbəxt, soyadım Paşayevadır. Həyat yoldaşım rayonda ilk şirkət açanlardan olub. İmkanımız çox yaxşı idi, ailəmlə həsəd aparılası bir həyat yaşayırdıq, amma... Hər şey yoldaşımın qəfil ölümündən sonra dəyişdi. İçkidən, o zəhrimar araqdan onda qaraciyərin serrozu  tapıldı. Xəstəliyi bilinəndə artıq çox  gec idi. Rusiyada, İranda həkim qalmadı ki, ona baxmasın, xeyri olmadı. Nə qazanmışdısa hamısını özü ilə apardı. Həmin vaxtı qızım Nigar ailə qurub gəlin köçmüş, oğlum Kamil isə nişanlı idi. Ali təhsili olsa da, iş tapa bilməmişdi. Bir gün Kamil toy pulu qazanmaq üçün Rusiyaya getmək istədiyini dedi, naəlac razılaşdım. İkiillik ayrılıqdan sonra gecə-gündüz yalvar-yaxarıb onu geri qaytara bildim. Azacıq pul da gətirmişdi. Bir təhər onun üçün toy edib evləndirdim. Gəlinim Gülüş çox abırlı, həyalı, zəhmətkeş bir gəlindir, qızım qədər onu istəyirəm. Heyf o baladan, onu da bədbəxt elədim.Allah bunu mənə bağışlamaz.

Xoşbəxt xanım susdu, kövrəldiyi, hətta gözlərinin yaşardığı hiss olundu.Tez üzünü yana çevirib yaylığının ucu ulə gözlərini sildi, kövrək bir səslə üzrxahlıq etdi:

- Siz Allah bağışlayın. Dərdli  çox danışan olar, elə bilər ki, ondan başqa heç kimin dərdi yoxdur, hamı da borcludur ki, onu dinləsin.

Zaminli  fikrini cəmləşdirmək üçün ona yardım etdi:

 - Siz gəlinə neyləmisiz ki, o bədbəxt oldu?

 - Mən başı daşlı, mən qara günlü  neyləyə bilərəm ki? – qeyri-iradi səsinin tonu qalxdı və bunu özü də anladı. Peşmançılıq hissindən üzünə bir qızartı gəldi. Astaca sözünə davam etdi:

- Neylədi oğlum elədi... Xalxın qızı evimə ayaq basandan bu vaxta kimi bir gün görmədi. Bircə  oğul balası var, indi altı yaşındadır, həm laldı, həm də ağıldan kəm. Elə lova düşmüşük ki, uşağı müalicəyə də apara bilmirik. Bu dərdə daha dözmək olmur, ay bala.

Onun gözlərindən yaş gəlsə də, ağlamağı kənardan heç hiss olunmurdu. Zaminli məəttəl qalmışdı: səssiz-səmirsiz necə ağlamaq olarmış? Xoşbəxt  xanım yanıqlı bir səslə sözünə davam etdi:

 - Sən demə oğlum Rusiyadan narkoman kimi qayıdıb. Nə mən bilmişəm, nə də ki ,o vaxtı nişanlısı, indi isə arvadı olan Gülüş. Toydan sonra Kamilin bir işlə məşğul olmaması, hər gün evə sərxoş gəlməsinə bir müddət əhəmiyyət vermədim. Ta o vaxta kimi Gülüş  oğlumun  qollarında iynə yerlərinin durmadan artdığını, gecələr ağrı kəsici dərman kimi noxud boyda qara rəngli bir həb atdığını deyənə qədər. Sonralar ev əşyalarının bir-bir yox olduğunu gördük. İşə düzəlmək bəhanəsi ilə arvadının bütün qır-qızılını da  götürüb apardı.

Xoşbəxt xanım sol əlini irəli uzadıb dərisi soyulub yöndəmsiz halda bitişmiş adsız barmağını  Zaminliyə göstərdi:

- Pul verə bilmədiyim üçün barmağımdakı üzüyü istədi, imtina edəndə üzükdən tutub elə dartdı ki, barmağımın dərisi də onun əlində qaldı.

Zaminli hələ də təəccüblə onun irəli uzanmış barmağına baxırdı.Xoşbəxt xanım susdu. Heç biri danışmağa tələsmirdi. Bir azdan onun istehzalı səsi eşidildi:

- Sən qismətə bax, mənim adım Xoşbəxt, gəlinimin adı isə Gülüş. Mən xoşbəxtliyə, gəlinim isə gülüşə həsrət qaldıq...  Kəsəsi, indi oğlumun tutulmağını istəyirəm.

Xoşbəxt xanımın son xahişi şikayətə gəlməyini oğlundan gizlətmək barədə oldu. Razılaşdıqları kimi evə gedib oğlunun  eyvanda, tumbada gizlətdiyi tiryəki, onu əritmək üçün qaşıq və alışqanı, şprisi yerində görüb dərhal Zaminlinin verdiyi  nömrəyə zəng edərək şərtləşdikləri sözü  deyəndən sonra əməliyyat qrupu mənzilə daxil olacaqdı...

Orucov protokolu imzalatmaq üçün Kamilə təqdim edəndə Xoşbəxt xanım  başını qaldırdı və Zaminli ilə nəzərləri toqquşdu. Qadının üzündəki iztirabı, ağrını görməmək, duymamaq mümkün deyildi. Bütün bunlar  olmazın əzablar çəkib canı boğaza yığılan, son anda isə analıq  hissi hər şeyə qalib gələn, tumbada gizlədilənləri ayaqyoluna atmaqla yeganə oğlunu həbsdə görə bilməyən ananın keçirtdiyi  hisslər idi. Yalvarış dolu, imdad diləyən baxışı ilə Zaminlidən bağışlanmasını xahiş edirdi: “Neyləyim, ürəyimlə bacara bilmədim. Allah-təala səbəbsiz heç nə eləməz. Əgər bu altıncı barmağı mənə veribsə, deməli onu gəzdirməyə borcluyam, lap çirkin görünsə belə. Bağışla məni oğul!”

Zaminli mənzildən çıxanda Kamilə  ürək sözlərini deməyi də unutmadı:

- Özünə, anana, həyat yoldaşına yazığın gəlmirsə gəlməsin, heç olmasa xəstə oğlunu düşün, ona yazığın gəlsin. Belə getsə həbsxanada öləcəksən.

Bayaqdan  bütün diqqəti Zaminlidə olan uşaq qəfil atasına sarılıb hönkürtü çəkdi. İlk dəfə rastlaşdığı bu haldan şaşırıb qalan Kamil onu qucaqlayıb üz-gözünü duz kimi yalamağa başladı. Xoşbəxt və Gülüş təəccübdən yerlərində donub qalmışdılar. Zaminli mənzilin giriş qapısına tərəf addımladı. Arxadan Kamilin göz yaşları içində hiçqırıqla dediyi  və mənzilin divarlarında əks-səda verən sözləri eşidilirdi:

- Oğlum, bağışla məni, nə olar!.. Bax, söz verirəm! Söz verirəm ki, bir də o zəhrimara əl vurmaram. İnan mənə oğlum, inan!..

Qafar Cəfərli