UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
- Salam hər kəsə. Mənim adım Güneldir. 35 yaşım var. Hekayəmə lap başdan başlamaq istəməzdim. Elə ən ağrılı yerdən başlasam, yaxşıdır...
Telefon çağırışını bildirən kəsik səslər. Yaşlı həkim yuxulu-yuxulu telefonu açır. Gözucu telefonun ekranından görünən saata baxır. Saat gecə dördün yarısıdır.
- Alo. Bəli.
- Alo, həkim. Mənim vəziyyətim yaxşı deyil. Qanaxmam var. Yoxlanışa gələ bilərəm?
- Sən indi neçənci ayında idin? Bir yadıma sal görüm...
- Beşinci ay təzə tamamlandı.
- Heç yaxşı olmadı. Tez gəl UZİ-yə gir, görək vəziyyət necədir.
Vanna otağında daynanan qadın ayaqlarının arası ilə aşağı süzülən qan damcılarına baxıb hıçqırır. Mobil telefonu tutan əli titrəyir...
...Xəstəxana. Həkim hamiləni müayinə edir. Rəngi kağız kimi ağaran qadın sakit-sakit ağlayır. Gənc qadın o qədər arıqdır ki, elə bil bədəninin bütün əti yumrulanmış qarın boşluğuna yığılıb. Ayaq üstdə dayanan nisbətən yaşlı həkim eynəyini barmağı ilə düzəldib monitordakı ləkələrə baxır. Başını yelləyir:
- Yaxşı. Sakit ol. Demişdim axı, fəsadlar ola bilər. Onsuz da risqli hamiləlik idi.
Gənc qadın həkimin otağında onunla üzbəüz oturub hıçqırır:
- Mən bu uşağı istəyirəm, həkim. Kömək edin...
- Yenə nəsə eləmisən, düzünü de?
Qadın əlləri ilə başını tutub mızıldanır.
- Hə. Bir az. Lap az, bircə dəfə... Dözə bilmədim. Ağrılarım çox idi, həkim. Özümlə bacara bilmədim.
- Hm. Hamiləliyin təsdiqlənəndə sənə xəbərdarlıq eləmişdim axı. O zibili qəti istifadə eləmək olmaz. Söz vermişdin mənə.
- Hə... Düz deyirsiz.
Həkimin qarşısında diz çöküb əllərindən yapışır.
- Qurban olum. Sənə yalvarıram, həkim. Mənə kömək elə. Bizə kömək elə. Bir qələtdi eləmişəm, bir də olmaycaq. Ölsəm də, olmayacaq.
Həkim xəstəsini sakitləşdirib yerə baxa-baxa, astadan, amma qətiyyətllə danışır.
- Mən də istəyirdim bu uşaq salamat doğulsun. Bəlkə ona sarılıb düzgün həyata başlayasan. İstəməsəm, bu qədər riskin qabağında boyun olmazdım da. Amma qismət deyilmiş. Gecdir. Uşaq bətndə tələf olub. Çox güman ki, o zibilin təsirindən. Səni təcili əməliyyata götürməliyik. Uşağı bətndən götürməsək, qana zəhərlənmə verəcək. Uşaq əldən getdi, heç olmazsa səni qurtaraq.
Gənc qadın həkimə baxırdı, həkimin səsi get-gedə uzaqlaşır, əks-səda kimi səslənirdi qulaqlarında, sonra da görüntüsü əyildi, fokusdan çıxdı. Qadın həkimin əllərini buraxıb tirtap yerə sərildi.
Ayaqları arasından süzülən qan damcısı bəyaz paltarını qızardır.
Ağ işıq:
- Əlini ver, mənim balam. Qaçaq, qızım, qaçaq buralardan.
İşığın fonunda iki siluet əl-ələ qaçır. Biri qadındır, digəri uşaq. Hər ikisinin uzun ətəkləri və saçları uçuş-uçuşdur.
- Ana...
- Can ana...
- Əlimi buraxma. Üşüyürəm...
Qadın silueti uşağı qucağına alıb yerində rəqs edirmiş kimi fırlanır:
- Laylay dedim, yatasan, qızılgülə batasan.
Qızılgülün içində şirin yuxu tapasan.
Laylay balam, a laylay, körpə quzum a laylay...
Uzaqdan bir çağanın qışqırıq səsləri gəlir. Zəif ürək döyüntüsü. Bu səsin arasından eşidilən müxtəlif qadın səsləri:
- Qan çox gedir.
- Tampon... Qanı saxlamaq lazımdır.
- Biz xəstəni itiririk...
- Səni sevirəm, qızım, səni həmişə sevəcəm, bağışla məni... Bağışla... Allahım, sən böyüksən. Məni bu günahın içində tək qoyma...
Artan ürək döyüntüsü. Ağ işıq uzaqlaşıb qara ekrana keçir. Qara ekranda Azan səsi eşidilir. Hicablı bir qadın məsciddə Quran kitabını sığallayıb yerinə qoyur. Bu, həmin hamilə qadındır. O, dolmuş gözlərini silir. İnamlı addımlarla məscidin həyətindən çıxıb uzaqlaşır. Hüznlü səsi eşidilir: “Gör bir neçə il ötüb o gündən. Amma elə bil dünən idi. O vaxt qurban olduğum məni həyata qaytardı. Özümdə güc tapdım. Bir də patıya yaxın durmadım. Məni bu zibilə alışdıran ərimdən uzaqlaşdım. Allahın evinə sığındım. Özümə söz verdim, müalicələr aldım. Yenidən ailə də qurdum, amma nə qədər istəsəm də, ana ola bilmirəm. Hərdən həyət-bacada rastıma çıxan balaca qız uşaqlarına baxıram. Az qalıram onların saçlarını oxşayım... Özümü zorla saxlayıram. Deyirəm, görəsən, qızımın saçları nə rəng olardı, gülüşü necə səslənərdi... Mənə necə “ana” deyərdi...
Bugünkü həyatım həm pis vərdişdən qurtuluşum, həm də ömürlük cəzam oldu. Mən qızımın həyatı bahasına, analığım bahasına ikinci şansı qazandım. Dərmansız, iynəsiz, narkotiksiz, lomkasız həyatı...”
Müxtəlif məkanlarda avtomobildə, evdə, telefonda qadının kədərli səsini təəssüflə dinləyən insanlar – qadınlar, kişilər, gənclər, ahıllar... arzuları puç edən narkotikləri, o zəhərli maddələri lənətləyirdi!..
Günel radio mikrafonu qarşısında nitqini tamamlayır:
- Hələ ki, hekayəm burda sonlanır. Amma mən bilirəm ki, bütün sonlar bir başlanğıcdır. Mən mübarizəmi ölənə kimi aparacam. Yeni Günellərin var olmaması üçün əlimdən gələni əsirgəməyəcəm!
Onunla yanaşı əyləşmiş radio aparıcısı təsirlənmiş halda söhbəti yekunlaşdırır:
- Günel xanım, studiyamıza gəlib bizimlə öz həyat hekayənizi bölüşdüyünüz və bu gün bizimlə bərabər əzmlə “Narkotiklərdən istifadəyə yox deyək!” çağırışını səsləndirdiyiniz üçün sizə təşəkkür edirik. Əziz dinləyicilər, xatırladım ki, zərərli vərdişlərdən xilas olmaq üşün mübarizə aparmaq heç vaxt gec deyil. Siz də həyatınızı yenidən başlaya və bizim sosial layihə çərçivəsində adınızın anonim qalması şərti ilə hekayənizi bölüşə bilərsiniz!..
Günel Mehri